“Avropa gimnastikasında böyük uğurların həyəcanını yaşamaq üçün birləşək”
Avropa Gimnastika İttifaqı (UEG) rəsmi saytında yeni prezidenti Fərid Qayıbovun fikirlərini yayınlayıb. Gimnastika Federasiyasının sabiq baş katibi ona səs verənlərə təşəkkürünü bildirib və görəcəyi işlərdən danışıb: “Avropa gimnastikasının gələcəyi ilə bağlı qərar vermək üçün 50 ölkənin gimnastika federasiyasının bir araya gəlməsi xoşdu. Məni UEG-in prezidenti seçdiyiniz üçün minnətdaram. Növbəti 4 il üçün təşkilata üzv seçilən bütün əməkdaşlara gələcək fəaliyyətində uğurlar arzulayıram. İndi işə başlamağın vaxtıdı. Gimnastların fikirlərinə diqqət yetirmək, gimnastikada intizam və uğur əldə etmək üçün hər şey etmək lazımdı. Seçki kampaniyası zamanı fikirlərim və planlarım haqda məlumat verdim. Avropa gimnastikasını inkişaf etdirmək və dünya gimnastikasına inteqrasiya etmək üçün əvvəlki illərin təcrübəsinə nəzər salmalıyıq. Əlbəttə, bu müvəfəqqiyyət yolunda irəli sürüləcək yeni fikirlər müxtəlif maneələrlə rastlaşacaq. Lakin bütün bunlar UEG-in 50 üzvünün səyləri nəticəsində aradan qaldırıla bilər. Əslində real uğurlar çətinliklərdən və qorxuların arxasında gizlənir. Gəlin, Avropa gimnastikasında böyük uğurların həyəcanını yaşamaq üçün birləşək”.