Rəşad Sadıqov 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi kimi ilk təlim-məşq toplanışı üçün heyəti açıqlayıb. Bəribaşdan qeyd edək ki, hazırlıq prosesi yanvarın 9-dan 27-dək Türkiyənin Antalya şəhərində baş tutacaq. Sadıqov qardaş ölkəyə 26 futbolçu aparacaq. Heyətdə ölkə xaricindən yalnız iki futbolçu dəvət olunub. Bunlardan biri əvvəllər də aşağı yaş qrupları üzrə millilərə dəvət olunan Murad Xaçayevdisə, digəri Ozancan Kökcüdü. Xüsusilə türk əsilli legionerin yenidən yığmaya çağırılması birmənalı qarşılana bilməz. Belə ki, gənc hücumçu Samir Ələkbərovun vaxtında millidən ayrıldığını elan etmişdi. "Bursaspor"dan ayrılıb yenidən Hollandiyaya qayıdan Ozancan Antalyada Sadıqovun sərəncamında olacaq. Qalan 24 oyunçu isə yerli klubların təmsilçiləridi. Toplanışda “Neftçi” daha çox - 5 futbolçu ilə təmsil olunacaq. Bundan başqa, “Sumqayıt” 4, “Keşlə” 3 üzvünü U-21-ə ezam edəcək. Maraqlıdı ki, Sadıqov şərəfini qoruduğu “Qarabağ”ın yalnız iki üzvünə ehtiyac duyub. “Qəbələ”, “Səbail”, “Zirə” və “Kəpəz”dən də eyni sayda oyunçu toplanışa dəvət alıb. Bir sözlə, yığmaya elita klublarının hamısından futbolçu çağırılıb. Gənc çalışdırıcı divizionu da diqqətdən kənar saxlamayıb. MOİK də ölkə çempionu “Qarabağ” kimi iki futbolçusunu milliyə verəcək. Antalya toplanışında Kamran İbrahimov, Elnur Cəfərov, Elvin Sərkərov, Ömər Buludov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Ehtiram Şahverdiyev, Xəyal Nəcəfov, Bəhlul Mustafazadə, Ülvü İskəndərov (hamısı “Sumqayıt”), Sərtan Taşkın, Murad Qayalı, Rafael Məhərrəmli (hamısı “Keşlə”), İsmayıl İbrahimli, Aydın Bayramov (hər ikisi MOİK), Famil Camalov, Əskər Hüseynov (“Qarabağ”), Fəhmin Muradbəyli, Murtazəli Abakarov (hər ikisi “Səbail”), Abdulla Seyidəhmədov, İlkin Muradov (hər ikisi “Zirə”), İlyas Səfərzadə, Yusif Cəfərov (hər ikisi “Kəpəz”), Hacıağa Hacılı, Qismət Alıyev (hər ikisi “Qəbələ”), Ozancan Kökcü (“Valveyk”, Hollandiya), Murad Xaçayev ("Şaxtyor", Donetsk, Ukrayna) iştirak edəcək.
Qeyd edək ki, Murad Xaçayevlə Qismət Alıyev komandaya yanvarın 17-də qoşulacaq.