“Yığmada necə dəmir intizam var idisə, federasiyada da elə olacaq”
Yanvarın 11-də Güləş Federasiyasında (AGF) gözlənilməz kadr dəyişikliyi baş verdi. Oktyabrın 24-də qurumun 1-ci vitse-prezidenti Namiq Əliyev Sahib Ələkbərovla əvəzlənmişdi. Ancaq federasiya prezidenti Fazil Məmmədovun əmrində də qeyd olunmuşdu ki, Ələkbərov bu posta müvəqqəti gətirilib. Onsuz da başı velosiped idmanının problemlərinə qarışan Sahib bəy üçün güləş ikinci iş idi. Təbii ki, bir şəxs eyni vaxtda iki işi uğurla həyata keçirə bilməz. Mütləq bunlardan birini yola verəcək. Güləş isə ölkəmiz üçün strateji önəm kəsb edən idman növüdü. Bu sahəni başdansovdu idarə etmək olmaz. Bəlkə də bu üzdən srağagün AGF başqanının yeni əmri ilə Ələkbərov müvəqqəti gətirildiyi postu təhvil verdi. Onun yerinə isə sürpriz ad – Firdovsi Umudov gətirildi. Əslində bu qurumun təcrübəsində belə hala rast gəlmişik. Pekin Olimpiadasından sonra yunan-Roma güləşi yığmamızın çalışdırıcısı Elçin Cəfərov məhz güləşin bu növü üzrə vitse-prezident təyin olunmuşdu. Eyni zamanda, 2010-cu ilin yayınadək millidə fəaliyyətini davam etdirirdi. Yeganə fərq ondadı ki, sərbəst güləş üzrə əsas komandanın baş məşqçisi 1-ci vitse-prezident oldu. Başqa sözlə, Fazil Məmmədovun sağ əlinə çevrildi.
Umudov dünən yığmaların məşqçi heyəti ilə görüş keçirib. İclasda bu günə qədər görülən işlər, qarşıda duran məqsədlər və hədəflərdən danışılıb. Firdovsi bəy bu günə qədər qazanılan uğurlar və görülən işləri davam etdirmək, nəticələri daha da yaxşılaşdırmaq üçün çalışacaqlarını bildirib: "Güləşçilərimiz son 10 ildə mütəmadi olaraq Avropa və dünya çempionatlarından, Olimpiya Oyunlarından yüksək əyarlı medallarla qayıdıb. İstər yeniyetmələr, istər gənclər, istərsə də böyüklər arasında həm sərbəst, həm qadın, həm də yunan-Roma güləşi yığmalarımız qatıldıqları məsul yarışlarda komanda hesabında ilk “3-lük”də qərarlaşıb. Ölkə başçısının çıxışlarımızı diqqətlə izləməsi, daim bizə dəstək olması isə məsuliyyətimizi daha da artırır, bizə əlavə stimul verir".
2018-ci ilin güləşçilərimiz üçün əhəmiyyətinə toxunan 1-ci vitse-prezident əsas hədəfin yeniyetmələrin Yay Olimpiya Oyunlarında maksimum sayda güləşçi ilə iştirak və yüksək əyarlı medallar olduğunu bildirib: "Qarşıda bizi bütün yaş kateqoriyalarında Avropa və dünya çempionatları, yeniyetmə güləşçilərin Yay Olimpiya Oyunları gözləyir. Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Olimpiadada ən azı Sinqapur və Nanjinqdəki analoji yarışlardakı uğuru təkrarlamalıyıq. İllik təqvim planımız bəllidi, güləşçilərimiz məşqləri plana uyğun olaraq davam etdirir. 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarına qədər hazırlıqlarımız ən yüksək səviyyədə davam edəcək. Əminəm ki, əziyyətimiz yerdə qalmayacaq və federasiya rəhbərliyi tərəfindən yaradılan yüksək şərait qarşılığında idmançılarımız xalqımızı yeni-yeni qələbələrlə sevindirəcək".
Uğura gedən yolun çalışmaq, əzmkarlıq və nizam-intizamdan keçdiyini bildirən Umudov bundan sonra da fəaliyyətini bu istiqamətdə davam etdirəcəyini deyib: "Etimad göstərilib və bu vəzifə mənə həvalə edilib. Sizinlə birlikdə çalışacağıq ki, etimadı doğruldaq. Bu günə qədər məşqçi kimi fəaliyyətimdə daim diqqətdə saxladığım prinsiplər olub. Bunlar çalışmaq, əzmkarlıq və nizam-intizama riayət etməkdi. Birinci vitse-prezident kimi də bu prinsipləri əldə rəhbər tutaraq fəaliyyət göstərəcəm. Bütün məşqçilərdən və yığmaların üzvlərindən də intizama ciddi riayət etmək tələb olunur. Məqsədimiz və hədəfimiz dəyişməzdi. Güləşimizi daha da inkişaf etdirmək, dünya miqyasında mövqeyimizi qoruyub saxlamaq və daha da gücləndirmək üçün var gücümüzlə çalışmalıyıq. Hədəfimiz yeni-yeni qələbələr, nailiyyətlər qazanmaq, bayrağımızı qaldırıb, himnimizi səsləndirməkdi”.
Görüşün sonunda yığmaların məşqçilərinin gələcək planları müəyyənləşdirilib, müvafiq göstərişlər verilib.
Dünən Firdovsi bəylə biz də danışdıq və öyrəndik ki, o, millidəki fəaliyyətini davam etdirəcək: “Hələ ki baş məşqçi postuna təyinat olmayıb. Paralel olaraq yığmanı çalışdıracam. Başqa millilərin çalışdırıcılarına da şans verilib. Qarşıdakı yarışlarda onların işinə baxılıb qiymət veriləcək. Yanvarın 14-də Qazaxıstan yığması bura gəlir. Onlarla birgə toplanış keçəcəyik. Türkiyədə keçirilən Yaşar Doğunun xatirə turnirinə qatılmayacağıq. Əvəzində fevralda İran və Ukraynada baş tutacaq yarışlarda iştirak etməyi planlaşdırırıq. Yığmada necə dəmir intizam var idisə, federasiyada da elə olacaq. Hər şey nəzarətdə saxlanılacaq. Bundan sonra hamı yumruq kimi birləşib, bir hədəfə vurmalıdı. Hamımız üçün vətən və bayraq ən birinci olmalıdı... Toğrul Əsgərovla dünən telefonla danışmışam. Gəncədə şəxsi məşqçisinin rəhbərliyi altında məşqlərini davam etdirir. Ali qurumdan icazə alan kimi yığmanın hazırlıq prosesinə qoşulacaq”.
SƏRXAN