
“Keşlə” Orxanı saxladı, Mirsahibi satmaq istəyir
Çexiyalı yarımmüdafiəçinin keçidi reallaşmaq üzrədi
“Keşlə” yanvarın 5-nə qədər bütün təşkilati məsələləri yoluna qoymağa çalışır. Axı, komanda həmin gün bir araya gəlib mövsümün ikinci yarısının hazırlıqlarına başlayacaq. Yeni baş məşqçi Yuri Maksimov dünən Bakıya təşrif buyurmalıydı. Onunla yaxın bir-iki gün ərzində rəsmi müqavilə imzalanacaq və bundan sonra o, vətəninə qayıdacaq. Yeni il bayramından sonra Maksimov yenidən ölkəmizə gələcək. Mütəxəssisin tək gələcəyi məlumdu. Belə ki, onun özüylə köməkçisini gətirməsi nəzərdə tutulmayıb. Maksimovun köməkçiləri komandanın əvvəlki məşqçiləri - Zaur İsmayılov, serbiyalı fiziki hazırlıq üzrə mütəxəssis Aleksandr Karakliç və qapıçılarla işləyən Camaləddin ƏIlyev olacaq.
Qəzetimizin ötən sayında "Keşlə"nin Mirsahib Abbasovla yollarını ayırmaq istədiyini və gənc futbolçunun “Sumqayıt” yolunda olduğunu xəbər vermişdik. Klubun icraçı direktoru Rəmiş Malıyev açıqlamasında məlumatı təsdiqləyib: "Yollarımızı ayırdığımız futbolçular sırasında Mirsahib də var. Ancaq onun "Keşlə" ilə müqaviləsi olduğundan sərbəst şəkildə başqa kluba keçə bilməz. Özünə yeni klub taparaq keçidini bizimlə razılaşdırmalıdı". “Əmma” da elə burdan qaynaqlanır. Deyəsən, bu izdivac baş tutmayacaq. Hər halda, paytaxt klubu Mirsahibi transferə çıxarıb ki, “Sumqayıt”ın futbolçuya görə tələb olunan məbləğlə razılaşmadığı deyilir. Buna qədər İlkin Qırtmıov, Elnur Abdullayev və Samir Zərgərovla vidalaşan “Keşlə”ni qapıçı Orxan Sadıqlının da tərk edəcəyi gözlənilirdi. Kamran Ağayevlə əldə olunan razılıq Sadıqlının gedişini şərtləndirirdi. Ancaq rəhbərlik “Kəpəz”in sıralarına qatmaq istədiyi qapıçıyla görüşüb və onu saxlamağa nail olub. Yeri gəlmişkən, Kamranla tam anlaşan klub onunla bu həftə rəsmi müqavilə imzalayacaq.
“Keşlə” legioner axtarışını da davam etdirir. Böyük ehtimalla, ilk transfer argentinalı Pablo Podio olacaq. Çexiyanın “Fastav” klubunun baş məşqçisi Bohumil Panik argentinalının “Keşlə”yə keçəcəyini təsdiqləyib. Çexiyalı mütəxəssis 28 yaşlı yarımmüdafiəçinin Azərbaycan təmsilçisinə keçidinin səbəbini açıqlayıb: “Pablo daha çox meydana çıxmaq istəyirdi. Bizdə isə onun üçün belə şans yox idi. Bu səbəbdən “Keşlə”yə keçidinə icazə verdik”.
MİRAĞA