Sizin reklam burada

Veteranlar bu gün Fuad Musayevin qəbrini ziyarət edəcək

Müəllif: football Tarix: 11-01-2018, 21:41 929 Baxış
Veteranlar bu gün Fuad Musayevin qəbrini ziyarət edəcək
Çingiz İsmayılov: “O diktator yox, tələbkar idi...”
Yaşasaydı, bu gün 80 illik yubileyini qeyd edəcəkdi. Söhbət AFFA-nın birinci prezidenti, ötən ilin iyununda dünyasını dəyişən Fuad Musayevdən gedir. Bu günə kimi onun haqda çox yazılıb, çox danışılıb. Ancaq heç şübhəsiz, onu yaxından tanıyanlar rəhmətlik haqda daha dolğun məlumata sahibdi. Belə insanlardan biri də Çingiz İsmayılovdu. Dünən veteran futbolçu, təqaüddə olan jurnalist, sabiq futbol funksioneri ilə əlaqə saxlayıb, Musayevlə bağlı xatirələrini bölüşməsini istədik: “Fuad Musayevlə uşaqlığım bir yerdə keçib. Biz Lermontov küçəsində yaşayırdıq, o isə bir tin yuxarıda qalırdı. Aramızda 3 yaş fərq olsa da, demək olar ki, bir yerdə böyümüşük. Müharibə dövrünün uşaqları olduğumuzdan kiçik yaşlarımızdan çox çətinliklərlə qarşılaşmışıq. Problemlərə baxmayaraq, heç vaxt idmanı yaddan çıxarmamışıq. Daim məhəllə futbolunda rəqib olardıq. Musayevin qaldığı küçədə yaxşı idmançı uşaqlar var idi. Fuad uşaq vaxtı da cığal idi, çünki heç vaxt uduzmağı xoşlamazdı. Rəhmətlik futbolla yanaşı, voleybol da oynayırdı. Hətta məktəblilərin ümumrespublika spartakiadasında onun çıxış etdiyi məktəbin komandası qalib adını qazanmışdı. Voleybolu çox sevdiyindən hazırda qadınlardan ibarət milimizin baş məşqçisi Faiq Qarayevə daim dəstək olub. Keçmiş Politexnik İnstitutunu bitirdikədən sonra Evtikmə Kombinatında prorab kimi əmək fəaliyyətinə başlasa da, çox keçmədən yüksək vəzifələrə təyin olundu. Bu da onun işgüzarlığından irəli gəlirdi. İstər Nazirlər Kabinetində, istərsə də Bakı şəhərinin birinci katibi işlədiyi illərdə daim ölkə futboluna, xüsusilə də “Neftçi”yə diqqət ayırır, komandanın uğur qazanması üçün əlindən gələni edirdi. Mənim “Neftçi”yə rəis təyin olunmağım da birbaşa onun göstərişi əsasında baş tutmuşdu”.
Çingiz bəy tarixə AFFA-nın ilk prezidenti kimi düşən Musayevlə bağlı bunları da söyləməyi unutmadı: “Bəziləri deyir ki, Fuad müəllim diktatordu. Xeyr, o heç vaxt diktator olmayıb, sadəcə, tələbkar idi. Bu da müəyyən insanların, işləməyi xoşlamayan kəslərin xoşuna gəlmirdi. Musayev AFFA-nın prezidenti kimi tarixə düşüb. O bu vəzifəyə keçəndə ətrafına ancaq futbol adamlarını topladı. Düzdü, sonradan bəziləri ona qarşı çıxdı, ayağının altını qazmağa başladı. Buna baxmayaraq, o heç vaxt həmin şəxslərlə birgə çalışdığına görə peşman olduğunu dilə gətirmədi”.
Çingiz bəy rəhmətliklə bağlı bir xatirəni bölüşməyi lazım bildi: “Bir dəfə məni yanına çağırıb “Çingiz, UEFA bizə pul ayıracaq. Necə düşünürsən, həmin vəsaitə AFFA-ya yeni bina tiksək, yaxşı olar, yoxsa stadion inşa etdirək” sualı verdi. Ardınca da cavabımı gözləmədən “ən yaxşısı stadiondu, binanı sonra da tikə bilərik. Əsas odu, millinin bazası olsun” söylədi. Əslində mən də eyni fikirləri səsləndirəcəkdim. Bu fakt bir daha göstərir ki, Musayev özünün rahatlığından çox yığmanı düşünürdü. Və beləcə o vaxt “Şəfa” inşa olundu. Rəhmətliyin UEFA rəhbərliyinin yanında da hörməti böyük idi. Ona həmişə xüsusi hörmət-izzət göstərirdilər. Allah ona rəhmət eləsin. Azərbaycan futbolu üçün çox işlər gördü. Sabah (bu gün) bir neçə veteranla birgə məzarını ziyarət edəcəyik”.
RƏŞAD
SON XƏBƏRLƏR