Sizin reklam burada

Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı

Title
Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı
"Kiməsə şans verilməlidi ki, özünü doğrulda bilsin"
"Zirə"nin dünənki yoxlama oyununu Anar Nəzirov kənardan izləyirdi. Mövsüm ərzində zədə üzündən 3 dəfə əməliyyat olunan qolkiper fasilədə media nümayəndələrinin əhatəsinə düşdü.
- Zədən nə yerdədi? Yaşıl meydanlara nə zaman qayıdacaqsan?
- Bazar ertəsindən məşqlərə başlayacam. Komanda ilə hazırlaşacam. Bir problem çıxmasa, mövsümün ikinci yarısına hazır olmalıyam.
- Belə ehtimal var?
- İnşallah, problem çıxmaz. Əməliyyatdan sonra həkimlər dedilər ki, bərpa dövrünü keçməlisən. Ən önəmli şeylərdən biri budu.
- Mövsümün ilk hissəsini özün üçün uğursuz sayırsan? Zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qaldın.
- Nə etmək olar? Futboldu, belə hallar baş verir. Zədə futbola aid bir şeydi. Bununla barışmalıyam. Amma komandamız yaxşı çıxış etdi. Mövsümün ilk yarısı "Zirə" üçün uğurlu keçdi. 30 xal bizim üçün yaxşı nəticədi.
- Ancaq ölkə kubokunda "Zirə" "Neftçi" səddinə ilişdi və ikinci "cəbhə"də mübarizəni dayandırdız.
- Dediyim kimi, futboldu. "Neftçi" də istəkli idi. Rəqibimiz yaxşı komandadı. Sıradan bir rəqibə uduzmamışıq. Futbolda istənilən nəticə qeydə alınır. Düzdü, kubokda da mübarizəni davam etdirsəydik, yaxşı olardı. Lakin artıq bunlar geridə qalıb. Əsas fikrimizi çempionata yönəltmişik.
- Qarşıda yığmanın toplanışı var. Yəqin ki, zədədən yeni döndüyün üçün millidən dəvət gözləmirsən.
- Bəlkə də kənarda qalacam. Buna baş məşqçi qərar verəcək. Amma kim dəvət alacaqsa, uğurlar arzu edirəm. Həmçinin Qurban Qurbanova və onun məşqçi heyətinə də uğurlar diləyirəm.
- Hazırda yığmada qapıçı problemi var. Sən zədəlisən, Kamran Ağayev çoxdandı oynamır. Səlahət Ağayev də zədədən qayıdıb. Səncə, milli üçün kimi indiki halda daha hazır görürsən?
- Ad çəkmək düzgün olmaz. Cavan qapıçılarımız var. Rəşad Əzizli, Emil Balayev və Şahruddin Məhəmmədəliyevə şans veriləndə yaxşı təsir bağışlayıblar. Hər şeyə baş məşqçi qərar verəcək. Səlahət bildiyim qədər bərpa olub, məşq edir. Kamran da "Keşlə"yə geri dönüb. Məncə, "çərçivə"də problem olmaz.
- Hamımız yaxşı bilirik ki, Kamran Ağayevin xarakterində problem var. Ancaq onu əvəzləyəcək biri tapılmır. Buna görə də yığma ona məcbur qalıb. Bu fikirlə razısan?
- İndiyə kimi belə olub. Düzgün danışmaq lazımdı, Kamran hər zaman millinin qapıçısı olub. Ancaq bir şeyi deyim ki, şans verilməyən qapıçı özünü doğrulda bilməz axı. Kiməsə şans verilməlidi ki, özünü doğrulda bilsin. Həm də təcrübəsi olsun. Rəqabət olan yerdə inkişaf da olar.
- Sən özün millidə Kamranı əvəz edə bilərsən? Bu məsuliyyəti üzərinə götürə biləcəyini düşünürsən?
- Niyə də yox?! Bizim yaxşı şüarımız var (gülür).
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.