Sizin reklam burada

Oqtay Abdullayev şübhələndiyi futbolçuların adlarını AFFA-ya təqdim edib

Baxış Sayı:915

Oqtay Abdullayev şübhələndiyi futbolçuların adlarını AFFA-ya təqdim edib
“Qoy aidiyyatı orqanlar bu işlə məşğul olsunlar”
AFFA İcraiyyə Komitəsinin son iclasından sonra jurnalistlərin suallarını cavablayan assosiasiya prezidenti Rövnəq Abdullayev növbəti dəfə “Turan Tovuz”un məsələsinə toxundu. Komandanın SOCAR-dan maliyyələşdiyini bildirən Rövnəq bəy Tovuzda komandaya heç kimin sahib çıxmadığını da vurğulamağı unutmadı.
Məsələ ilə bağlı “Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayevin mövqeyini öyrəndik. O da AFFA prezidentinin söylədiklərini təsdiqlədi: “Artıq neçə ildi ki, komanda AFFA-nın ayrıdığı maliyyənin hesabına ayaqüstə qalıb. Tovuzda imkanlı iş adamları çox olsa da, nədənsə, futbola yatırım etmək istəmirlər. Görünür, son illər iqtisadiyyatda yaranan çətinliklər onların gözünü qorxudub və bu üzdən başqa sahəyə sərmayə qoymaqdan ehtiyatlanırlar. AFFA-nın ayırdığı vəsait komandanı birinci divizionda saxlamağa güclə yetir. Tovuzda futbolun inkişafını istəyiriksə, aşağı yaş qruplarına da xüsusi diqqət ayırmaq lazımdı. Heç kimə sirr deyil ki, bu rayonda daim istedadlı uşaqlar olub. Onların irəli getməsi, gələcəkdə yığma səviyyəsinə çatması üçün isə qayğını bir qədər artırmaq lazımdı. Təəssüf ki, bu gün klubun büdcəsi daha artığını etməyə imkan vermir. Rövnəq müəllim onu da bildirib ki, çempion olub sponsor tapsalar, “Turan Tovuz” premyer-liqada oynaya bilər. Əsas məsələ də elə sponsorla bağlıdı. Artyıq iki ildən çoxdu klubun Müşahidə Şurasının sədriyəm. Bu müddətdə dəfələrlə istər Bakıda yaşayan, istərsə də Tovuzda olan iş adamları, rayonun tanınmış ziyalıları ilə görüşmüşəm, komandanın durumu ilə bağlı müzakirələr aparmışıq. Lakin bu görüşlərin heç bir faydası olmayıb. Ən acınacaqlısı isə odu ki, qaranlıq tunelin sonunda işıq belə görünmür. Sonra da hamı deyir ki, niyə Tovuz klubu elitada çıxış etmir? Ən çox bundan narazı qalanlar rayonun futbol ictimaiyyəti və yerli azarkeşlərdi. Tovuzlular özləri bu yöndə heç olmasa bir addım atsınlar ki, AFFA rəhbərliyi də buna qarşılıq versin, elitada çıxış etmək üçün lazım olan büdcənin müəyyən hissəsini təmin etsin”.
Hazırda birinci divizionda çıxış edən Tovuz təmsilçisinin adı nəticəsi əvvəlcədən razılaşdırılan oyunlarda hallanır. Bizə çatan məlumata görə, UEFA “Turan Tovuz”un iştirakı ilə baş tutan bəzi qarşılaşmaları “şübhəli oyunlar” siyahısına salıb və AFFA-dan araşdırma aparılmasını tələb edib. Abdullayevlə söhbətdə bu məsələyə də münasibət bildirməsini istədik: “UEFA-dan gələn məktubdan xəbərim yoxdu. O məktub nə vaxt gəlib, hansı oyunlar “qara siyahı”ya düşüb, bunu deyə bilmərəm. Ancaq mən özüm artıq ikinci turdan sonra, daha dəqiq desəm, MOİK-lə qarşılaşmanın ertəsi AFFA-ya məktub göndərmişəm. Orda bəzi futbolçulardan şübhələndiyimi, onları nəzarətdə saxlamağı xahiş etmişəm. Ad çəkməyəcəm, ancaq onların sayı 3 nəfərdi. Qoy aidiyyatı orqanlar bu işlə məşğul olsunlar. Nəyə görə sabah ortaya nəsə çıxanda klub rəhbəri kimi mənim də adım hallanmalıdı? Günahları sübuta yetirilsə, layiqli cəzalarını alsınlar. Abdullayevin sözünə qüvvət, futbolumuzu haram tikə yeyənlərdən, azarkeşləri “idmanın şahı”ndan iyrəndirənlərdən təmizləmək lazımdı”.
Müşahidə Şurasının sədri dövrələrarası fasilə və çempionatın ikinci yarısı ilə bağlı planlara da toxundu: “Bütün komandalar kimi, “Turan Tovuz” da yanvarın ilk günlərində bir araya gələcək. Təlim-məşq toplanışının bir hissəsini Tovuzda, bir hissəni isə Bakıda keçirmək fikrimiz var. Heyətdə də müəyyən dəyişikliklər olacaq. Əsas hədəf ötən il olduğu kimi, yenə çempionatı ilk “üçlük”də başa vurmaqdı”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR