Sizin reklam burada

“Keşlə” Rauf Əliyevə qucaq açmağın əleyhinə deyil

Müəllif: football Tarix: 22-12-2017, 23:47 923 Baxış
“Keşlə” Rauf Əliyevə qucaq açmağın əleyhinə deyil
Milinkoviç: “Rauf yaxşı futbolçu olsa da, Albaniya çempionatı səviyyəsində oyunçu deyil”
Rauf Əliyevin Albaniyada çox duruş gətirməyəcəyini, qayıdıb üstümüzə qaçacağını çoxdan hiss etmişdim. Nə intuisiya, nə də Nostradamusluq bacarığı gərəkmirdi: hücumçunun bizimlə bölüşdüyü ilk təəssüratında “xoruzun quyruğu görünmüşdü”. Bəyənməmişdi Albaniya çempionatını, xüsusilə də təşkilatçılıqdan gileylənmişdi. Bir qədər sonra məişət mövzusunda da sıxıntılarının olduğu üzə çıxmışdı. Qısası, “bığlı uşaq” darıxırdı.
Səs-küylü ayrılıq
Halbuki karyerasında ilk dəfə legioner həyatı yaşamaq fürsəti əldə edən adamı orda qalmağa vadar edən bir çox nəsnələr var idi. Əvvəla, “İnter”dən (“Keşlə”dən) gedişi səs-küylü alınmışdı. Zaur Axundov onu əldən buraxmaq istəmədiyi üçün təzyiq göstərsə də, AFFA-dakı dayağına arxalanıb aradan çıxa bilmişdi. Bundan başqa, Fariz Nəcəfovun bugünlərdə verdiyi açıqlamadan məlum olur ki, yayda “Qəbələ” onun xidmətində maraqlıymış. Ancaq Rauf ölkəni tərk etməyə üstünlük verdi. Ailəsindən kənarda cəmi 4-5 ay duruş gətirə bilən futbolçu özündəki bu məziyyətə, kəramətə bələd olmaya bilməzdi. Sadəcə, görünür, “Qəbələ”yə yox, “Kukesi”yə yollanması məcburiyyətdən alınıb. Çox güman, Zaur Axundov “madam ki “Keşlə”də qalmır, onda “Qəbələ”yə keçidinə də icazə verməyəcəm” deyib, Əliyev də menecerinin aracılığı ilə albanların təklifini qəbul edib.
Yerlilərin kölgəsində qaldı
Rauf Albaniyaya üz tutmaqla müsbət imic formalaşdırmağa başlamışdı. Hər kəs düşünürdü ki, ötən mövsümün bombardiri “Keşlə”ni pulsuzluğa görə yox, yaxşı forma yığdığı bir vaxtda özünü sübut edib, uzaq düşdüyü milliyə layiq olduğunu “ünvana təslim etmək” istəyi ilə tərk edib. Açığı, biz onu “ilin ən yaxşı futbolçusu” sorğumuzda “10-luğ”a salmaqla məhz bu məqamları nəzərə almışdıq.
Belə baxanda, “Kukesi”də də işləri pis getmirdi. Hər halda, Albaniya superliqasında 13 matçda (727 dəqiqə) forma geyməyə imkan tapdı. Üstəlik, hesabında 3 qol da var. Düzdü, 13 oyundan 7-də start heyətində yer alıb, 6-da isə sonradan meydana daxil olub. Albaniya kubokunda və Superkubokunda keçirdiyi oyun sayını da nəzərə alsaq, statistikası 17 matçdan ibarətdi. Ancaq araşdırdıqda “Kukesi”nin hücum xəttində rəqabətin güclü olduğunu və Raufun digərlərinə uduzduğunu görmək mümkündü. Komandanın əsas qol silahı Elis Bakaydı. O, 14 görüşdə artıq 9 dəfə fərqlənib. İkinci hücumçu Sindrit Quri də yerlidi və meydana çıxdığı 15 oyunda 4 qol vurub. “Kukesi”nin iki legioner forvardından digəri braziliyalı Elton Kaledi. O da 13 matçda 3 qolla yadda qalıb. Rauf özünü oktyabrda yaxşı tərəfdən göstərə bilmişdi. O, çempionatda ardıcıl 3 turda qol vurmaqla diqqət mərkəzinə düşmüşdü.
Milinkoviçdən aşağılayıcı səbəb
"Kukesi"nin baş məşqçisi Mladen Milinkoviç Rauf Əliyev haqda açıqlama verib. Klubun rəsmi saytına danışan Milinkoviç bildirib ki, millimizin üzvü gözləntiləri doğrultmayıb: "Rauf Əliyev "Kukesi"yə fərq yaratmaq üçün gəlmişdi. Amma gözləntiləri vermədi. Ona karyerasında uğurlar arzulayıram. Rauf yaxşı futbolçu olsa da, Albaniya çempionatı səviyyəsində oyunçu deyil. Onun yoxluğu bizə problem olmayacaq. Çünki heyətimizdə onu əvəz edəcək futbolçular var".
“Yuva”ya dönməyə üzü gələcəkmi?
“Kukesi”dən ayrılmaqla başına iş açan Əliyevin bundan sonrakı addımları da sual doğurur. Məsələ burasındadı ki, hücumçu bir mövsüm üçün “klub limiti”ni doldurub. Artıq bundan sonra Əliyev karyerasını ya “Keşlə”də davam etdirməli, ya da 6 ay klubsuz qalmalıdı. Düzdü, FİFA oyunçulara 3 klubda çıxış etməyə qadağa qoyduğu qərarda istisnaları da nəzərə alıb. Belə ki, 2017/18 mövsümündə 2 klubda oynamış futbolçunun başqa komandada çıxış etməsi üçün fərqli sistemdə keçirilən çempionata üz tutmasına şərait yaradılır. UEFA-ya üzv ölkələrdən yalnız 13-də belə sistemə üstünlük verilir. Bunlar Qazaxıstan, Gürcüstan, Belarus, Moldova, İrlandiya, İslandiya, Latviya, Litva, Estoniya, Farer adaları, Finlandiya, Norveç və İsveçdi. Əslində “Keşlə”yə dönmək variantı da o qədər real görünməyə bilər. Axı yayda onun paytaxt təmsilçisindən necə ayrıldığı hər kəsin yadındadı. Ancaq gedişat bu istiqamətdədi. “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovun Joze Alesio da Silva ilə münaqişəsini və buna baxmayaraq, ona qucaq açmasını xatırlatmaq yetər. Yəni bu yöndə nümunə var.
Yeri gəlmişkən, klubun mövqeyini də öyrəndik və “Rauf dönsə, onu qəbul edərsizmi” sualına cavab aldıq. Mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov: “Zaur müəllimin Raufla bağlı mövqeyi aydındı. Deyib ki, “Keşlə”yə dönmək istəsə, danışıq apara bilərik. Yəni onun karyerasını yenidən komandamızda davam etdirməsi mümkündü”.
Deməli, Rauf klub dəyişməklə ciddi mənada heç nə itirməyəcək. İtirən Azərbaycan futbolunun imicidi...
MİRAĞA
SON XƏBƏRLƏR