Sizin reklam burada

U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi

Title
U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi
Yığmaların hamısı bu ay təlim-məşq toplanışında olacaq. Daha doğrusu, əsas yığmadan başqa qalanları artıq hazırlığa start verib. Yalnız Qurban Qurbanovun komandası yanvarın 25-də Antalyada bir araya gələcək. Rəşad Sadıqovun rəhbərlik etdiyi U-21-in qardaş ölkədəki toplanışı yanvarın 9-da başlayıb və ayın 27-dək davam edəcək. Zaur Həşimovun U-18-i ayın 4-də start verdiyi toplanışı 19-dək, Vüqar Məmmədin U-19-u isə iki gün öncə başlayan hazırlığı 20-dək Bakıda davam etdirəcək. Ramin Quliyevə həvalə olunan U-17 Qəbələdə toplanışdadı. Həmin yığmanın hazırlıq prosesi yanvarın 8-22-si aralığını əhatə edir. Bir sözlə, AFFA yeni baş məşqçilər üçün yanvarı sanki “təlim-məşq toplanışı ayı” elan edib. Ancaq burda toxunulası məqam kifayət qədərdi. U-17, U-18 və U-19-un hazırlığını bir kənara qoyaq. Çünki bu yığmalara dəvət alanlar, demək olar, premyer-liqa və kubok matçlarında şans qazanmırlar. İstisnalar isə hansısa komandaya problem yaratmaz. Lakin U-21 və əsas yığmanın məsələsi fərqlidi.
Bu toplanış nəyə xidmət edir?
U-21 hazırda AÇ-2019-un seçmə mərhələsini yarılayıb. Komandanın 5-ci qrupdakı durumu isə ürəkaçan deyil. Yığma geridə qalan 5 turda hesabına cəmi 1 xal yazıdırıb, 3 qol vurub, qapısında 19 top görüb. Əslində statistik göstəricilər hər şeyi deyir. Qısaca xatırladaq ki, Yaşar Vahabzadə ilə tsiklə start verən, ilk iki yenilgidən sonra Samir Ələkbərova etibar edilən U-21-dəki ab-havadan danışmağa dəyməz. Məlum olaylardan sonra bu komandanı toparlamaq çətin məsələdi. Həmin missiya Rəşad Sadıqova tapşırıldı və “Qarabağ”lı artıq ilk toplanışa start verib. Ancaq bunun üçün 18 günlük hazırlıq yetərincə uzun müddətdi. Axı, əsas yığma Berti Foqtsun dönəmində, eləcə də U-21 başqa əcnəbilərə həvalə olunanda bu cür toplanışları şiddətlə qınamışıq. Futbolçuların 15-20 günlüyə klubundan ayrı düşməsinin peşəkarlığa sığmadığını yazmışıq. Ancaq indi də milli 20 günə yaxın toplanışda olacaq. Bəs bu məqam klubların hazırlıq prosesinə təsir etmir? Sabah kimlərsə buna etiraz edəndə, haqq səsini ucaldanda necə olacaq? Vaxtilə əcnəbi məşqçiləri bu cür addıma görə qınayırdıqsa, Sadıqova da haqq qazandırmamalıyıq.
Cavab bəllidi
Qeyd edək ki, yanvarın 9-da təlim-məşq toplanışına start verən U-21 üç yoxlama oyununda qüvvəsini sınayacaq. Sadıqovun komandası 21-i və 26-da Albaniya, 23-də isə Gürcüstan ilə qarşılaşacaq. Uzun müddət sürən toplanışın səbəbini soruşanda, hansı cavabların sadalanacağını bilirik. Səbəb kimi Rəşadın yenidən komandanı formalaşdırması və bunun üçün zamana ehtiyac olduğu göstəriləcək. Bundan başqa, Kosovo ilə martın 22-də keçiriləcək qarşılaşmaya kimi toplanış nəzərdə tutulmayıb. Ancaq əks dəlillərə də nəzər yetirək. Əvvəla, bu seçmə mərhələ onsuz da əldən çıxıb. Qalan 5 turda nəsə önəmli irəliləyişə nail olub, final mərhələsinə vəsiqə qazanılacağından söhbət gedə bilməz. Elə bu tsikl Sadıqov üçün komandanı yenidən formalaşdırmaqdan başqa heç nəyə xidmət etmir. Heç kim U-21-i qalan görüşlərdə mümkün yenilgilərə və ya qrupdan çıxmamağa görə tənqid etməyəcək. Hamıya bəllidi ki, yığma seçmə mərhələnin 5 turundan sonra hansısa məşqçiyə həvalə olunursa, bu onu məsuliyyətdən azad edir. Deməli, Kosovo ilə qarşılaşma həlledici xarakter daşımır. Bu üzdən klubların hazırlıq prosesinə mane olmaq düzgün deyil. Onsuz da dəfələrlə vurğulamışıq ki, futbolçu yığmaya klubundan hazır gəlməlidi. Ancaq bu durumda oyunçu nə klubunda düz-əməlli toplanış keçir, nə də yığma istənilən səviyyəyə yüksəlir. Hər şeyi bir kənara qoyaq. Sırf peşəkarlıqdan danışırıqsa, hazırlıq dönəmində U-21-in bu cür uzun müddəti əhatə edən toplanışa “oturması” qəbulolunmazdı. Hansısa Avropa ölkəsində oxşar təcrübənin olması real deyil. Heç həmin ölkə klublarının da buna icazə verməsi inandırıcı görünmür.
6 əsas heyət üzvü və başqaları
Bəziləri düşünə bilər ki, U-21-də klubların əsas heyət üzvləri top qovmur və bu üzdən toplanış onların planlarına təsir etməz. Ancaq siyahıya nəzər salsaq, sırf 6 əsas heyət üzvünü görə bilərik. “Neftçi”dən Anton Krivotsyuk, “Sumqayıt”dan Ehtiram Şahverdiyev, Xəyal Nəcəfov, “Keşlə”dən Sərtan Taşkın, “Kəpəz”dən İlyas Səfərzadə, “Qəbələ”dən isə Qismət Alıyev klubunda daim forma geyənlərdi. Bundan başqa, Elnur Cəfərov, Ömər Buludov, Bəhlul Mustafazadə, İlkin Muradov, Fəhmin Muradbəyli və Murtazəli Abakarov da mövsümün ilk yarısında müəyyən qədər – az və ya çox, fərq eləmir, şans qazanıblar. Baş məşqçilər onların olduğu sistemi gözdən keçirmək istəyəndə problemlə üzləşəcək. Deyəsən, “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk məhz bu məqamı nəzərə alaraq, Qismətin yanvarın 17-dən U-21-in düşərgəsinə yollanmasına icazə verib. Yeri gəlmişkən, heyətdə iki legioner də var. “Valveyk”in (Hollandiya) Ozancan Kökcünü yığmaya buraxıb-buraxmayacağı maraq doğurur. Eləcə də “Şaxtyor”un (Ukrayna) üzvü Murad Xaçayevlə bağlı eyni sözləri demək olar.
U-21-in ardınca əsas yığma
Klubların hazırlığına təkcə U-21-in toplanışı təsir etməyəcək. Məlum olduğu kimi, yanvarın 25-dən fevralın 2-dək əsas yığmanın da təlim-məşq toplanışı var. Qurban Qurbanovun komandası yanvarın 30-da Moldova, fevralın 2-də isə Gürcüstanla yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Başqa sözlə, klub məşqçiləri U-21-in düşərgəsində olan futbolçularının geri qayıtdığına sevinməyə macal tapmamış, əsas oyunçularından məhrum olacaqlar. Düzdü, Qurbanovun nəzərdə tutduğu toplanış Sadıqovun keçdiyi hazırlıq prosesinin müddətindən xeyli azdı. Əsas milli cəmi bir həftə bir arada olacaq. Ancaq həmin vaxt klublar yoldaşlıq oyunları planlaşdırıblar. Ümumiyyətlə, təlim-məşq toplanışının sonuna doğru komanda yüksəlişdə olur. Həmin an istənilən baş məşqçi əlinin altında kompletkləşmiş heyətin olmasını istəyər. Doğrudu, hər bir klub milliyə daha çox futbolçu verməklə fəxr etməlidi. Ancaq bu toplanış FİFA-nın “pəncərə”sinə düşmür. Özü də qarşıda uzun müddət yığmanı heç bir rəsmi oyun gözləmir. Odu ki, klubların təlim-məşq toplanışlarının qızğın vaxtında belə bir hazırlıq prosesinin planlaşdırılmasını anlamaq çətindi. Çox güman, bununla da bağlı sualın cavabı eynidi: baş məşqçi yığmanı yenidən formalaşdırmaq istəyir. Lakin bu cür məsələlərdə klublar da nəzərə alınmalı, peşəkarlıq çərçivəsindən kənara çıxılmamalıdı. Bəlkə də hər iki baş məşqçinin komandanı tanıması, bünövrəni müəyyənləşdirməsi baxımından budəfəki təlim-məşq toplanışlarına səs çıxaran olmayacaq. Ancaq eyni hal təkrarlansa, artıq durumun indikindən xeyli fərqlənəcəyi şübhə doğurmur.
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.