Cüdo Federasiyasının qarşısında duran prioritet məsələlərdən biri də regionlarda bu idman növünün kütləviliyi və inkişaf etdirilməsidi. Federasiyanın dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunub. Artıq respublikamızın bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perspektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar. Cüdo Federasiyasının (ACF) rəsmiləri bu dəfə Masallıya baş çəkib. Əvvəlcə Masallı Təlim-Məşq Mərkəzinin açılışı olub. Bu rayonun tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə ACF rəhbərliyinə təşəkkürünü bildirib. Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb. Sonra cüdo zalı yeniyetmələrin istifadəsinə verilib. Bu zalda Cənub bölgəsindən olan azyaşlı yeniyetmələr cüdonun sirlərinə yiyələnəcək.