Aqolli yenə kollektivdən ayrı düşdü
“Qarabağ”ın Antalya hazırlığı çərçivəsində 6 yoxlama oyunu keçirəcəyini xəbər vermişdik. “Köhlən atlar”ın ilk yoldaşlıq görüşü yanvarın 17-nə planlaşdırılıb və rəqib “Kuban” olacaq. Artıq Rusiya təmsilçisi ilə görüşün başlama saatı açıqlanıb. Belə ki, Qurban Qurbanovun yetirmələrinin yeni ildəki ilk oyunu Bakı vaxtı ilə saat 18.00-da başlacaq. Onu da qeyd edək ki, “Qarabağ” Türkiyədə olduğu müddətdə “Kuban”dan başqa “Legiya” (Polşa), "Şkupi" (Makedoniya), "Mariupul" (Ukrayna), "Sarayevo" (Bosniya və Hersoqovina) və "Mladost"la (Monteneqro) üz-üzə gələcək.
Yeri gəlmişkən, "Mamelodi Sandaunz”un (CAR) hücumçusu Xama Billiatın karyerasını ölkəmizdə davam etdirəcəyi ilə bağlı xəbərlər dolaşır. Yerli mətbuat iddia edir ki, 28 yaşlı forvardın xidmətində “Qarabağ” maraqlıdı. Billiat hazırkı klubu ilə iyuna qədər olan müqaviləsini yeniləməkdən imtina edib. Yerli KİV bunu zimbabveli futbolçunun karyerasını Avropada davam etdirmək istəyi ilə əlaqələndirib. Məlumatda o da bildirilir ki, “Qarabağ” ona ayda 500 min CAR randı (69 min manat) verməyə hazırdı. Zimbabve yığmasının üzvünün transfer qiyməti 2,5 milyon dollar dəyərində göstərilir. Lakin “Qarabağ”ın bu futbolçu üçün o qədər transfer haqqı ödəyəcəyi heç də inandırıcı deyil. İstər keçid qiyməti, istərsə də maaş şişirdilmiş rəqəmə bənzəyir. Qeyd edək ki, Billiat 2013-cü ildən "Mamelodi Sandaunz"un formasını geyir. O 2011-dən dəvət aldığı Zimbabve yığmasının heyətində 26 matçda 7 qol vurub.
Bu arada “Qarabağ” Antalyada hazırlığı davam etdirir. Qurbanovun yetirmələri gündə iki dəfə - səhər və axşam məşq edir. Ansi Aqolli dünənki hazırlıq zamanı da kollektivdən ayrı düşüb. Albaniya yığmasının üzvü fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.
FARİZ