Elita klubları ilə yanaşı, birinci divizion təmsilçiləri də fasilə dönəmində boş oturmur. Onlar da fürsətdən maksimum faydalanıb çempionatın ikinci yarısına hazırlaşırlar. Belə klublardan biri də qarşısına mövsümü mükafatçılar sırasında bitirməyi məqsəd qoyan “Sabah”dı. Arif Əsədovun çalışdırdığı komanda yanvarın 5-dən hazırlığa start verib. Bu ərəfədə heyətə əl gəzdirən “tələbələr” düşərgəyə bir neçə yeni futbolçu dəvət edib. Maksim Vaylo ilə Təyyar Məmmədovu “Neftçi”dən icarəyə götürən komanda “ağ-qaralar”ın daha bir sabiq yetirməsi, dövrələrarası fasiləyə qədər elita təmsilçisi “Səbail”in şərəfini qoruyan Emin Mehdiyevi baxışa dəvət edib.
Bu haqda bilgini Arif Əsədovdan aldıq. “Sabah”ın çalışdırıcısı Emin və baxışda olan başqa futbolçularla bağlı qərarın verilmədiyini bildirdi: “Yanvarın 5-dən təlim-məşq toplanışına başlamışıq. Artıq mətbuatda yazıldığı kimi bəzi oyunçularla yollarımızı ayırmışıq, heyətə yenilər dəvət olunub. Təzə gələnlərdən yalnız Maksim Vaylo və Təyyar Məmmədovla anlaşma imzalanıb. Digərləri ilə bağlı isə yoldaşlıq oyunlarından sonra qəti fikir bildirə bilərəm. Heyətdə legionerin də olacağı istisna deyil”.
Ötən saylarımızın birində “Sabah” kimi qarşısına elitaya çıxmaq hədəfi qoyulan “Xəzər”in toplanış üçün Türkiyəyə yollanacağını xəbər vermişdik. Bəs görəsən, vergilər naziri Mikayıl Cabbarovun xeyir-duası ilə yaranan klub ölkədən kənara çıxacaqmı? Baş məşqçi bu suala belə cavab verdi: “Təlim-məşq toplanışının ikinci mərhələsini “Əlincə”də keçirəcəyik. Orda normal hazırlıq keçmək üçün hər cür şərait var. İkihəftəlik hazırlıqdan sonra futbolçulara istirahət veriləcək. Yanvarın 19-da isə yenidən bir araya gələcəyik”.
RƏŞAD