Sizin reklam burada

Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi

Müəllif: football Tarix: 18-01-2018, 18:58 494 Baxış
Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi
İran çempionatının başa çatmasına hələ 11 tur var. Ancaq indidən “Traktorsazi”nin nəinki həsrətində olduğu çempionluqdan, hətta medaldan da ümidini üzdüyünü söyləyə bilərik. Hazırda 21 xalla 11-ci pillədə qərarlaşan “qurdlar” üçüncü sırada yer alan “Pars Cam Buşehr”dən 11 xal geri qalır. Son illər bir qayda olaraq titul uğrunda mübarizə aparan Güney Azərbaycanın fəxri bu mövsüm əvvəlki əzəmətindən uzaq düşüb. Bu da səbəbsiz deyil. Klub yayda radikal islahatlara əl atdı. Baş məşqçi vəzifəsinə ərdəbilli mütəxəssis Yəhya Gülməhəmmədi gətirildi. Bütün legionerlərə isə “yaxşı yol” deyildi. Bu mövsüm komanda sırf yerli futbolçularla çıxış edir. Təbii, belədə çempionatda rəqabətə tab gətirmək çətin məsələdi. Hətta Təbrizin digər təmsilçisi “Göstəriş Fulad” da indi “Traktorsazi”dən uğurlu çıxış edir. İndi “qırmızı-ağlar” Məhəmməd İranpuryan, Mehdi Kiani, Məhəmməd Həsən İbrahimi və Fərzad Hatəmi kimi təcrübəli futbolçular hesabına nəsə etməyə çalışır.
Qışa qədər nəticələrin qənaətbəxş olmaması rəhbərliyi hərəkətə keçirib. Görünür, başbilənlər kisənin ağzını açmaq qərarına gəlib. Söhbət heyətə güclü legionerlərin cəlb edilməsindən yox, tanınmış türk mütəxəssisin komandanın başına gətirilməsindən gedir. Gələn ay Asiya Çempionlar Liqasının A qrupunda mübarizəyə start verəcək “Traktorsazi”nin ümidi indi bu turnirdə şəxsi rekordunu yeniləməyə qalıb. Belədə rəhbərlik komandanı daha güclü mütəxəssisə tapşırmağı məqsədəuyğun sayıb. Üç namizədin adı mətbuata məlum olub. Deyilənə görə, “Bursaspor”u Türkiyə çempionu etmiş Ərtoğrul Sağlamla danışıqlar səmərəsiz qalıb. Buna səbəb məşqçinin çox məvacib istəməsi olub. “Fənərbaxça”ya son çempionluğu qazandırmış Ərsun Yanalla “izdivac” da eyni səbəbdən baş tutmayıb. Hərçənd bir müddət sonra Yanalla danışıqlar yenidən bərpa edilib. Belə ki, Mustafa Dənizli ilə anlaşmaq üzrə olan “Traktorsazi” son anda əngəllə üzləşib. Üç Türkiyə nəhəngini çempion etmiş yeganə mütəxəssis olan 67 yaşlı məşqçiyə Təbrizə yollanmağa “TRT Spor”la müqaviləsi problem yaradıb. Hazırda bu telekanalda analitik kimi çalışan “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı “qurdlar”la anlaşa bilməyib. Deyilənə görə, Dənizli “qırmızı-ağlar”la mövsümün sonunadək müqavilə bağlayacaqdı və belədə 400 min dollar qazanacaqdı. Mustafa hocadan əlini üzən cənublu soydaşlarımız yuxarıda da qeyd etdiyimiz kimi, yenidən Yanal variantı üzərində baş sındırır.
SƏRXAN
SON XƏBƏRLƏR