"Keşlə" bayram fasiləsinə son qoyur. Yeni baş məşqçi Yuri Maksimov dünən gecə Bakıya qayıtmalı idi. Paytaxt təmsilçisi yeni ildə ilk məşqinə bu gün çıxacaq. Ukraynalı mütəxəssisin komanda üzvləri ilə tanışlığı, çox güman, Bakıxanov qəsəbə stadionunda baş tutacaq. Hər halda, Maksimov məşqləri təbii örtüklü stadionda keçirmək istəyir. Məkan hələlik tam müəyyənləşməyib. Əslində komanda tam heyətlə növbəti həftədən məşq edə biləcək. Belə ki, heyət üzvlərindən bəziləri yanvarın 6-7-nə kimi icazəlidi.
"Keşlə" Bakıdakı hazırlığı 23-nə qədər sürdürəcək ki, bu müddətdə 3 yoxlama matçı nəzərdə tutulub. Ayın 12-si, 14-ü və 19-da "Zirə", “Neftçi" və "Qaradağ Lökbatan”la görüşlər planlaşdırılır. Həmçinin Türkiyə toplanışında da 3 oyun olacaq ki, rəqiblərdən daha birinin adına aydınlıq gəlib. Bakılıların ayın 26-da Makedoniya "Rabotniçki"si ilə qarşılaşacağını xəbər vermişdik. Böyük ehtimalla fevralın 1-də rəqib Maksimovun həmyerliləri olacaq. Belə ki, "Karpatı" ilə görüş barədə ilkin razılıq əldə olunub.
Transferlərə gəlincə, Kamran Ağayev və Məqsəd İsayevin ardınca daha bir yerli oyunçunun keçidi həll olunub. Nəhayət, Vaqif Cavadovun futbolsuz günləri başa çatıb. Belə ki, təcrübəli futbolçu bakılılarla müqavilə bağlayıb. Vaqif Məqsəd və Kamran kimi 6 aylıq anlaşmaya imza atıb. Albaniyadan əli ətəyindən uzun dönən Rauf Əliyevdən isə hələ ki xəbər yoxdu.
MİRAĞA