Sizin reklam burada

“Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da

Title
“Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da
Cavid Hüseynov toplanışın ilk yarısını dəyərləndirdi
Xəbər verdiyimiz kimi, “Qəbələ” yanvarın 17-də “Sürix”lə keçirilən yoxlama oyunundan sonra Antalyadakı təlim-məşq toplanışının birinci mərhələsini başa vurub. Rəhbərlik futbolçulara 3 günlük istirahət verib. Onların bir qismi vətənə qayıdaraq, ailəsinə baş çəkib. Kimisi də Lara qəsəbəsindəki “Trendi” otelində dincəlməyi üstün tutub. Xatırladaq ki, yanvarın 21-dən hazırlıq prosesinin ikinci – Bələk mərhələsi başlayacaq. Komanda bu dəfə hər il qaldığı “Qloriya Sereniti” otelində məskunlaşacaq. Fevralın 3-dək davam edəcək toplanışın qalan hissəsində Makedoniya “Rabotniçki”si (24 yanvar), Rusiya “Arsenal”ı (27 yanvar), Çexiya “Bohemians”ı (31 yanvar) və Makedoniya “Şkendiya”sı (3 fevral) ilə yoxlama oyunları baş tutacaq.
Bu arada “Qəbələ”nin kapitanı Cavid Hüseynov “Sürix”lə qarşılaşma və toplanışın ilk mərhələsi haqda fikirlərini açıqlayıb: “Təlim-məşq toplanışı yaxşı keçdi. Həm fiziki, həm taktiki hazırlıq üzərində çalışdıq. İki yoxlama matçında qüvvəmizi sınadıq. İlk oyunla müqayisədə “Sürix”lə görüş nisbətən ağır keçdi. Qarşılaşmada bəzi boşluqlar buraxdıq. Xüsusən ikinci hissədə oyunumuzu göstərə bilmədik. Amma bizim də şanslarımız çox oldu. Yüzfaizlik imkanlardan yararlana bilmədik. Ümumilikdə toplanışın ilk yarısını normal hesab etmək olar. Qarşıda hazırlığın ikinci mərhələsi var. İnanıram ki, həmin hazırlıq prosesində üzərimizdə çalışıb, bu çatışmazlıqları aradan qaldıracağıq”.
İsveçrə klubunun baş məşqçisi Ulrix Forte isə yetirmələrindən razıdı: "Çempionat fevralın 4-də başlayacaq. Ancaq demək olmaz ki, komanda bu gün meydana rahat çıxmışdı. Futbolçularımın hazırlıq matçına münasibətindən razı qaldım. Biz indidən yaxşı oyun göstərmək istəyirik. Çünki “Tun”la fasilədən sonrakı qarşılaşma çox vacibdi".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.