Rauf Əmirov içkiyə, Arif Fərəcov aqressivliyə qurban gedib
Çərşənbə axşamı AFFA-da mövsümün ilk yarısı müzakirə olunub. Söhbət Hakimlər-inspektorlar Komitəsinin iclasından gedir. Əli Hüseynovun rəhbərlik etdiyi qurum 2 dövrə ərzində Topaz premyer-liqası, əvəzedicilərin çempionatı, birinci divizion, həmçinin futzal yarışlarına təyinat alan inspektor və AFFA nümayəndələrinin işinə qiymət verib. İclasla bağlı özəl bilgilər əldə etmişik. Komitə sədri Əli Hüseynov iclas iştirakçılarının diqqətinə çatdırıb ki, diviziona təyinat alanlardan 4, premyer-liqada isə 3 nəfər cəzalandırılıb. Görüşün yekunu ilə bağlı Əli bəyə zəng vurmazdan öncə araşdırma aparıb premyer-liqa cəzalıları haqda məlumatları üzə çıxardıq. Sən demə, 2 AFFA nümayəndəsi, 1 inspektor cəza alıb. İnspektor Rövşən Əhmədovdu. Mingəçevirli sabiq referi artıq cəzasını başa vurub. O, 4-cü turda baş tutan “Sumqayıt” – “Neftçi” matçının hakimi Rəhim Həsənova şişirdilmiş qiymət yazmaqla komitənin qəzəbinə tuş gəlib. Nəticədə Əhmədov iki ay yarışlara təyinatdan məhrum olub. O, sentyabrın 10-dakı oyunda cəzalandıqdan sonra premyer-liqada növbəti təyinata qədər 8 tur gözləyib və noyabrın 25-də keçirilən “Kəpəz” – “Qəbələ” oyununda iş başına dönüb. AFFA nümayəndələrinin cəzası isə daha ağırdı. Həm də kifayət qədər “ağır maddə” ilə uzaqlaşdırılıblar. Rauf Əmirovla Arif Fərəcovun ilin sonuna kimi (!) premyer-liqada görünməməsinin ilginc səbəbi varmış. Maraqlıdı ki, onlar da Rövşən Əhmədov kimi 4-cü turda cəzalanıblar. Əmirov “Qəbələ” – “Zirə” oyununa içkili gedibmiş. Bunun sistematik hal aldığını nəzərə alan HİK Rauf bəyi qışa qədər təyinatdan məhrum edib. Arif Fərəcov isə “Keşlə” (o vaxt hələ “İnter” adlanırdı) ilə “Kəpəz”in oyununda aqressiv davranışına görə uzaqlaşdırılıb.
Detalları Əli Hüseynovla dəqiqləşdirdik və məlum oldu ki, eşitdiklərimiz doğrudu. Komitə sədri heç nəyi gizlətmədi: “Bəli, dünən (yanvarın 9-da) ilin yekunu ilə bağlı bir araya gəldik. Müxtəlif liqalarda yol verilən qüsurları hər kəsin diqqətinə çatdırdıq. Təlimatları, qiymətləndirmədəki dəyişiklikləri inspektor və nümayəndələrə başa saldıq. Bəllidi ki, ikinci dövrə birincindən çətin keçəcək. Buna görə də səylərin artırılmasından danışdıq. Gizlətmirəm, mövsümün ilk yarısı ilə bağlı cəzalar var. Biri qiymətləndirmə ilə bağlıdı. Rövşən müəllim çempionatın əvvəlində, aldığı 2-ci təyinatda hakimin işini düzgün qiymətləndirməmişdi, yüksək qiymət yazmışdı. Elə alındı ki, 2 ay təyinatsız qaldı. Arif Fərəcovla Rauf Əmirov isə ilin sonuna kimi uzaqlaşdırılıb. Ağır cəza deyəndə, biz özümüzdən heç kimi kənarlaşdırmırıq. Əsasnamə, nizam-intizam qaydaları var. Hər biri də orda yazılanları bilir, çünki o kitabları paylamışıq, hər kəsdə var. Hər biri haqda ayrı-ayrılıqda danışmaq istəməzdim. Bilirəm, Fərəcov çılğındı, emosionaldı. Hər dəfə də aqressivliyi başına iş açır. Ötən mövsüm “Sumqayıt”da problem yaratmışdı. Bir dəfə - konkret 2017-ci il martın 30-da – ona görə dəqiq xatırlayıram ki, özüm ordaydım – “İnter” – “Qəbələ” matçından sonra polislə tutaşmışdı. Polislər onu bölməyə aparırdı, birtəhər əllərindən aldıq. Bu dəfə də “İnter”lə “Kəpəz”in oyununda gəncəlilərin baş məşqçisi, ikinci məşqçi və futbolçulardan biri ilə əlbəyaxaya çıxıb. Dünyanın harasında var ki, nümayəndə futbolçu və ya məşqçi ilə dalaşsın? Eşitmisizsə, görmüsüzsə, deyin. Əksinə, onun vəzifəsi iğtişaşları yatırmaq, qayda-qanun yaratmaqdı. AFFA nümayəndəsi olanda nə olar, səlahiyyəti aşmaq olmaz axı. Rauf Əmirov da onun kimi. Razıyam, bizdə səlahiyyətini aşan nümayəndələr var. Bizə siqnallar gəlir. Hər biri haqda ölçü götürmüşük, bundan sonra da belə olacaq”.
MİRAĞA