Sizin reklam burada

“Neftçi” huşunu itirən iranlı legionerlə vidalaşdı

Müəllif: football Tarix: 7-01-2018, 19:50 538 Baxış
“Neftçi” huşunu itirən iranlı legionerlə vidalaşdı
Ruslan Hüseynov: “Dedilər nevrozdan və əsəbdən baş verib bu hadisə”
Futzal üzrə yüksək liqanın son turu çərçivəsində keçirilən “Neftçi” – “Marafon” qarşılaşması xoşagəlməz hadisə ilə yadda qalmışdı. Belə ki, matçın başa çatmasına 1 dəqiqə qalmış “Neftçi”nin iranlı legioneri Sadiq Cavid meydanın mərkəzində qəfil huşunu itirərək yıxılmışdı. Futzalçıya yerində tibbi yardım göstərilsə də, “Neftçi”nin, “Marafon”un, həmçinin oyunların baş həkimi Esmiralda Ələkbərovanın müdaxiləsi yetərli olmamış, iranlı xəstəxanaya çatdırılmışdı. Düzdü, 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) bir gecə qalan futzalçının tibbi müayinədən keçirildikdən sonra hansısa orqanında çatışmazlıq, problem aşkarlanmamışdı. Beləliklə, Sadiq Cavad evə buraxılmışdı. Onu da öyrənmişdik ki, bu, Sadiqin səhhətiylə bağlı ilk belə hal deyil. O, “Araz”la oyunda da yerə yıxılıb, xoşbəxtlikdən xəsarəti ciddi olmayıb və özünə tez gəlib. Ötən mövsüm “Yasamal”da forma geyən futzalçının əvvəllər də oxşar vəziyyətə düşdüyü bildirilir.
Təbii ki, “Neftçi”nin səhhətində problem olan birini heyətdə saxlamayacağı gözlənilən idi. Dünən klubun direktoru Ruslan Hüseynovla əlaqə saxlayıb, iranlı futzalçının taleyinə aydınlıq gətirməyə çalışdıq: “Sadiqi avqustda sıralarımıza qatmışdıq. Bizə qədər isə birinci liqada “Yasamal”ın heyətində çıxış etmişdi. Yəni gözümüzün qarşısında olan futzalçı idi. Deyirlər, guya uşaqlıqda oxşar problemi olub. Ancaq biz onu komandaya götürəndə sağlamlıq haqda arayış almışdıq. “Semaşko”da Sadiqin Azərbaycanda yaşayan qohumlarıyla da görüşdük, onlar da başverənlərə izah tapa bilmirdilər. Maraqlıdı ki, son hadisə zamanı xəstəxananın diaqnozunda da ciddi nəsə aşkarlanmadı. Dedilər nevrozdan və əsəbdən, yəni oyunun stressindən baş verib bu hadisə. Etiraf edim ki, son oyunlarda heyət problemimiz var idi və 4-5 nəfərin üzərinə çox yük düşmüşdü. İstənilən halda, Sadiqlə yollarımızı ayırmağı qərarlaşdırmışıq”.
Sadiq Cavad “Neftçi”dən göndəriləcək yeganə futzalçı olmayacaq. Ruslan bəy daha dörd nəfərlə vidalaşacaqlarını deyir: “İndidən ad açıqlamaq istəmirəm. Amma “qara siyahı”mız hazırdı. Daha iki legioner, həmçinin iki yerli oyunçu ilə yolları ayırmağı planlaşdırırıq. Onların məsələsinə gələn həftə nöqtə qoyulacaq. Əvəzində yeni transferlərimiz olacaq. “Neftçi” hazırda layiq olduğu mövqedə qərarlaşmayıb. Sırf oyun planında geri qaldığımızı düşünmürəm. Turnir cədvəlində ilk “üçlük”də olmamağımızın obyektiv və subyektiv səbəbləri var. Zədələr mövsümün ilk yarısında tam heyətlə oynamağımıza imkan vermədi. Anar Həsənovla Oruc Baxşəlizadə, eləcə də iranlı legioner Məhəmməd yersiz zədələr aldılar. Biri əlindən, ikisi ayağından. Neçə müddət gipsdə qaldılar. Özü də oyunda yox, məşq prosesində sıradan çıxdılar. “Neftçi”ni yenidən ön sıralara çıxarmaq üçün səylərimizi artırmışıq. Artıq yeni transferlər üçün danışıqlara başlamışıq. İrandan və Braziliyadan oyunçular dəvət olunacaq.
Hazırlıqlara isə yanvarın 15-dən start verəcəyik. Mövsümün ikinci yarısına qədər biraylıq hazırlıq keçəcəyik. Məşqçilər korpusu bu müddətdə həm heyəti optimallaşdıracaq, həm də funksional hazırlığı qaydaya salacaq. Biz İlqar Aslanova inanır, onun təcrübəsinə bel bağlayırıq. Məşqlərimiz “Olimpik Star”da olacaq. Ümumiyyətlə, qış fasiləsindən sonra çempionatdakı ev oyunlarımızı da orda keçirmək istəyirik”.
MİRAĞA
SON XƏBƏRLƏR