“Qış fasiləsindən sonra oyunlar daha gərgin, maraqlı keçəcək”
“Ekol” bir neçə ildi futzal çempionatına rəng qatır. Düzdü, “şirkət təmsilçisi” çempion ola bilmir, ancaq son 5 mövsümdən üçündə “üçlük”də yer alması, liderin ən yaxın izləyicisi olması çox şeydən xəbər verir. Heç şübhəsiz, bu illərdə ən güclü heyəti serbiyalı baş məşqçi Fredraq Rayiç formalaşdırmışdı. Elə cari mövsümdə də komanda “üçlük”dədi, ancaq hələ ki lider “Araz” bir yana, debütant “Marafon”la da ayaqlaşa bilmir. Hazırda kollektivə Radik Əhmədov başçılıq edir. Hansı ki o, oynayan-məşqçi funksiyasını icra edir. Yüksək liqada mövsümün ilk hissəsini dəyərləndirən gənc mütəxəssis qışdan sonra gərgin mübarizə vəd edir: “Qış fasiləsinə qədər maraqlı yol qət etdik. Oyunların gərgin keçməsi, proqnozlaşdırılmayan nəticələrin qeydə alınması bu marağın bir hissəsidi. Qələbələr də qazandıq, məğlubiyyətlərlə də barışmalı olduq. Amma çalışdıq ki, hər bir səhvimizdən nəticə çıxaraq. Bəzən işlər qaydasında getmədi. Ruhdan düşmədik, çox çalışdıq və sonda qələbələri sıraladıq. Fasiləyə qədər turnir cədvəlində yalnız bir komandanın mövqeyi dəyişmədi. Qalan komandaların çıxışında yüksəliş də oldu, eniş də. Hələ çempionatın yarısı arxada qalıb, deməli, fasilədən sonra nəticələrdə də, turnir cədvəlindəki mövqelərdə də dəyişiklik ola bilər. İndi heç bir qələbə asan qazanılmır, gərək sona qədər mübarizə aparasan. Məqsədinə nail olmaq üçün çox əziyyətə qatlaşmalısan. Turnir cədvəlinin üst sıralarında yer alan komandalar həqiqətən də fasiləyə qədər yetərincə mübarizə apardılar. Hadisələrin belə axarı onu göstərir ki, qış fasiləsindən sonra oyunlar daha gərgin, həm də maraqlı keçəcək”.
Radik komandasında ciddi islahata ehtiyac duymur: “Oyunlar yeni başa çatıb. İndi istirahət edirik. Açığı, hazırkı heyətimizin üzvlərindən narazılığım yoxdu. Əksinə, ümid edirəm ki, mövsümün qalan hissəsini də bir komandada keçirəcəyik və daha yaxşı nəticə əldə edəcəyik. Heyətə yeni oyunçular dəvət etməyi düşünürük. Ancaq kimlərlə güclənəcəyik, bunu məşqləri bərpa etdikdən sonra dəqiqləşdirəcəyik”.
“Ekol” mövsümün ikinci yarısına hazırlığa gələn həftənin ortalarında başlayacaq: “Qış fasiləsinə qalibiyyətlə və üçüncü pillədə yollandıq. Təbii ki, bu nəticəmizi bir qədər də yaxşılaşdırmaq istəyirik. Məşqləri yanvarın 10-da bərpa edəcəyik. Əvvəlcə “Gənclik” İdman-Sağlamlıq Mərkəzində məşq keçəcəyik. Təlim-məşq toplanışının digər hissəsini harda davam etdirəcəyimizi hələ qətiləşdirməmişik”.
Gənc mütəxəssisin fikrincə, ilk iki dövrədə ən yaxşı “5-lik”də onun 3 yetirməsi yer almalıdı: “Birinci və ikinci “5-liy”i müəyyənləşdirməli olsam, əsas heyətə Emin Kürdov, Fərid Atakişiyev, Namiq Məmmədkərimov (hamısı “Ekol”), Tyaqo və Xətai Bağırovu (hər ikisi “Araz”) daxil edərəm. İkinci “5-lik”də isə bu oyunçulara şans verərdim: Rövşən Hüseynli, Ramiz Çovdarov, Eduardo (hamısı “Araz”), Samir Həmzəyev (Ekol), Seymur Məmmədov (Marafon).
Maraqlıdı ki, bir neçə gün öncə Futzal Federasiyasının rəsmi “feysbuk” səhifəsinə müsahibə verən “Araz”ın baş məşqçisi Joze Alesio da Silva da qış fasiləsinə qədər fərqlənən oyunçuları birinci və ikinci “5-liy”ə ayırmış, “əsas heyət”də bütövlükdə öz yetirmələrinə üstünlük vermişdi. Radikin millinin əsas qapıçısı Rövşən Hüseynlini ilk “5-lik”də görməməsi xüsusi qeyd olunmalıdı.
MİRAĞA