Vərəqə hakimi kimi ad çıxaran İnqilab Məmmədov isə “nöqtə”ni sevmir
Təkcə Azərbaycanda yox, dünya futbolunda penalti xəstəliyinin dərmanı tapılmayıb. İllərdi buna qarşı mübarizə aparılsa da, yenə də hakimlərin səhvlərinə rast gəlirik. Məsələn, qapılar arxasında əlavə hakimlərin dayanmasına qərar verildi. Daha sonra kameraların sayı artırıldı. 11 metrlik cərimə zərbələrinin təyin olunmasıyla bağlı qaydalarda müəyyən düzəlişlər edildi. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun dili ilə desək, top əli tapdı, yoxsa əl topu sualının cavabı mürəkkəbdi.
Premyer-liqada da bu baxımdan çətinlik yaşanır. Xüsusilə prinsipial oyunlarda penalti epizodları ilə bağlı fikirlər üst-üstə düşmür, bu da sonradan müəyyən söz-söhbətə yol açır. Məsələn, ötən ilin fevralında keçirilən “Qarabağ” – “Neftçi” görüşündə hakimin Maksim Medvedevin Rəhman Hacıyevə qarşı kobudluğuna göz yumması, buna qədər “Qarabağ ” - “Qəbələ” qarşılaşmasında Rəhim Həsənovun qonaqların qapısına təyin etdiyi 11 metrlik cərimə zərbəsi, cari mövsümdə “Zirə” – “Qəbələ” oyununda Baqali Daboya qarşı edilən hərəkətin Fariz Yusifov tərəfindən penalti kimi qiymətləndirilməməsi ciddi ajiotaj doğurmuşdu.
Fasilə dövrüdü deyə, bu məsələyə də toxunmağı vacib saydıq. Çempionatın ilk yarısında hakimlərin neçə dəfə “nöqtə”ni göstərməsi, hansı komandaların daha çox cəzalanması, hansı hakimlərin penalti təyin etməməsi və başqa maraqlı məqamları nəzərdən keçirdik.
56 oyunda 12 penalti
Əvvəla onu qeyd edək ki, ədalət təmsilçiləri 14 turda 12 dəfə qapılara 11 metrlik cərimə zərbəsi təyin edib. Maraqlıdı ki, bu qədər penalti cəmi 6 tura təsadüf edib. Məsələn, 1-ci və 10-cu turların hər birində qapılara iki dəfə penalti təyin olunub. 4-cü və 12-ci turlarda isə say 3-ə yüksəlib. 6-cı və 13-cü turların hər birində qapıçılar bir dəfə topu tordan çıxarmalı olublar. 7-ci, 8-ci və 9-cu turlarda keçirilən ümumilikdə 12 oyunun heç birində cərimə meydançası daxilində qayda pozuntusunun qeydə alınmaması olduqca maraqlı məqamdı.
Yalnız Qadze “fərqlənib”
Penaltilərə gəlincə, 12 zərbədən yalnız biri hədəfə tuş gəlməyib, 1-ci turda “Zirə” ilə “Səbail”in qarşılaşmasının 9-cu dəqiqəsində Riçard Qadzenin zərbəsi qeyri-dəqiq olub. Sonrakı 11 halda isə qapıçılar çarəsiz qalıb. Penalti təyin olunan oyunların ümumi siyahısı belədi:
1-ci tur. Zirə - Səbail (Rəhim Həsənov) 9-cu dəq. Riçard Qadze (dirək)
1-ci tur. İnter – Qəbələ (Ömər Paşayev) 23-cü dəq. Filip Ozobiç
4-cü tur. Sumqayıt – Neftçi (Rəhim Həsənov) 25-ci dəq. Amil Yunanov
4-cü tur. Qəbələ - Zirə (Ömər Paşayev) 90+1-ci dəq. Cavid Hüseynov
4-cü tur. Səbail – Qarabağ (Orxan Məmmədov) 69-cu dəq. Dani Kintana
6-cı tur. Qarabağ – Sumqayıt (Orxan Məmmədov) 61-ci dəq. Riçard Almeyda
10-cu tur. Neftçi – Sumqayıt (Rauf Cabbarov) 38-ci dəq. Tural Axundov
10-cu tur. Zirə - Qəbələ (Fariz Yusifov) 19-cu dəq. Milan Duriç
12-ci tur. Neftçi – Qəbələ (Əliyar Ağayev) 56-cı dəq. Ruslan Qurbanov
12-ci tur. Kəpəz – Səbail (Rauf Cabbarov) 5-ci dəq. Adrian Popoviçi
12-ci tur. Kəpəz – Səbail (Rauf Cabbarov) 36-cı dəq. Kərim Diniyev
13-cü tur. Kəpəz – Qəbələ (Ömər Paşayev) 56-cı dəq. Kərim Diniyev
Penalti zərbələrində “Qəbələ”yə çatan yoxdu
Siyahıdan da göründüyü kimi, premyer-liqa iştirakçılarının hər birinin oyununda 11 metrlik cərimə zərbəsi qeydə alınıb. İşin maraqlı tərəfi budu ki, hansı komandanın xeyrinə penalti təyin edilməyib, hansı komandalar ən çox cəzaya layiq görülüb və ya ən çox sevinən tərəf olub?
Hakimlərin səxavətini görməyən iki komanda var – biri “Neftçi”di, digəri “Keşlə”. Təsəvvür edin, 14 tur ərzində bu komandaların xeyrinə penalti qərarı verilməyib.
Ən çox cəzalanan premyer-liqa təmsilçiləri isə “Səbail”lə “Neftçi”di. Bayıllıların qapıçısı “Zirə”, “Qarabağ” və “Kəpəz”lə qarşılaşmalarda, “ağ-qaralar”ın qolkiperi isə “Sumqayıt”la hər iki oyunda və “Qəbələ”ylə səfər matçında topu tordan çıxarmalı olub.
11 metrlik cərimə zərbəsinə görə ən çox sevinən “Qəbələ”di. Bölgə təmsilçisi “Keşlə”, “Zirə” və “Neftçi”ylə oyunlarda penaltidən fərqlənib. “Sumqayıt”, “Qarabağ” və “Kəpəz”in hərəsi 2 dəfə bu yolla sevinib.
Ömərlə Raufa çatan yoxdu
Başqa bir məqam hakimlərin adı ilə bağlıdı. Qeydə alınan 12 penalti qərarında 9 elita hakimindən 6-nın imzası var. FİFA referisi Ömər Paşayevlə bu ada namizəd Rauf Cabbarovun hərəsi 3 dəfə cərimə meydançası daxilindəki hərəkəti qayda pozuntusu kimi dəyərləndirib. Ömərin iki qərarı “Qəbələ”nin, biri “Kəpəz”in xeyrinə olub. Rauf isə “Sumqayıt”, “Kəpəz” və “Səbail”i sevindirən fit səsinin sahibi olub. Orxan Məmmədov hər iki halda “Qarabağ”ın xeyrinə qərar verib. Rəhim Həsənov bir dəfə “Sumqayıt”ın, digər halda “Zirə”nin üzünü güldürüb. Hərçənd Qadzenin zərbəsi dirəyə tuş gəlib. Qalan iki penalti qərarı isə premyer-liqanın öncüllərindən sayılan Əliyar Ağayevlə Fariz Yusifovun hesabındadı. Əliyar “Qəbələ”nin, Fariz isə “Zirə”nin xeyrinə fit çalıb.
Bilirsiz, maraqlısı nədi? İdarə etdiyi 6 oyunda 35 sarı və 3 qırmızı göstərməklə ən sərt hakimlər sırasında birinci olan İnqilab Məmmədov penalti qərarı verməyib. Zəlzələdən, ya vəlvələdən – bu hakimin “nöqtə”ni göstərməklə arası yoxdu. Ramil Diniyevlə Rəvan Həmzəzadə də onun kimi.
Hakimlər son dəqiqə qərarından çəkinirlər
12 penalti qərarından 7-si birinci, 5-i isə ikinci hissəyə təsadüf edib. Rauf Cabbarov hər üç halda ilk 45 dəqiqədə qayda pozuntusunu qeydə alıb. Orxan Məmmədovun qərarları isə əksinə, fasilədən sonraya təsadüf edib. Başqa bir məqam: 12 penaltidən 11-i ilk 69 dəqiqəyə təsadüf edib. Yalnız bir halda,“Qəbələ” – “Zirə” oyununun əsas vaxtına əlavə olunmuş ilk dəqiqədə Ömər Paşayev “nöqtə”yə doğru qaçıb.
Ola bilməz ki, 56 qarşılaşmanın heç birində son 10 dəqiqədə cərimə meydançasında qayda pozuntusu qeydə alınmasın. Diqqətlə baxsaq, ən azı iki-üç belə epizod tapmaq olar. Sadəcə, azərbaycanlı hakimlər sonradan baş qaldıra biləcək səs-küyün odunda yanmamaq üçün qətiyyətli addım atmaqdan çəkinir.
HƏBİB