“Komandadan ayrılan futzalçıların yerini mütləq doldurmalıyıq”
Futzal üzrə yüksək liqada mövsüm yarılanıb və komandalar hazırda istirahətdədi. Mövsümün ikinci yarısına fevralın 15-də start veriləcək. Hazırlığa birinci “Araz” başlayacaq. Joze Alesio da Silvanın yetirmələri bu həftəsonu məşqləri bərpa edəcək.
Bu arada Alesio Futzal Federasiyasının rəsmi saytına müsahibə verib. Braziliyalı mütəxəssis həm iki dövrəni təhlil edib, həm də “Araz”la yığmanın qarşıdakı planlarından danışıb.
- Başa çatan iki dövrə ilə bağlı qeydlərinizi öyrənmək istərdik.
- Yüksək liqada bu mövsüm çox maraqlı, gərgin oyunlar keçir. Xüsusilə də çempionata yeni qoşulan komandalar iddialı gəliblər və marağı artırıblar. Turnir cədvəlinin ilk 4 pilləsində yer alan komandaların hər biri çempion olmağa real namizəddi. Baxmayaraq ki, qış fasiləsinə “Araz” zirvədə yollandı və xal fərqini bir qədər artırdı. Qarşıda hələ 2 dövrə var və bu o deməkdi ki, komandalar bir-biriylə 2 dəfə üz-üzə gələcək. Bu oyunlarda qeydə alınacaq nəticələr xal fərqinin azalmasına, müəyyən dəyişikliyə gətirib çıxara bilər. Cari mövsümdə məni sevindirən məqamlardan biri də medianın çempionata marağının artmasıdı. Artıq hər tur mərkəzi oyun “CBC Sport” telekanalında canlı yayınlanır. Hətta bəzi oyunlar canlı yayından əlavə, digər günlərdə təkrar da göstərilir. Mətbuatda nəticələr və turun təqvimi ilə bağlı xəbərləri oxumaq mümkündü. Təbii ki, bu da futzala marağın artmasına kömək edir. Yeri gəlmişkən, artıq 17 yaşadək futzalçılardan ibarət millinin bazası əsasında yaradılan komanda birinci liqada iştirak edir. Həmin komandada mütəmadi seleksiya işləri aparılacaq və gələcəkdə milliyə layiqli namizədlər toplaşacaq. Bu sadaladıqlarım cari mövsümdə görülən müsbət işlərdi.
- Komandadan kimlər göndəriləcək və hansı oyunçular heyətə cəlb ediləcək?
- Kimin gedəcəyini və kimlərlə yolumuza davam edəcəyimizi müəyyənləşdirmişik. Yayda cəlb edilən Maykon, Qabriel və Vilela komandadan ayrılıb. Bildiyimə görə, Maykon Malta klubuna keçib. Çünki ona bu ölkənin komandasından dəvət var idi. Vilela da başqa klubdan təklif alıb (artq müqavilə imzalayıb - red.). O, karyerasını yaya qədər Braziliyada davam etdirəcək. Övladı dünyaya gəldiyi üçün bu qərarı qəbul edib. Qabrielin də başqa komandadan dəvəti var. Təbii ki, komandadan ayrılan futzalçıların yerini mütləq şəkildə doldurmalıyıq. Çempionata “Yasamal”ın heyətində başlayan Rza Toloyi bir müddətdi bizimlə birgə məşq edir. Onu məşq prosesinə cəlb etməkdə məqsədim “Araz”ın oyunçularının arasında özünü necə göstərməsini izləməkdi. “Yasamal”da oynayan zaman çıxışını diqqətdə saxlayırdım, meydanı görmək, dərhal qərar vermək qabiliyyəti var. Yenə deyirəm, güclülərin arasında da onu yoxlamaq istədim. Üstəlik, heç bir klubla müqaviləsi yoxdu, azad agentdi. Onunla bağlı qərarımızı fasilə bitdikdən sonra verəcəyik. Bir yerli oyunçunu da gözaltı etmişəm. Onun transferini həll etməyə çalışacağıq. İndi adını çəkmirəm, çünki klubu ilə razılıq əldə etməliyik. Bu futzalçılardan başqa daha bir müdafiəçi transfer edəcəyik. Çünki arxa xətdə oynayacaq futzalçımız azdı.
- Fasilə müddətində hazırlıq planları müəyyənləşibmi? Komanda nə vaxt məşqləri bərpa edəcək?
- Qış fasiləsini Bakıda keçirəcəyik. Yanvarın 6-sı və ya 7-də məşqləri bərpa edəcəyik. Ənənəvi olaraq, toplanışa fiziki hazırlıqla başlayacağıq. Fiziki hazırlıq dövründə əsasən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionundan istifadə edəcəyik. Məşqlərimizin bir qismini isə Bakı İdman Sarayında keçəcəyik. Hazırlıq prosesinin bir hissəsi millinin toplanışı ilə üst-üstə düşəcək. Onda “Araz”ın oyunçularının milli ilə birgə məşqlər keçməsinə çalışacağıq. Ümumiyyətlə, qış hazırlığından çox şey asılı olacaq. Kim fasilədən yaxşı istifadə edə bilsə, ikinci yarıda bunun faydasını görəcək.
- Arxada qalan iki dövrənin birinci və ikinci “dördlüy”ünə kimləri daxil edərdiz?
- Mən oyunları həm də millinin baş məşqçisi kimi izləyirəm və diqqətimi cəlb edən oyunçuları nəzarətdə saxlayıram. Qış fasiləsinə qədər mənim üçün ən yaxşı “5-lik” qapıda Rövşən Hüseynli, müdafiədə Rizvan Fərzəliyev və Eduardo, hücumda isə Maykon və Vileladan ibarətdi. İkinci “5-liy”im tam yerli oyunçulardan qurulub və “Ekol”un üzvləri üstünlük təşkil edir. Qapıda Emin Kürdovu görürəm. Çempionatın bombardiri Renat Sultanov, Ramiz Çovdarov, Samir Həmzəyev və Namiq Məmmədkərimova isə meydan oyunçuları kimi şans verirəm.
MİRAĞA hazırladı
Yeri gəlmişkən...
Qış fasiləsində “Araz”dan ayrılan 3 legionerdən ikisinin klubsuz günləri çox çəkmədi. Naxçıvan təmsilçisi UEFA kubokundakı uğursuzluqdan sonra Qabriel, Maykon və Vilelanın “qələmini qırmışdı”. Çempionatda uğurlu oynamalarına və yığma ilə İsfahan turnirində qənaətbəxş çıxış etmələrinə, həmçinin baş məşqçi Joze Alesio da Silvanın həmyerlilərinə qahmar çıxmasına baxmayaraq, Zaur Axundov onları bağışlamadı. Qış fasiləsi yaranan kimi dərhal göndərilən legionerlərdən Maykon karyerasını Maltada davam etdirəcək. Braziliyalı hücumçu Malta çempionu “Lüksol St Andreus” klubu ilə anlaşıb. Onun bu komandaya yollanması təsadüfi deyil. Belə ki, “Lüksol St Andreus” ötən ilin oktyabrında keçirilən UEFA kubokunun qrup mərhələsi çərçivəsində “Araz”ın rəqiblərindən biri idi. Təmsilçimizin 6:4 hesabı ilə qalib gəldiyi oyunda Maykon 4 qol vurmuşdu. Həmin turnirdə braziliyalının daha 2 dəfə fərqlənməsi, göründüyü kimi, Malta təmsilçisinin məşqçilərinin diqqətindən yayınmayıb. Qeyd edək ki, yayda “Araz”ın heyətinə cəlb edilən Maykon yüksək liqada 12 oyun keçirmiş və rəqib qapılarına 9 top vurmuşdu.
Cari mövsümün yarısını “Araz”da keçirən Vilela isə karyerasını vətənində davam etdirəcək. Belə ki, o, yeni ilin ilk günlərində “Kopaqril”lə anlaşıb. Vilela bu ilin iyununa qədər müqavilə imzalayıb. Qısamüddətli anlaşmanın səbəbi futzalçının ailə problem ilə bağlıdı. Onun övladı dünyaya gəlib. O, yayda yenidən legioner həyatı yaşaya bilər. Hər halda, İranda keçirilən beynəlxalq turnirdə “stolba”nın çıxışı “Kayrat”ın seleksiyaçılarının diqqətini də cəlb etmişdi. Buna görə də onun yayda Qazaxıstan çempionunun heyətinə keçəcəyi istisna deyil. Qeyd edək ki, “Araz”ın heyətində yüksək liqada 12, UEFA kubokunda isə 3 oyunda forma geyən Vilela 9 (müvafiq olaraq, 7 və 2) qol vurub. O, millinin heyətində İranda keçirilən turnirdə isə 3 oyuna çıxıb və rəqib torunu 3 dəfə silkələyib.