Çempionatın ikinci dövrəsinə hazırlığı davam etdirən əsas komanda ilə yanaşı, “Sumqayıt”ın əvəzediciləri də fasilədən maksimum yararlanmağa çalışır. Şənbə günü Elbrus Məmmədovun yetirmələri “Kapital Bank Arena”da birinci divizion təmsilçisi, qış fasiləsində heyətini xeyli gücləndirən “Xəzər”lə üz-üzə gəldi. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda meydan sahibləri qalib gəldi. “Kimyaçılar”ın yeganə qolunu ikinci hissədə Fərid Kərimzadə vurdu.
Matçdan sonra “ağ-göylər”in “ikincilər”inin baş məşqçisi Elbrus bəyə yaxınlaşıb fikirlərini öyrəndik: “Təlim-məşq toplanışında ilk oyunumuzu keçirdik. Komanda qalib gəlsə də, hələ görüləsi çox işimiz var. Heyətə yeni oyunçular cəlb olunub və onların kollektivə uyğunlaşması üçün zamana ehtiyac var. Yoxlama görüşləri də belə məqamlar üçün vacibdi. Hazırlıq plan üzrə davam edir. Hazırda daha çox fiziki hazırlığa üstünlük veririk. Təlim-məşq toplanışının son iki həftəsində isə toplu çalışmalara üstünlük verəcəyik”.
Sonda onu bildirək ki, Sumqayıt”ın əsas komandası bu gün fasilə dönəmində ilk sınaq matçını keçirəcək. Samir Abasovun komandası “doğma divarlar” arasında birinci divizionun lideri “Qardağ Lökbatan”ı qonaq edəcək. Matç saat 17.00-da start götürəcək.
RƏŞAD