Sizin reklam burada

Türkiyədəki legionerlər üçün üzücü həftə

Title
Türkiyədəki legionerlər üçün üzücü həftə
Natalya Məmmədovanın işləri isə qaydasındadı
Qadın voleybolçular arasında Rusiya çempionatında 13-cü turun oyunları keçirilib. “Dinamo” Kazanda “Yenisey”i darmadağın edib - 3:0 (25:18, 25:16, 25:10). Natalya Məmmədova 11 xalla qələbədə pay sahibi olub. “Leninqradka” isə Krasnodarda gərgin keçən görüşdə “Dinamo”ya uduzub – 2:3 (25:27, 25:19, 25:18, 16:25, 18:20). Kseniya Poznyak hesabına 9 xal yazıb. Kazanlılar 36 xalla vahid liderdi. Sankt-Peterburq təmsilçisi isə 15 xalla 7-ci pillədə qərarlaşıb. Növbəti turda “Dinamo” “Uraloçka”nı, “Leninqradka” “Zareçye”ni qəbul edəcək.
Türkiyə çempionatında da 13-cü tur geridə qalıb. Çempionlar Liqasında İstanbulda gözlənilmədən İtaliya “Novara”sına uduzan “Fənərbaxça”ya növbəti zərbə səfərdə “Halkbank”dan gəlib - 1:3 (19:25, 18:25, 25:17, 18:25). Polina Rəhimovanın 21 xalı məğlubiyyətdən xilas olmaq üçün kifayət etməyib. “Seramiksan” səfərdə “Bursa BB”yə yenilib – 1:3 (23:25, 25:20, 15:25, 22:25). Odina Bayramova 15 xala sevinib. “Bəylikdüzü” evdə çempionluq uğrunda mübarizə aparan “Vakıfbank”la bacarmayıb – 1:3 (21:25, 26:24, 17:25, 15:25). Komandası uduzsa da, Yana Kulan 23 xalla qarşılaşmanın bombardiri olub. “Beşiktaş” isə evdə turnir cədvəlinə başçılıq edən “Əczaçıbaşı”ya məğlub olub – 1:3 (25:18, 19:25, 19:25, 13:25). Marqarita Əzizova yalnız son setdə meydana çıxıb və 2 xal qazanıb. 31 xala malik “Fənərbaxça” ilk “3-lüy”ü qapayır. “Beşiktaş” 16 xalla 7-ci, “Bəylikdüzü” 13 xalla 9-cu, “Seramiksan” isə 11 xalla 10-cu sırada yer alıb. Növbəti turda “Fənərbaxça” “Bəylikdüzü”nü, “Seramiksan” “Halkbank”ı qəbul edəcəksə, “Beşiktaş” “Vakıfbank”ın qonağı olacaq.
İtaliya A seriyasının 13-cü turunda “Skandiççi” azarkeşləri önündə “Montsa”nı məyus edib - 3:1 (16:25, 25:21, 25:23, 25:20). Ötən tur A seriyasında debüt edən Yelizaveta Səmədova bu dəfə meydana çıxmayıb. 30 xalla ilk “3-lüy”ü qapayan “Skandiççi” növbəti turda “Firenze”ni qəbul edəcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.