U-21-in üzvü “Bursaspor”a qayıtmaq arzusundadı
U-21-in üzvü, bu qış “Bursaspor”u Hollandiyanın birinci divizionunda mübarizə aparan “Velveyk”ə dəyişən Ozancan Kökcü bugünlərdə həmin ölkənin mətbuatına açıqlama verib. Yeni klubu icazə vermədiynə görə U-21-in Antalyadakı təlim-məşq toplanışına qatılmayan yarımmüdafiəçi “timsahlar”dan ayrılmasını oynamaq istəyi ilə əlaqələndirib: “Kiçik yaşımdan “Bursaspor”u izləyirəm. Türkiyədə çempion olan 5 komandadan biridi və böyük klubdu. Həmçinin kumirim Pablo Batalya da orda çıxış edir. Belə yerdə oynamaq şansım yarandığı zaman qısa müddətdə müqavilə bağlamaq istədim. “Bursaspor” Türkiyənin ən gənc komandasıdı və futbolçuların inkişafına kömək edir. Bu da mənim üçün bir şans idi. Ötən mövsüm “Bursaspor” yüksək liqada qalmaq uğrunda mübarizə aparırdı. Komandada baş məşqçi dəyişikliyi oldu və yeni çalışdırıcı gənclərə çox güvənmədi. Oyunlara çıxmırdım, inkişaf etmək mümkün deyildi. Bu səbəbdən də orda qalmağın bir mənası yox idi”.
U-21-in üzvü yenidən “Bursaspor”a qayıtmaq arzusunda olduğunu da gizlətməyib: “Türkiyədə iki klubdan təklif alsam da, “Velveyk”i seçdim. Yenidən Hollandiyaya qayıtmaq çox gözəldi. Türkiyədə gözəl həyat yaşadım. Amma tək qalırdım. 18 yaşda isə tək yaşamaq asan deyil. Özümü inkişaf etdirmək üçün bura gəldim. Ümid edirəm ki, “Velveyk”də nəsə edə bilərəm. Özümü yaxşı tərəfdən göstərə bilsəm, yenidən “Bursaspor”a qayıtmaq şansım yaranar. Ora dönüb, əsas komandada müntəzəm oynamaq üçün əlimdən gələni edəcəm”.
RƏŞAD hazırladı