“Mən də eşitmişəm ki, “Qəbələ” Xəlilzadəyə görə 100 min ödəyib”
“Qəbələ” və “Zirə” çempionatda medallar uğrunda mübarizə aparsa da, gərgin rəqabətə girişsələr də, aralarında futbolçu mübadiləsi tez-tez olur. Paytaxt klubu elitadakı ilk mövsümündə “qırmızı-qaralar”dan Sadiq Quliyevla Tellur Mütəllimovu icarəyə götürmüşdü. Anar Nəzirov da “Zirə”yə məhz “Qəbələ”dən yollanmışdı. Elvin Məmmədov isə əks marşrut üzrə hərəkət etdi. Bu qışda da bir-biriylə “alış-veriş” etdilər. Təmkin Xəlilzadə “Qəbələ”nin yolunu tutdusa, “Zirə” bölgə təmsilçisindən Tellur Mütəllimovu qopartdı. 2015/16 mövsümündə icarə əsasında oynadığı kluba qayıdan xaçmazlı futbolçu ilə danışmağı məqsədəuyğun saydıq.
- “Zirə”yə keçidin ani oldu?
- Bəli, gözlənilməz transfer idi. Birdən-birə alındı. Danışıqlar aparıldı və keçid reallaşdı.
- Bu keçidə razı idin, ya məcburi atılmış addım idi?
- Oynaya biləcəyim komandaya keçmək istəyirdim. Elə alındı ki, anidən “Zirə” variantı ortaya çıxdı.
- Ötən mövsüm çempionatda 4 qola imza atmışdın. “Qəbələ”də işlərin qaydasında gedirdi. Bu mövsüm geriləmənin səbəbi nədi?
- Zədəyə görə gerilədim. Çempionatın əvvəllərində sıradan çıxdım. Sonradan formaya düşənə kimi mövqeyimi itirdim.
- Təmkin Xəlilzadə ilə yer dəyişdiz. Bu əvəzetmənin yekununda “Qəbələ” hazırkı klubuna müəyyən qədər vəsait ödədi. Bu sövdələşmədən belə çıxır ki, həmkarın səndən daha çox qiymətləndirilib. Özünü Təmkindən zəif sayırsan?
- İşin maliyyə tərəfini bilmirəm. Mən də eşitmişəm ki, “Qəbələ” Xəlilzadəyə görə 100 min ödəyib. Bu söhbətin mənə aidiyyatı yoxdu. Fikrim, sadəcə, oynamaq idi. Bu üzdən istənilən kluba keçməyə hazır idim. Şükürlər olsun, istədiyim kimi də alındı. Mənə kimdənsə güclü və ya zəif olmağım maraqlı deyil. Heç belə şey haqda fikirləşməmişəm. Diqqətimi ancaq oyunuma ayırmışam.
- Məhz “Zirə”də premyer-liqa təcrübəsi toplayıb “Qəbələ”yə yollanmışdın. Yenidən paytaxt klubunda uğurlu çıxış edəcəyini gözləyirsən?
- Gözləyək, görək o dəfəki kimi alınacaqmı. İstərdim burda təcrübəmi artırıb, daha da irəli gedim. Xeyirlisi olsun.
- Fərq ondadı ki, indi komandanı Adil Şükürov yox, Ayxan Abbasov çalışdırır...
- Ayxan müəllim çox gözəl məşqçidi. Məşqlərə yeni başlamışıq. Tədricən yüklənmə olacaq. Hələ ki yüngül hazırlıq gedir.
- Yəqin ki, “Zirə”də daha az maaşa oynayacaqsan, elədimi?
- Bunu açıqlamaq istəmirəm. Əməkhaqqımı söyləməyim doğru olmaz. Ancaq “Qəbələ”də aldığım qədər maaş olmayacaq (gülür).
- “Zirə” doğma meydanda oyunlarını sintetik örtükdə keçirir. Mövsümün gedişində əksər hazırlıq prosesi süni örtükdə baş tutacaq. Bu da zədə riskini artırır. Bu vəziyyət səni narahat edir?
- Süni qazon təbii örtüklə müqayisədə pisdi. Ancaq daha öncə “Zirə”də icarə əsasında çıxış edəndə meydana öyrəşmişdim. Zədəm də olmurdu. İnşallah, bu il də öyrəşərəm. Bir gün otda, bir gün sintetikada məşq etsən, zədələnmək ehtimalın artar. Ancaq davamlı eyni qazon üzərində hazırlıq keçəndə şəraitə alışırsan.
- Əsl mövqeyin yarımmüdafiənin cinahı olsa da, daha çox müdafiəçi kimi oynamısan. Sənə harda oynamaq daha rahatdı?
- Mənim üçün elə də fərqi yoxdu. Müdafiənin cinahında yer alanda da hücumlara tez-tez qoşuluram.
- Sağ cinahda çıxış etsən də, Təmkinin “Qəbələ”yə gedişindən sonra “Zirə”nin sol cinahında çatışmazlıq yaranıb. Ayxan Abbasov səni hansı cinahda oynatmağı planlaşdırır?
- Mənə harda şans versə, orda əlimdən gələni edib, layiqincə oynamağa çalışacam.
- Yəqin ki, sabiq komandanla oyunlarda özünü daha çox sübut etməyə çalışacaqsan?
- Bəli. İstər-istəməz həmin görüşlərdə motivasiya artır. Ancaq bütün qarşılaşmalara motivasiyalı çıxacam. Çünki çoxdandı meydana çıxmıram. İndidən özümdə həmin motivasiyanı hiss edirəm. Əsas odu ki, zədədən uzaq olaq.
- “Zirə”nin mövcud heyətlə neçənci yeri tutacağını düşünürsən?
- Bunu mən necə deyim? Allah bilən məsləhətdi. İnşallah, yaxşı olar. Çalışacağıq ki, ən yüksək yer uğrunda mübarizə aparaq. Çempionatda zəif komanda yoxdu. Bu üzdən proqnoz vermək çətindi.
- 22 yaşın var və karyeranın inkişaf dövrünü yaşayırsan. Özünü yığmada oynamağa hazır sayırsan? Yoxsa Qurban Qurbanovdan dəvət almaq üçün daha da “artırmalısan”?
- İlk düşündüyüm şey klubumda mümkün qədər çox oynamaq və formamı bərpa etməkdi. Yaxşı oynasam, yığmaya çağırıla bilərəm. Qurban müəllim çağırsa da sağ olsun, çağırmasa da. Layiq bilsə, dəvət göndərəcək. Milliyə çağırmasa, deməli, məlum olacaq ki, hələ üzərimdə daha çox işləməli və “artırmalıyam”.
SƏRXAN