Sizin reklam burada

“Kəpəz” üçün avropalı rəqiblər

Title
“Kəpəz” üçün avropalı rəqiblər
Yunis Hüseynov məşqçilərlə görüşdü
Qış toplanışına yanvarın 5-də start verəcək “Kəpəz” ilk hazırlıq prosesini Bakıda davam etdirəcək. Daha sonra Türkiyəyə yollanacaq Yunis Hüseynovun yetirmələri məşqlərini yanvarın 17-dən fevralın 2-nə qədər Antalyada davam etdirəcək. Qonşu ölkəyə yollanmaqda məqsəd yoldaşlıq görüşlərinin keçirilməsidi ki, artıq bu yöndə müəyyən çalışmalara start verilib. Dəqiq desək, sınaqçı-rəqiblərin adları məlumdu.
Dörd yoxlama görüşü keçirəcək gəncəlilərin yanvarın 22-dəki rəqibi Rumıniya “Vitorul”u olacaq. 28-də isə Polşa “Yagelloniya”sı ilə münasibətlərə aydınlıq gətirəcəklər. Yanvarın son günündəki rəqibin adı Serbiya “Spartak”ıdı. Daha bir oyunun yanvarın 25-də baş tutması planlaşdırılsa da, rəqibin kimliyi məlum deyil. Bu yöndə işlər aparılır.
Bu arada Yunis Hüseynov dünən klubun əvəzedici heyəti və aşağı yaş qruplarında çalışan məşqçilərlə görüşüb. Gəncə şəhər stadionunun bazasında keçirilən görüşdə Hüseynovun köməkçiləri Yaşar Vahabzadə və Vidadi Rzayev də iştirak edib.
Klubdakı məlum məşqçi dəyişikliklərindən danışan Yunis bəy yeni təyinat alan mütəxəssisləri kollektivə təqdim edərək, onlara uğurlar arzulayıb. Baş məşqçi böyük futbolun inkişaf yolunun uşaq futbolundan keçdiyini bildirməklə bu sahəyə diqqəti ayırmağın, yeni oyunçu nəsli yetişdirməyin vacibliyindən danışıb: “Vəziyyətlə tanışam, irəliləyişə nail olmaq üçün uyğun şəraitin yaradılması əsas şərtdi. Bu yöndə işlər görüləcək və tədricən uşaq futbolunda vəziyyət düzələcək. “Kəpəz” həmişə öz yetirmələri ilə tanınıb və uğur qazanıb. İstedadlı oyunçular tapıb, onları komandamız üçün yetişdirməliyik. Lap aşağı yaş qruplarından əsas komandaya kimi yaxşı kollektiv formalaşdırmalıyıq. Sizinlə görüşməyimizin də əsas səbəbi budu”.
Çıxışından sonra Yunis Hüseynov sözü məşqçilərə verərək onların problemləri və planları ilə maraqlanıb, təkliflərini dinləyib, məsləhətlərini verib.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.