Qurban Qurbanovla Dobrovolski yox, Spiridon üz-üzə gələcək
Türkiyədə təlim-məşq toplanışı keçirəcək millimizin planlarında məcburi, həm də gözlənilməz dəyişiklik baş verib. Gürcüstan yığmasının Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv edilib. Bu səbəbdən fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan oyunu baş tutmayacaq. AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən tərəflər bu il ərzində FİFA-nın müvafiq oyun günlərinin birində yoldaşlıq matçı keçirilə bilər.
Beləliklə, Qurban Qurbanovun komandası hələ ki Antalyada bir oyunla kifayətlənmək məcburiyyətindədi. Təcrübəli mütəxəssisin debütü yanvarın 30-da Moldova ilə qarşılaşmada baş tutacaq. Yeri gəlmişkən, Moldova millisinin yeni baş məşqçisi müəyyənləşib. Bu posta Aleksandr Spiridon gətirilib. Moldova yığması 57 yaşlı mütəxəssisin rəhbərliyi altında ilk oyununu yanvarın 27-də Cənubi Koreyaya qarşı keçirəcək. Bundan 3 gün sonra isə məhz millimizlə görüş baş tutacaq. Qeyd edək ki, Spiridon bu vəzifədə İqor Dobrovolskini əvəzləyib. O, Moldova Futbol Federasiyası ilə “1+1” il sistemində müqavilə imzalayıb. Spiridon bu gündən təlim-məşq toplanışına start verəcək. Məşqçilik karyerasına 1992-ci ildə “Zimbru”da başlayan təcrübəli mütyəxəssis 2001-də Moldova yığmasına rəhbərlik edib. Həmin vaxt komanda onun rəhbərliyi altında 4 oyun keçirib. Maraqlıdı ki, debüt qarşılaşmasında Azərbaycanla üz-üzə gələn Spiridonun komandası 2:0 hesablı qələbə qazanıb. Sonrakı 3 görüşdə isə onun yetirmələri Portuqaliya, Slovakiya və Türkiyəyə məğlub olub. 2004-2016-cı illərdə Donetsk “Şaxtyor”unda Mirça Luçeskunun köməkçisi kimi fəaliyyət göstərən Spiridon 2008/09 mövsümündə UEFA Kubokunu qazanıb. 2016-cı ildə “Zenit”ə yollanan Luçesku onu da özü ilə aparıb. Spiridonun son iş yeri məhz “Zenit” olub. Belə ki, rumıniyalı mütəxəssis Rusiya klubundan ayrılaraq Türkiyə yığmasının “sükanı arxasına” keçəndən sonra 57 yaşlı mütəxəssis də “Zenit”i tərk edib.
Artıq ilk açıqlamasını verən Spiridon Türkiyədəki təlim-məşq toplanışında heyətlə bağlı məsələlərə aydınlıq gətirib. Təqdimatı olan mütəxəssis keçirilən mətbuat konfransında belə deyib: "Bu oyunlar FİFA-nın qeyri-rəsmi vaxtında keçirilir. Klublarla əlaqə saxlayacağıq. Onlar güzəştə gedərək futbolçuları heç olmasa bir oyuna buraxsalar, onda məmnuniyyətlə onlara baxarıq. Ancaq əlbəttə ki, bu qarşılaşmalarda əsasən Moldova çempionatından futbolçular oynayacaq".
MİRAĞA