“Futbolsuz qalacamsa, qalım, amma bu şərtlərlə müqavilə əlverişli deyil”
Rauf Əliyevin məsələsi açıq qalır. “Kukesi”dən əli ətəyindən uzun dönən, FİFA-nın qaydalarına görə mövsümün gedişində üçüncü kluba keçidi mümkünsüz olan hücumçunun yeganə çıxış yolu - “Keşlə”yə dönüşü hələ ki baş tutmur. Səbəbini iki gün öncə Yuri Maksimov açıqladı. Ukraynalı mütəxəssis futbolçunun transfer şərtləriylə razılaşmadığını, qərarın Raufdan asılı olduğunu deyərək, “topu qarşı tərəfə ötürdü”. Biz də hücumçunun münasibətini öyrəndik. Ancaq əvvəlcə bir məqama toxunaq. Gedişat onu göstərir ki, “Keşlə” Əliyevi “oyuna salmaq” istəyir. Zaur Axundov futbolçunun durumundan faydalanıb özünün diqtəsiylə hərəkət etməsinə çalışır. Yoxsa gün hansı tərəfdən çıxıb ki, Raufa uzunmüddətli müqavilə təklif olunur? Maddi sıxıntı içərisində olan klub transferlərinin hamısını 6 aylıq bağlayıb. Vaqif Cavadov, Kamran Ağayev, Məqsəd İsayev və Pablo Podio ilə yaya qədər anlaşma əldə olunub. Hətta baş məşqçi Yuri Maksimov da mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə imza atıb. İndi sual olunur: “Keşlə” niyə məhz Raufla birillik və ya ilyarımlıq müqaviləyə təkid edir? Klub rəhbəri Zaur Axundovun qisas planı var: o, hücumçunun yayda komandanı atıb Albaniyaya getdiyini unutmayıb və onunla əldə olunacaq “kəbin”dən sonra futbolçunu süründürəcəyi istisna olunmur.
Ancaq Əliyev də az aşın duzu deyil. O, deyəsən, qarşı tərəfin əsl niyyətini anlayıb: “Düzdü, “Keşlə”yə keçmək variantım var. Amma müqavilənin müddəti məsələsində fikirlər haçalanır. Əslində “Keşlə” rəhbərliyi ilə görüşüm olmayıb. Bildiyimə görə, Zaur Axundov ölkə xaricindədi. Sadəcə, onun nümayəndələrinin vasitəsilə danışığımız olub. Mən 6 aylıq müqavilə istəyirəm. Onlar isə uzunmüddətli sözləşməyə qol çəkməyimi istəyir. Baş məşqçinin açıqlamasından məlumatım var. Belədə sual yaranır: məşqçi xidmətimdə maraqlıdısa, rəhbərlik niyə uzunmüddətli müqaviləyə təkid edir? Açığı, özümə də maraqlıdı. Fikir vermisizsə, digərləri ilə müddəti yaya kimi nəzərdə tutulan sözləşmə imzalayırlar. Amma mənimlə daha uzunmüddətli müqavilə bağlamaq istəyirlər. Məni isə indiki şərtlərlə yaya qədər anlaşma qane edir. Şərtlər yayda dəyişəcəksə, məhz onda müqavilənin müddətini uzatmaq olar. Klubsuz qala bilərəm? Etiraf edim ki, yenidən ölkə xaricinə çıxmaq, məsələn, Gürcüstanda oynamaq variantım yoxdu. Ümumiyyətlə, yay üçün planlarıma da belə variant daxil deyil. Nə olacaqsa, olsun, qorxum yoxdu. Futbolsuz qalacamsa, qalım, amma bu şərtlərlə uzunmüddətli müqavilə mənə əlverişli deyil. Görək nə olur?”
MİRAĞA