Sizin reklam burada

“Binə”nin yeni baş məşqçisi planlardan danışdı

Baxış Sayı:2 039

“Binə”nin yeni baş məşqçisi planlardan danışdı
İsmayıl Hüseynov: “Heyəti formalaşdırarkən bütün nüanslara xüsusi diqqət yetiririk”
Birinci divizion təmsilçisi “Binə”nin yeni baş məşqçisi İsmayıl Hüseynov qəsəbə təmsilçisinin rəsmi saytına müsahibə verib. Qeyd edək ki, ilyarımlıq müqavilə bağlayan mütəxəssis 1996-2000-ci illərdə Rusiya "Dinamo"sunda (Murmansk) əvvəlcə köməkçi, sonra baş məşqçi kimi çalışıb. 2005-dən "Neftçi"də fəaliyyət göstərən İsmayıl bəy 2008-də "ağ-qaralar"ın U-19 komandası ilə Azərbaycan çempionu olub. 2009-cu ildə isə "Neftçi"nin U-15 komandası ilə çempionatın gümüş medalını qazanıb.
Hüseynov 2011-də "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi", 2012-də isə "Əməkdar Məşqçi" adına layiq görülüb.
- Mövsümün ikinci yarısı üçün nəzərdə tutulan hazırlıq necə keçir?
- Komanda üç gündü rəhbərliyim altında məşqlərə başlayıb. Əsasən seleksiya xarakterli məşqlərə üstünlük veririk. Həftəboyu çalışacağıq ki, seçimlərimizi davam etdirək. Daha sonra isə tam komanda ilə ümumi hazırlığa start veriləcək.
- Qış “transfer pəncərəsi” dönəmində bir neçə futbolçu komandadan ayrıldı. Onların boşluğunu doldurmaq mümkün olacaq?
- Elə futbolçular var ki, onların yerini doldurmaq bir az çətindi. Ancaq çalışacağıq ki, yeni transferlərlə bu problemi aradan qaldıraq. Seleksiya xarakterli hazırlıq prosesində də ümumi məqsədimiz odu ki, bizə uyğun, komandaya xeyir verə biləcək futbolçuları heyətimizə cəlb edək.
- Birinci divizionda bu mövsüm “6+2+3” (6 yaşlı futbolçu, 2 legioner, 3 nəfər 1996 və daha gənc təvəllüdlü Azərbaycan vətəndaşı) limiti tətbiq olunur. Heyəti formalaşdırmaqda limit nə kimi rol oynayır?
- Limitlə bağlı onu deyə bilərəm ki, bu qərarla gənc futbolçular üçün də şans yaradılır və mən də həmişə gənclərin oynamasının tərəfdarı olmuşam. Əlbəttə, legioner futbolçular da olmalıdı. Demək olar ki, əksər futbol ölkələrində əcnəbi futbolçulara yer verilir və bizdə də legioner futbolçulara şərait yaradılır. Heyəti formalaşdırarkən bütün nüanslara xüsusi diqqət yetiririk və hesab edirəm ki, limitlə bağlı problemimiz olmayacaq.
- Sizin rəhbərliyiniz altında komandanın ilk rəsmi oyunu "Şüvəlan"a qarşı olacaq. Bu qarşılaşma həm də mövsümün ikinci yarısının ilk matçı olacaq. Bu oyunla bağlı hansı fikirdəsiz?
- İlk qarşılaşmalar həmişə çətin olur. Mövsümün ikinci yarısının ilk matçı olduğuna görə bu oyunun mahiyyəti komanda üçün də önəmlidi. Çalışacağıq ki, həmin görüşə tam hazır vəziyyətdə çıxaq. Əsasən azarkeşlərimizə səslənirəm ki, tribunalardan əskik olmasınlar. Gəlsinlər, komandanı dəstəkləsinlər və biz də yaxşı oyunla onları sevindirək.
- Binədə həmişə futbol ab-havası olub. Yerli sakinlər də "Binə"ni doğma komandaları kimi görürlər. Azarkeşlər istər ev oyunlarında, istərsə də səfər qarşılaşmalarında hər zaman komandaya dəstək olublar. Bu yöndə düşüncələriniz necədi?
- Məndə olan məlumata görə, Binə azarkeşləri hər zaman komandanı dəstəkləyiblər. Arzu edirəm ki, belə də davam etsinlər, həmişə doğma komandalarına dəstək olsunlar. Komanda qələbə də qazana bilər, məğlub da ola bilər. Ancaq nəticə nə olur-olsun, əminəm ki, azarkeşlərimiz daim yanımızda olacaqlar. Qısa müddət ərzində gördüklərimə, eşitdiklərimə əsaslanaraq onu deyə bilərəm ki, sadiq azarkeşlərimiz var və onların bizi dəstəkləyəcəklərinə heç bir şübhəm yoxdu. Biz də yaxşı oyunla, qələbələrimizlə onları sevindirməyə çalışacağıq.
RƏŞAD hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR