Sizin reklam burada

"Səbail" "Sabah"la bacarmadı

Title
"Səbail" "Sabah"la bacarmadı
Samir Əliyev Yunis Hüseynova lazım olmayan hücumçunu gözləyir
Dünən Bakıda hazırlıq keçən klubların iştirakı ilə daha bir premyer-liqa - divizon dueli "Bayıl Arena"da baş tutdu. Belə ki, "Səbail" "Sabah"la gücünü sınadı. Bəribaşdan qeyd edək ki, saat 17.00-da start götürən görüşü kifayət qədər adam izləyirdi. Ancaq əksəriyyət yerli sakinlər və ya azarkeşlər yox, menecerlər, eləcə də futbolçuların yaxınları idi. Tanınanlardan "Kəpəz"dən ayrıldıqdan sonra işsiz mütəxəssislərin sırasına qoşulan Şahin Diniyevin, həmkarımız və menecer fəaliyyəti ilə tanınan Erkin İbrahimovun, daha bir jurnalist, hazırda "Xəzər"in idarəçiliyində təmsil olunan Gündüz Abbaszadənin, "Qaradağ Lökbatan”ın baş məşqçisi Həbib Ağayevin adını çəkə bilərik.
Oyuna gəlincə, fasilə dövründə xeyli güclənən "Sabah"ın "Səbail"ə "boy verdiyini" vurğulayaq. Təsadüfi deyil ki, Samir Əliyevin komandası 90 dəqiqə ərzində divizion təmsilçisinin qapısına yol tapa bilmədi və oyun qolsuz heç-heçəylə başa çatdı.
Debütantın heyətində baxışda yeni oyunçu olduğunu xəbər verək. Belə ki, Samir Əliyev gürcü müdafiəçi Nika Apakidzeni sınayır. Bir özəl bilgini də diqqətinizə çatdıraq. Belə ki, "Səbail"in əlimyandıda axtardığı hücumçu böyük ehtimalla Yunis Hüseynovun gəlişindən sonra "Kəpəz"dən ayrılan Viktor Oseqeyl olacaq. Afrikalı oyunçu növbəti yoxlama matçına qədər düşərgəyə qoşulmalıdı. Yeri gəlmişkən, "Səbail" yanvarın 15-dəki rəqibini dəyişib. MOİK hələ məşqləri bərpa etmədiyini əsas gətirərək, oynamaqdan imtina edib. Beləliklə, Samir Əliyev 3 gün sonra yetirmələrini "hərbçilər"ə qarşı yox, divizionun daha bir iddialı komandası olan "Xəzər"lə görüşdə sınayacaq. Oyunun vaxtı da dəyişib. MOİK-lə saat 17.00-da qarşılaşmalı olan "Səbail" "Xəzər"lə səhər saatlarında, konkret 11-də üz-üzə gələcək.
"Sabah"dan da xəbərlər var. Divizion təmsilçisinin heyətində də baxışda yeni oyunçular var. Baş məşqçi Arif Əsədov "Şəmkir"dən və "Xəzər"dən tanıdığımız hücumçu Şahin Baleljaeni, eləcə də moldovalı ön xətt oyunçusu Artyom Zabunu sınayır. Şahinin komandada qalmaq ehtimalı daha çoxdu. "Sabah" da növbəti yoxlama görüşünü yanvarın 15-də keçirəcək. Rəqib Yunis Hüseynovun "Kəpəz"i olacaq. Tərəflər saat 14.00-da ADBTİA-nın stadionunda qarşılaşacaq.
MİRAĞA
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.