Hər il başa çatanda istər-istəməz geri boylanmalı olursan. “İl necə keçdi”, “məndən nə aldı, mənə nə verdi” sualları ilə yaddaşının künc-bucağını qurdalayırsan. Bu təkcə məndə olur, yoxsa hamıda – bilmirəm. Ancaq belə anlarda il ərzində daha çox yaşadığım xoş xatirələr gözümün önündə canlanır, dodağımın qaçmasına səbəb olur. Hər halda, bioloq və ya psixoloq olmasam da, insan psixologiyasının olduqca mürəkkəb olduğunu yaxşı bilirəm. Ona da inanmıram ki, nə vaxtsa elm bu mənada bütün suallara cavab tapa. Girişi bir qədər də uzadıb oxucularımızı intizarda qoymaqla bəhs edəcəyim başagəldini daha da maraqlı etmək fikrində deyiləm. Xoruz ilində mənim üçün ən yaddaqalan an Gəncə səfərimlə bağlı oldu. Noyabrın sonunda “Qəbələ” ilə doğma meydanda üz-üzə gələn, Şahin Diniyevi əvəzləyən Yunis Hüseynovun başçılığı altında ilk oyununa çıxan və böyük hesabla uduzan (1:6) “Kəpəz”in problemlərini gəncəli azarkeşlərin mübaliğəli və bir o qədər də duzlu-məzəli zarafatları fonunda izləmək xüsusi zövq verir. Elə həmin vaxt Gəncə təəssüratlarından bəzi məqamları diqqətinizə çatdırmışdım. Təkcə azarkeşlərdən birinin “Kərim Diniyev oynamır” deməsinə başqa birinin “mənim də atamı işdən çıxarsalar, oynamaram” cavabı nəyə desən, dəyərdi. Yaxud da oyunun sonlarında xeyli müddət 4-cü hakimin yanında dayansa da, final fitinə qədər əvəzetmədən meydana daxil ola bilməyən Mansur Alaciyə fanatın “a bala, get əynini dəyiş, üşüyərsən” deməsini hər dəfə yadıma salanda gülməmək üçün çox çalışıram. Ancaq nə bilərdim ki, evə qayıdanda “Dədə Qorqud”da deyildiyi kimi “öz qılıncımız öz başımıza enəcəkmiş”. Metronun bağlanmasına dəqiqələr qalmış bir neçə həmkarla “İçərişəhər” stansiyasından aşağıda avtobusdan endik. Qaça-qaça metroya can atmağımızın kənardan necə göründüyünü təsəvvür etməyə həmin an vaxtımız yox idi. Hər halda, birtəhər özümüzü turniketdən içəri salmağı bacardıq. Binəqədi avtobusunun bu vaxt işləyib-işləməyəcəyini düşünə-düşünə “Azadlıq”da çıxdım. O tərəflərdə yaşayanlar yaxşı bilir, avtobus yolu bir qədər yuxarıdan keçdiyi üçün və get-gedə “133 nömrə”yə çatmaq ehtimalım az olduğundan bu dəfə də üzüyuxarı qaçmalı oldum. Hər halda, hər hicranın sonunda bir vüsal varmış. Sonuncu avtobusa da özümü çatdırdım. Problemin geridə qaldığını düşünərək, “votsap”da iş yoldaşım (!), qonşum (!), qohumum (!), həmkarım (!) Mirağaya yazdım: “133”dəyəm, dayanacağa çıx”. Axı, əvvəldən razılığımız olmuşdu ki, gec gələcəm və dayanacaq evə yaxın olmadığından maşınla məni qarşılasın. Hərçənd sonradan bu haqda söz verdiyini boynuna qoya bilmədim. Lap o lətifədə deyildiyi kimi, Braziliya yığması dünya turuna çıxır. Qayıdanda federasiya rəhbəri soruşur ki, necə oldu? Baş məşqçi cavab verir, hamını udduq, təkcə Azərbaycandan başqa. Təbii, belədə federasiya prezidenti əsəbləşir, Almaniya, İspaniya və digər nəhəngləri sıradan çıxaran yığmanın millimizi uda bilməməsinin səbəbini soruşur. Baş məşqçinin cavabı isə belə olur: onları da udduq, boyunlarına qoya bilmədik. Zəng zəngin, mesaj mesajın dalınca, ancaq sən saydığını say... Hər halda, telefonunu səssizə, məni isə pis vəziyyətdə qoyan qohumumun bütün səfər təəssürratlarımı korladığını, metroya, avtobusa vaxtında çatdığıma görə yaşadığım sevincə öz “imzasını atmasını” həmişə onun yadına salacam. Qoy, bir də vədinə xilaf çıxmasın!