Sizin reklam burada

Aqil Məmmədov “Sumqayıt”a qayıtdı

Baxış Sayı:952

Aqil Məmmədov “Sumqayıt”a qayıtdı
“Sumqayıt" dövrələrarası fasilədə daha bir futbolçunu rənglərinə bağlayıb. Elnur Abdullayevlə Nicat Qurbanovun ardından "Qəbələ"dən Ülvi İsgəndərov icarəyə götürülüb.1997 təvəllüdlü forvard 2019-un yayına qədər “gənclik şəhəri” təmsilçisinin uğurları üçün tər tökəcək. Onu da qeyd edək ki, yeni komandasında 70 nömrəli formada çıxış edəcək Ülvi cari mövsümdə “qırmızı-qaralar”ın əvəzedicilərdən ibarət komandasında 13 qol vurmaqla bombardirlər siyahısında ilk pillədə qərarlaşıb. İsgəndərovun “Sumqayıt”a keçidi başqa bir “Qəbələ”li, yayda icarə əsasında Samir Abasovun komandasına qoşulan Ramil Həsənov üçün düşərli olmayıb. Belə ki, “kimyaçılar”ın heyətində özünü göstərə bilməyən ucaboy forvard yenidən şimallıların düşərgəsinə qayıtmalı olub.
Bu gündən doğma şəhərdə hazırlığa start verən “ağ-göylər” vətəndə keçirəcəkləri toplanış dönəmində 2 yoldaşlıq oyununda gücünü sınamağı planlaşdırır. Samir Abasovun komandası yanvarın 15-də “Kapital Bank Arena”da birinci divizionun lideri “Qaradağ Lökbatan”la üz-üzə gələcək. 3 gün sonra, daha dəqiqi, yanvarın 18-də “kimyaçılar” evdə “Səbail”lə qarşılaşacaq.
Qarşısına avrokuboklara vəsiqə qazanmaq məsədi qoyan sumqayıtlılar yanvarın 21-də ölkəni tərk edərək Türkiyəyə yollanacaq. “Kimyaçılar” ötən qış olduğu kimi, bu dəfə də Side bölgəsindəki “De Lux” otelində məskunlaşmağı lazım bilib. Qardaş ölkədə olduğu müddətdə Abasovun yetirmələri 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Yanvarın 25-nə planlaşdırılan ilk sınaq üçün hələ rəqib müəyyənləşməsə də, digər 3 qarşılaşmada “Sumqayıt”ın hansı komandalarla oynayacağı məlumdu. Qış fasiləsinə 4-cü pillədə yollanan komanda yanvarın 28-də Makedoniyanın güclülər dəstəsində mübarizə aparan “Akademiya Pandev”lə qarşılaşacaq. Bu ayın son günündə “ağ-göylər” Rusiyanın elita təmsilçilərindən “Anji” ilə münasibətləri aydınlaşdıracaq. Fevralın 3-də isə sumqayıtlılar toplanış dönəmində son dəfə meydana çıxacaq. Bu dəfə rəqib Serbiya təmsilçisi “Mladost” olacaq.
Sonda “Sumqayıt”ın futbol akademiyasında baş verən dəyişikliklərə də toxunaq. Dövrələrarası fasilədə müxtəlif yaş qruplarının çıxışını dəyərləndirən rəhbərlik bəzi qərarlar qəbul edib. Belə ki, U-12-nin çalışdırıcısı Tərlan Məmmədovla yollar ayrılıb. Ondan başqa əvəzedici komandada və U-19-da köməkçi-məşqçi çalışan Mübariz Orucovun da müqaviləsinə xitam verilib. Lakin Məmmədovdan fərqli, Orucovun klubda fəaliyyətini davam etdirəcəyi gözlənilir. Əsas komandanın çalışdırıcısı Samir Abasov yaxın dostu olan Mübariz bəyin yanında işləməsini istəyir. Onun bu istəyinin reallaşıb-reallaşmayacağı klub prezidenti Kamran Quliyevdən asılıdı. Onu da bildirək ki, Orucov eyni zamanda U-19-da Vüqar Məmmədin köməkçilərindən biridi. Elitada “Sumqayıt”ı, aşağı dəstədə isə “Mil-Muğan” və MOİK-i çalışdırmış Aqil Məmmədov da yenidən doğma şəhərin təmsilçisinə qayıdıb. Məmmədov “kimyaçılar”ın U-19 komandasını çalışdıracaq. Aqil bəy yaxın günlərdə müqaviləyə imza atacaq.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR