Yığmamızın sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri haqda ötən sayımızda xəbər vermişdik. Belə ki, xorvat mütəxəssis Bosniya və Hersoqovinanın baş məşqçisi təyin olunub. O AÇ-2020-nin seçmə mərhələsinin sonuna qədər müqavilə imzalayıb. Prosineçki yanvarın sonunda yeni postunda fəaliyyətə başlayacaq və ayın 28-də bosniyalıları ABŞ-a təlim-məşq toplanışına aparacaq. Fevralın 3-də Meksika ilə yoxlama matçında isə Bosniya və Hersoqovinanın baş məşqçisi kimi debüt edəcək.
Artıq Prosineçkinin köməkçiləri də müəyyənləşib. Xorvat çalışdırıcı özünə 4 yardımçı seçib. 49 yaşlı mütəxəssis millimizdə birgə çalışdığı Qordan Tsipriçlə Draqan Spasiçi yeni iş yerində də yanında görmək istəyib. Bunlardan əlavə, yerli mütəxəssislər Kənan Hasaqiç və Elvir Rahimiç də Prosineçkinin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq. Onu da qeyd edək ki, Bosniya və Hersoqovina Prosineçkinin baş məşqçi kimi çalışacağı 4-cü iş yeridi. O daha öncə yığmamızla yanaşı, “Srvena Zvezda” (Serbiya) və “Kayserispor”da (Türkiyə) bu funksiyanı yerinə yetirib.
Yeri gəlmişkən, xorvat mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında yeni komandasındakı hədəflərindən danışıb. O yığmamızdakı fəaliyyəti ilə yeni iş yeri arasında müqayisə aparıb: “Bosniya və Hersoqovina kimi bir yığmanın baş məşqçisi olduğum üçün çox şadam. Bir neçə gün sonra ora gedəcəm və işimə start verəcəm. Mənə etimad göstərənlərə təşəkkür edirəm. Hamımızın başlıca hədəfimiz əla nəticələr qazanmaq və komandanı böyük turnirlərə çıxartmaqdı. İnanıram ki, yaxşı iş görərək, AÇ-2020-nin final mərhələsinə vəsiqə qazana biləcəyik. Pul önəmli deyil. Əsas məsələ yaxşı işləməkdi. Bosniya və Hersoqovina bütün komponentlərdə Azərbaycan yığmasından bir böyük addım öndədi. Buna görə də qarşılıqlı məmnunluq naminə hər şeyi edəcəyimizi düşünürəm. Çalışacağıq ki, bütün üstün cəhətlərimizdən yararlanaq. Burda ən əsası lider oyunçular mövcuddu. Qarşıda xeyli iş var. Motivasiyamız bu çətinlikləri dəf etməyə qadirdi. Bundan başqa, karyeralarını bitirdiklərini açıqlayan Vedat İbişeviç və Senad Luliçlə danışacam. Onları yenidən yığmada görməkdən şad olaram”.
Bu arada Prosineçkinin Bosniya və Hersoqovinadakı qazancı açıqlanıb. Xorvat mütəxəssis aya 15 min avro maaş alacaq. Bu isə ildə 180 min avro deməkdi. Maraqlıdı ki, o Azərbaycanda ilinə 1,2 milyon avro qazanırdı. Onu da qeyd edək ki, Prosineçki bosniyalıları AÇ-2020-nin final mərhələsinə daşıya bilsə, əlavə 300 min avro mükafat alacaq. Xorvatiya mətbuatının daha bir iddiasına görə, AFFA ötən ilin sonunda 49 yaşlı mütəxəssisə ildə 1,5 milyon avroluq yeni müqavilə təklif edib. Lakin Prosineçki yığmamızda maksimuma nail olduğunu bildirərək, təklifdən imtina edib. Bundan başqa, mütəxəssisin Sloveniyanın illik 350 min avroluq təklifini də müsbət cavablamadığı vurğulanıb.
Təbii, burda əsas diqqəti çəkən məqam Prosineçkinin bizdəki qazancından dəfələrlə az maaşa razılaşmasıdı. Düzdü, AFFA ilə müqavilədə nəzərdə tutlan 1,2 milyon onun özü ilə yanaşı, 3 xorvat köməkçisinə verilirdi. Bununla belə, 49 yaşlı çalışdırıcı sırf özü ölkəmizdə ilinə təxminən 1 milyon avro qazanırdı. Bu isə o deməkdi ki, Bosniya və Hersoqovinada həmin məbləğdən təxminən 5-6 dəfə az qazanacaq. Başqa sözlə, bosniyalılar pulunun qədrini bilir və mütəxəssisə nə qədər maaş verməli olduğunu anlayır. Özü də AFFA-dan fərqli, mükafatı hər oyuna görə yox, konkret hədəfə - AÇ-2020-nin final mərhələsinə vəsiqəyə görə təyin edib. Əslində bütün bunlar AFFA-ya dərs olmalıdı. Əcnəbilərə lazımsız yerə xərclənən vəsaiti daha faydalı işlərə sərf etmək lazım idi. Elə məhz buna görə də bu gün bosniyalılar Avropanın aparıcı çempionatlarında top qovur, bizimkilər isə heç 3-4-cü dərəcəli birinciliklərdə möhkəmlənə bilmir.
FARİZ