2017-ci ilin son günlərində premyer-liqa klubları arasında diqqəti çəkən transfer gerçəkləşdi. “Qəbələ” “Zirə”nin, eləcə də yığmanın üzvü Təmkin Xəlilzadəni heyətinə qatdı. 24 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalandı. İndiyədək “Zirə” ilə yanaşı, "Qarabağ" və AZAL-ın heyətində çıxış edən Təmkin mövsümün ilk yarısında 4 qol vurub, iki dəfə də məhsuldar ötürmə verib. O, millinin San Marino və Almaniyaya qarşı keçirdiyi oyunlarda meydana çıxıb. Həm müdafiənin, həm də yarımmüdafiənin solunda çıxış edir. Deyilənə görə, bu transferdən “Zirə” 100 min manat qazanıb. Üstəlik, “Qəbələ” Tellur Mütəllimovu da qəsəbə təmsilçisinə havayı verib.
Yeri gəlmişkən, Təmkin və Qabriel Mateylə yolları ayıran “Zirə” heyətini Tellurdan başqa üç futbolçu ilə gücləndirib. “Keşlə”dən Mirsahib Abbasov, “Qarabağ”dan İbrahim Aslanlı və Elşən Abdullayev bundan sonra “qartallar”ın uğurları üçün tər tökəcək. Mütəllimov və Aslanlı ilə 2,5 illik, Mirsahiblə ilk 6 ayı icarə əsasında olmaqla ilyarımlıq müqavilə imzalanıb. Elşən isə mövsüm sonuna qədər “Zirə”nin formasını geyəcək.
Bu arada dünən “Zirə” mövsümün ikinci yarısına hazırlığa start verib. Komanda Bakı Olimpiya Stadionunda (BOS) bir araya gəlib. Əvvəlcə baş məşqçi Ayxan Abbasov mövsümün qalan hissəsi ilə bağlı futbolçularla söhbət edib. Onları qarşıda çətin oyunlar gözlədiyini bildirən Abbasov futbolçulara tövsiyələrini verib. O həmçinin yeni oyunçuları komandaya təqdim edib və onlara uğurlar arzulayıb. Yalnız yerli futbolçuların iştirak etdiyi məşqə yeni transferlər də qatılıb. Legionerlər isə bir neçə gündən sonra çalışmalara qoşulacaq. “Qartallar” BOS-un ehtiyat meydançasında yüngül məşqlə kifayətlənib.
FARİZ