Bugünlərdə “Qəbələ”nin ev oyunlarını keçirdiyi arenada yenilik olub. Belə ki, 4500 azakeş tutumuna malik stadionda tablo quraşdırlıb. Xatırldaq ki, “qırmızı-qaralar”ın tutumu az, ancaq müasir standartlara cavab verən stadionu premyer-liqa matçlarına qucaq açandan arenada tablo quraşdırılmamışdı. Komandanın yalnız avrokubok matçları, daha dəqiq desək, 2014-cü ilə təsadüf edən Makedoniya təmsilçisi “Şiroki Briyeq” və bundan bir il sonra Tiflis “Dinamo”su ilə qarşılaşmalarında rəhbərlik stadionda tablonun olmasını təmin etmişdi.
Bəs görəsən, yeni tablo hara istehsalıdı və kluba neçəyə başa gəlib? Bu suala cavab tapmaq üçün “qırmızı-qaralar”ın Marketinq Departamentinin rəhbəri Səməd Nəsibovu aradıq: “Açığı, onun neçəyə başa gəldiyini və hansı ölkənin istehsalı olduğunu bilmirəm. Ancaq onu deyə bilərəm ki, müasir tələblərə cavab verir. Tablo “Gilan Holdinq” tərəfindən alınıb”.
“Qəbələ”dən söz düşmüşkən, klubun əvəzedicilərdən ibarət komandası mövsümün ikinci yarısına hazırlığı Bakıda davam etdirir. “Qırmızı-qaralar” yanvarın 18-də növbəti yoxlama oyununu keçirib. Emin İmaməliyevin baş məşqçisi olduğu komanda “Şüvəlan”la qarşılaşıb. “AZAL Arena”da baş tutan görüşdə hesab açılmayıb. Dünən istirahət edən əvəzedicilər bu gündən məşqləri bərpa edəcək. Bölgə komandası sabah “Keşlə”nin əvəzediciləri ilə qarşılaşacaq.
Xatırladaq ki, “qırmızı-qaralar” Qəbələdə keçirilən ilk yoxlama oyununda “Ağsu” ilə gücünü sınayıb. Həmin görüşdə 1-ci divizion təmsilçisi 2:1 hesabıyla qalib gəlib.
RƏŞAD