“Famil kimi gənc məşqçilərimiz o qədər də çox deyil”
“Azərreyl”in “Çağırış” kuboku ilə erkən vidası üzücü oldu. Xüsusən də “Ştiinta” ilə oyunda “qızıl” setdə 10:5-lik üstünlüyün əldən verilməsi ikiqat təsir etdi. Bir çoxları buna görə baş məşqçi Famil Ağayevi qınayır. Hətta gənc mütəxəssisin istefaya göndəriləcəyi deyilir. Ancaq dünən Voleybol Federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev qurumun mətbuat xidmətinə verdiyi açıqlamada Ağayevin postunda qalacağını və ona güvəndiklərini söyləyib: “İlk olaraq “Azərreyl”in sonuncu oyunu haqda danışmaq istərdim. Görüşü arenadan canlı izləyirdim. Qızlar 3 setdə qalib gəldilər. Bacardıqları qədər mübarizə apardılar. Qarşılaşmanın taleyi isə “qızıl” setdə həll olundu. Əlavə setə “Azərreyl” üstün başladı. Təəssüflər ki, üstünlük bizdə olsa da, uduzduq. Düşünürəm ki, oyunçular setin sonlarında psixoloji cəhətdən məğlub oldular ki, bu da setin əldən getməsi ilə nəticələndi. Daha bir səbəb isə “Azərreyl”in az oyun keçirməsidi. Bildiyiniz kimi, ölkə çempionatı dekabrın sonunda start götürdü. “Azərreyl” bu günə kimi az oyun keçirmişdi. Hansı ki digər komandalar bu günə kimi artıq 15-dən çox oyun keçirib. Bu fərq də sözünü dedi. Amma buna görə oyunçuları və ya məşqçini günahlandırmaq doğru olmaz. Voleybol Federasiyası hər zaman gənc mütəxəssislərin yanında olub və onlara dəstək olmağa çalışıb. Famil də gənc və yaxşı məşqçidi. Millidə də mənim köməkçim olaraq çalışıb və yenə də çalışacaq. Famil kimi gənc məşqçilərimiz o qədər də çox deyil. Biz onlara öz işlərində kömək etməliyik ki, öz klublarında və ya millilərdə yaxşı nəticələr əldə etsinlər”.
Dünən Ağayevlə də söhbət etdik. Famil bəy istefa vermədiyini söyləməklə yanaşı, komandanın bugünkü durumundan danışdı: “Maqdalena Qrikanın Polşa klubuna keçidi gündəmdədi. Onun getməsini özüm də istəyirəm. Çünki legioner limitinə görə burda qalması sərf etmir. Həm də yığmanın maraqlarını nəzərə alaraq Şəfaqət Həbibovanı oynadacam. Onun əvəzləyicisi isə gənc voleybolçulardan biri olacaq. Qrika ilə 1 illik müqavilə bağlamışdıq. Mövsümün yarısını bizdə keçirdi. Müqaviləni qarşılıqlı razılıq əsasında pozacağıq. Ancaq hələ ki komandayla birgə məşq edir. Ukrayna və ya Rusiyadan bir voleybolçunun transfer ediləcəyi gözlənilir. Çünki hazırda 8 oyunçum var və onlardan ikisi liberodu. Qalan 6 voleybolçudan yalnız biri 4-cü zona hücumçusudu. Halbuki normal komandada 3 belə hücumçu olur. Yeni oyunçu da bu mövqedə çıxış edən voleybolçu olacaq. Başqa klublardan icarəyə götürdüyümüz yerli oyunçular geri qayıdıb. Dünəndən məşqləri bərpa etmişik. Əvəzedici heyətdən götürməyə elə bir oyunçu qalmayıb. Çünki əksəriyyəti müxtəlif komandalara səpələnib. Ən yaxşı gənclər hazırda “Lokomotiv”dədi”.
Bildiyiniz kimi, dekabrda ölkə çempionatına start verilib. “Azərreyl” ilk turda “Lokomotiv”ə 3:0 hesabıyla qalib gəlmişdi. Turun digər oyununun isə yabvarın 17-də keçirilməsi planlaşdırılır. Həmin gün Eldar Yusubovun çalışdırdığı “Abşeron” Adnan Kistakın baş məşqçisi olduğu AVF-yə qarşı mübarizə aparacaq.