“UEFA-nın tanıdığı və təqdim etdiyi komandadan danışırıq”
Yığmanı qarşıda iki yoldaşlıq oyunu gözləyir. Yanvarın 27-də Antalyada bir araya gələcək milli ayın 30-da Moldova ilə qarşılaşacaq. Bu əsas komandanın Qurban Qurbanovun rəhbərliyi altında ilk oyunu olacaq. Fevralın 2-də isə yığma daha bir yoxlama matçında qüvvəsini sınayacaq. Əvvəlcə göstərilən tarixdə Gürcüstanla qarşılaşma planlaşdırılmışdı. Lakin sonradan klubların hazırlığını əsas gətirən gürcülər millinin Antalya hazırlığını ləğv etdilər. Belədə avtomotik olaraq, yoldaşlıq oyununun da baş tutması mümkünsüzə çevrildi. AFFA isə yığmaya fevralın 2-si üçün sınaqçı-rəqib tapdı. Belə ki, Qurbanovun komandası ikinci yoxlama görüşünnü Kosovoya qarşı keçirəcək.
Lakin rəqib kimi Kosovonun seçilməsi birmənalı qarşılanmadı və müzakirələrə səbəb oldu. Azərbaycanın bu ölkənin müstəqilliyini tanımaması əsas götür-qoy edilən məqamdı. Müstəqilliyi mübahisə doğuran ərazilərlə bağlı məsələlərə həssas yanaşmağımız isə normaldı. Düzdü, Kosovo FİFA və UEFA-ya üzv seçilib. Bu üzdən rəsmi yarışlarda üz-üzə gələcəyimiz halda kiminsə etiraz edəcəyi inandırıcı deyil. Bundan başqa, U-21 hazırda AÇ-nin seçmə mərhələsində Kosovo ilə eyni qrupdadı. Bu komanda artıq Bakıya səfər də edib. Ancaq onsuz da əsas millilərin yoldaşlıq oyunu FİFA-nın “pəncərə”sinə düşmür. Belə həssas məsələdə həmin qarşılaşmanın keçirilməsinə nə ehtiyac var idi?
AFFA-nın baş katibi Elxan Məmmədov “report”a açıqlamasında bu məqamla bağlı belə deyib: “Bu cür addımları atmazdan öncə Xarici İşlər Nazirliyi (XİN) ilə məsləhətləşirik. Çünki hər şeyi başa düşürük. Bu, bizim ilk addımımız deyil. Kosovo Futbol Federasiyası FİFA və UEFA-ya üzv olmaq üçün müraciət edən zaman bu məsələ AFFA rəhbərliyi səviyyəsində müzakirə olunmuşdu. Avropa Oyunlarında Beynəlxalq Olimpiya Komitəsinin üzvü kimi Kosovonun nümayəndə heyəti Azərbaycana gəlmişdi. Kosovo artıq FİFA və UEFA-nın da üzvüdü. Ötən il 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kosovo ilə bir qrupda yer almışdıq. Həmin vaxt püşkatmadan dərhal sonra XİN ilə müzakirələr apardım və onlardan da müsbət cavab aldıq. Kosovo Futbol Federasiyası da AFFA kimi FİFA və UEFA-nın üzvüdüsə, qaydalara hörmətlə yanaşmalıyıq. Bu üzdən bir neçə ay əvvəl Azərbaycan və Kosovo yığmaları arasında “Dalğa Arena”da rəsmi oyun təşkil edildi. Həmçinin millimiz Kosovoya səfər edəcək. İndiki halda isə bu, yoxlama matçıdı və 3-cü ölkədə keçiriləcək. Bunu da unutmamalıyıq. Görüş Azərbaycan və ya Kosovoda olsaydı, bu haqda düşünərdik. İndiki durumda isə problem görmürük. Təkrar edirəm ki, XİN ilə məsləhətləşmişik və müsbət cavab almışıq”.
Məsələ ilə bağlı millət vəkili Fazil Mustafanın fikirlərini öyrəndik: “Kosovo FİFA və UEFA-ya üzvdüsə, sabah biz onlarla eyni qrupda da ola bilərik. Ondan imtina edə bilmərik ki?! Ona görə də bu komanda ilə oynamağımız mümkündü. Bu gün həmin yoldaşlıq oyununun keçirilməsinə hər hansı şəkildə mane olacaq bir addım yoxdu. Anlayıram ki, Dağlıq Qarabağ məsələsini kimsə gündəmə gətirə bilər. Lakin bunun heç bir əsası yoxdu. Çünki söhbət Kosovo ilə diplomatik münasibətlərdən getmir. UEFA-nın tanıdığı və təqdim etdiyi komandadan danışırıq. UEFA sabah bizi bir qrupa salsa, onda nə edəcəyik? Türkiyə də Kosovo ilə oynadı, elə başqaları da qarşılaşıblar. Burda bir problem, narahatlıq üçün əsas görmürəm. UEFA bu ölkəni üzv qəbul etməsəydi, başqa məsələ. Ancaq qitə futbol qurumunun tanıdığı istənilən komanda ilə oynamaq hüququna sahibik. Buna görə heç kim irad səsləndirə bilməz”.
FARİZ