Ötən həftəsonu Misli premyer-liqasında 5-ci turun oyunları keçirildi.
“Qəbələ” – “Zirə”, “Kəpəz” – “Araz-Naxçıvan” matçlarını işıqlandırmaq məqsədi ilə Bakıdan yola çıxdım. “Qırmızı-qaralar”ın mövsümdə ilk qələbəsini qazandığı matçdan sonra Mingəçevirə yollandım. Məqsədim səfərimi daha məhsuldar etmək idi. Bilindiyi kimi, Mingəçevir 2023/24 “futbol ili”ndə eyniadlı komanda ilə 1-ci liqada təmsil olunacaq. Gecəni otellərin birində keçirəndən sonra bazar günü “Mingəçevir” haqda yerində məlumat əldə etmək məqsədilə stadiona yollandım.
Qarşılaşdığım mənzərə 1-ci liqa səviyyəsi üçün heç də pis deyildi. Bunu rayon camaatının qonaqpərvərliyi üzündən demirəm. Həqiqətən, həm əhalinin futbola marağının, həm də stadionun infrastruktur cəhətdən qənaətbəxş olması ürəkaçan durumdu. “Mingəçevir”in 1-ci liqaya buraxılması və çempionatın startına az qalması sönük ab-havanı canlandırıb. Komanda və azarkeşlər böyük həvəslə yeni mövsümə hazırlaşır. Futbola aid istənilən məcrada inkişaf hiss olunur. Öncə stadionun direktoru Akif Hüseynovla danışdım, ümumi durum və yeniliklər haqda məlumat əldə etdim:
“Yaşar Məmmədzadə adına şəhər stadionu 1953-cü ildə inşa olunub. Ərazisi 10 hektardı. Azarkeş tutumu isə 5200 nəfər idi. Lakin plastik oturacaqlar quraşdırılandan sonra 4800-ə endirildi. Ümumiyyətlə, bütün oturacaqlar yenilənib. Paltardəyişmə otaqlarımız yaxşı vəziyyətdədi. Hakimlər üçün ayrıca "vaqon otaq" gətirildi. Ədalət təmsilçiləri bundan sonra futbolçulardan aralı məsafədə olacaq. PFL-in əsas tələblərindən biri də hakimlər otağı ilə bağlı idi. Əvvəlki otaq futbolçuların otağı ilə iç-içə olduğudan uyğunsuz sayılırdı. Hakimlər hər cür şəraiti olan bu vaqonda həm geyimini dəyişəcək, həm də oyundan sonra yuyuna biləcək. VİP-lojanın, həmçinin təbii örtüklü qazonun vəziyyəti də yaxşıdı. Hələ ki ot örtüyü şlanqla suvarılır, yaxın aylarda avtomatik suvarma sistemi quraşdırılacaq. Başqa yeniliklərə gəlincə, standart ölçüdə olacaq süni örtüklü ehtiyat meydançada işlərin çoxu görülüb. Yalnız asfalt səpilib örtüyün döşənməsi prosesi qalıb ki, yaxın günlərdə bu prosesə də start veriləcək. Gələcəkdə arenanın ərazisində klubun futbol akademiyası üçün binanın tikilməsi də nəzərdə tutulub. Təbii ki, bu, maddi dayaqların gücündən asılıdı. “Mingəçevir” premyer-liqaya yüksəlsə, bunu bacara bilərik. Hələ ki görülən işlər bu yöndə bizə ümid verir”.
Mövzuya daha geniş yanaşsaq, ən ideal variant yeni stadionun tikilməsidi. Mingəçevirli azarkeşlər də bu arzunu dilə gətirirlər. Əslində həqiqətən belədi. Çünki arenanın geniş ərazisi yeni layihələrə imkan verir. Akif Hüseynovun da dediyi kimi, stadion 70 il öncə tikilib. Əhatəli təmir üçün xeyli vəsait xərclənməlidi. Belə şəraitdə ümid AFFA ilə yanaşı, Mingəçevir İcra Hakimiyyətinə və yerli iş adamlarına qalır.
Mövzumuza qayıdaq... Stadion ərazisində “Mingəçevir”in idarə heyətinin sədr müavini Ruslan Həmidovla danışmaq imkanı da qazandım. Klub rəsmisiylə söhbətdə hazırlıq prosesi və yeni mövsüm haqda məsələlərə aydınlıq gətirdik.
- 1-ci liqada çempionluq uğrunda qızğın mübarizəyə az qaldı. "Mingəçevir" "Karvan"la derbiyə hazırdı?
- Əvvəla çox sağ olun ki, Mingəçevirə gəlmisiz. Komanda yeni “futbol ili”nə 99 faiz hazırdı. Bütün müqavilələr bağlanıb, komandaya kənardan 7-8 futbolçu cəlb olunub, "Kür" otelində 10 günlük təlim-məşq toplanışında olduq, "Zaqatala"ya iki, "Şəmkir"lə bir dəfə olmaqla 3 yoldaşlıq görüşü oynadıq. Paralel şəkildə seleksiya işlərini apardıq, rəhbərlik olaraq, üzərimizə düşən işi yerinə yetirməyə çalışdıq. Çempionata, demək olar ki, hazırıq və qələbə üçün vuruşacayıq. Hədəf 4-5-ci pillələrdi.
- İlk oyunun evdə, yaxud səfərdə olmasının sizin üçün əhəmiyyəti var?
- Xeyr. Yevlaxla aramızda 25-30 km məsafə var, azarkeşlərimiz də səfərə getməklə bağlı bizə müraciət edirlər. Ola bilər ki, iki-üç avtobus bunun üçün ayrılsın. Qısası, çox ciddi hazırlıq gedir.
- PFL-ə neçə futbolçunun adını sifariş vermisiz?
- Hələ ki 22 futbolçumuz var. Daha bir-iki oyunçuyla güclənmək niyyətindəyik.
- Bildiyimə görə, heyətdə legioner yoxdu…
- Əslində planda var idi. Amma həm maliyyə, həm də sənədləşmə məsələsi baxımından götürə bilmədik. Bildiyiniz kimi, PFL-in yeni qərarına görə, 1-ci liqaya ancaq peşəkar statusu olan, lisenziyalı legioner gətirə bilərsən.
- Stadionun son durumuyla bağlı sizing də fikirləriniz maraqlıdı.
- PFL-in əsas tələblərindən biri hakimlər üçün ayrıca otaq və duş kabinəsinin olması idi. AFFA-nın da köməyi ilə bu məsələ həll olundu. Burdan həm Rövnəq Abdullayevə, həm də Sərxan Hacıyevə təşəkkürümü bildirirəm. Ehtiyat meydançamızda da yaxın 10-15 günə işlər bərpa olunacaq. İsti-soyuq su, dopinq və duş otaqları da hazırdı.
- Stadionun ərazisi böyükdü. Bu üstünlükdən faydalanmaq üçün hansısa adddımlar atılacaq?
- Planlar var, amma bunları birdən-birə etmək olmaz. Region Liqasından 1-ci liqaya gəlmiş komandayıq. Bir az zamana ehtiyacımız var. 8-9 yaşlı uşaqların məşqi üçün yeni, süni örtüklü meydançanın salınması da planımıza daxildi. Ümumi olaraq, həm bizim, həm də şəhər rəhbərliyinin hədəfi qısa zamanda Mingəçevirin premyer-liqada təmsil olunmasıdı.
- Birdən yer tutsaz, yaxud AFFA komanda sayını artırsa, siz buna hazır olacaqsız?
- Təbii ki, belə qərar olsa, uyğun addımlar atılacaq. Bu gün üçün dövlət tərəfindən illik 300 min manatın ayırılması da böyük dəstəkdi. Biz öhdəmizə düşəni edirik. Komandamızın yanındayıq.
- Məndə olan məlumata görə, Mingəçevirin tarixi, köklü klub olan "Kür-Nur"u yenidən bərpa olunacaq...
- Bəli, bu məsələnin də üzərində iş gedir və gələn il komanda çempionatda "Kür-Nur" adı ilə çıxış edəcək.
Yeri gəlmişkən...
“Mingəçevir”in məşqçi korpusunda da dəyişiklik baş verib. Mingəçevir futbolunun əfsanələrindən Ədəhim Niftəliyev baş məşqçi Sönməz Quliyevin köməkçilərindən olacaq. Veteran futbolçu karyerası ərzində “Kür”, “Neftçi”, MOİK, “Qarabağ”, “Mis Kerman”, “Xəzər Lənkəran”, “Masallı”, “Qala” kimi klublarda çıxış edib, Azərbaycan millisinin heyətində 19 matçda forma geyib.
KƏNAN BAHADIR