Sizin reklam burada

“Sumqayıtda 10 min yerlik stadionun tikilməsini düşünürük”

Müəllif: football Tarix: 21-12-2017, 18:30 770 Baxış
“Sumqayıtda 10 min yerlik stadionun tikilməsini düşünürük”
Rövnəq Abdullayev planları açıqladı
AFFA İcraiyyə Komitəsinin bu il üçün sonuncu toplantısından sonra jurnalistlər önünə çıxan Rövnəq Abdullayev müzakirə olunan məsələlərlə bağlı danışdı və medianı maraqlandıran suallara cavab verdi.
- Bu gün xoş gündü. Milli komandalar üçün yeni bazanın açılışını etdik. Burda bir komandanın yaşaması və məşq etməsi üçün hər cür şərait yaradılıb. Həmçinin gələcəkdə “Səbail” də burdan istifadə edəcək. Bu baza UEFA-nın dəstəyi nəticəsində başa gəlib. Bütün maliyyə qitə futbol qurumu tərəfindən ödənilib. Bu, UEFA-nın hədiyyəsidi. İcraiyyə Komitəsinin iclasında əsas qərar milli komandaların baş məşqçilərinin təsdiqi oldu. Seçim əsasən millimizin baş məşqçisi Qurban Qurbanov və mütəxəssislər tərəfindən edilib. Bundan başqa, manipulyasiya ilə bağlı bizə məlumat verildi. UEFA böyük şirkətlə əməkdaşlıq edir, bütün liqaları, hətta regional liqada keçirilən oyunları da nəzarətdə saxlayır. Şübhəli məqam varsa, bu haqda məlumat verir. Hamı bilsin ki, futbolla məşğul olan adam mərc oyunlarında heç vaxt iştirak etməməlidi. Ötən il bu qanun qəbul olundu. Bu artıq cinayət məsuliyyəti deməkdi. “Keşlə”nin iki futbolçusu və “Neftçi”nin bir məşqçisi artıq futboldan uzaqlaşdırılıb. Prokurorluq onlarla bağlı araşdırma aparır.
UEFA tərəfindən ayrılan maliyyyə hesabına Sumayıtda 2, Bakı Olimpiya Stadionunda 1 təbii örtüklü meydan salınacaq. Region Liqasının başlaması ilə bağlı da hesabat verildi. Bu yarışa maraq çox böyükdü. Bütün ölkəni əhatə edən turnir olacaq və futbolun inkişafına təkan verəcək.
- AFFA rəhbərliyi daim şəffaf fəlaiyyət göstərdiyini söyləyir. Ancaq “Kəpəz”də aparılan audit yoxlamanın nəticəsi nədənsə ictimaiyyətə açıqlanmadı...
- Bildiyiniz kimi, “Kəpəz” biz tərəfdən maliyyələşir. Ona görə də orda nümayəndəmiz var idi. Əfsuslar olsun ki, nümayəndəmız başısoyuqluq edib. Orda maliyyə pozuntusu yox, pozuntuya cəhd olmuşdu.Vəsait yerindədi. Yoxlama aparıldı və təftişin nəticəsi ilə tanış olduqdan sonra bir neçə şəxsi işdən azad etdik. Bu həmişə belə olacaq. Bütün klublarda şəffaflığın olmasını təmin edəcəyik. Elə sistem formalaşdırmaq istəyirik ki, şəffaflıq ilk pillədə dursun. Ancaq belə olan halda futbolumuz inkişaf edəcək.Yenə manipulyasıya məsələsinə qayıdıram. Həmin şəxslər barədə qəti tədbir görüldü. Bu belə də davam edəcək. Ötən həftə Moskvada UEFA nümayəndələri ilə görüşdə də deyildi ki, Şərqi Avropa ölkələrində də belə hallar geniş yayılıb. Bu üzdən də onların futbolunda tənəzzül yaşanır. “Srvena Zvezda”, Zaqreb “Dinamo”su kimi birvaxtlar qitəmiqyaslı turnirlərdə “at oynadan” klublar çox geriləyiblər. Niyə? Çünki başları belə işlərə qarışıb. Amma Mərkəzi Avropada – İtaliyada, Almaniyada bunun kökünü kəsdilər. Bu, klubda olan bəzi fərdi insanlara qarşı oldu. Çalışırıq ki, futbolumuza haram qatılmasın.
- Növbəti mövsüm üçün premyer-liqa klublarının sayının artırılması müzakirə olundu?
- Ötən il də demişdim ki, premyer-liqada iştirakçı sayını 10-a çatdırmaq istəyirəm. Ancaq 9-a zorla çatdırdıq və belədə çempionata 8 komanda ilə başladıq. İqtisadi cəhətdən müəyyən çətinliklər oldu və sponsorlar futboldan getdi. Sponsor və ictimai nəzarət olmalıdı. Bu gün Gəncəyə nəzarətçi qoymuşuq. Bizim adamlar orda oturub, oranın futbolunu irəli aparmağa çalışır. Amma bizim hər bölgədə bunu etməyə imkanımız yoxdu. Həmin bölgədə irəli çıxan lazımdı.
- Belə söz-söhbət var ki, AFFA özü kənar şəxsləri buraxmır...
- Kimsə varsa, sabah götür, gəl yanıma, görüşüm onunla (gülür). Boş söhbətlərdi. Məgər mənim xoşuna gəlir bu qədər komandaya pul xərcləmək?
- Bəlkə lisenziyalaşmanın şərtlərini asanlaşdırmaq lazımdı?
- Bu, UEFA-nın tələbləridi. Həmin şərtləri yerinə yetirməyən sponsor sabah komandanı yarıyolda qoyub getsə, necə olacaq? Məncə, şərtlər normaldı. Belə hallarla rastlaşdığımızdan istəmirik yenidən xoşagəlməz olayla üzləşək.
- Region Liqasından birinci diviziona çıxan komanda olacaq?
- Bəli, bir komanda çıxacaq. Birinci divizionun da sonuncusu ora düşəcək. Həmçinin birinci diviziondan 1 komanda premyer-liqaya çıxacaq. Keçid olmayanda komandalarda maraq olmur. Onsuz da aşağı dəstənin əksər komandalarına biz kömək edirik. Bizim üçün fərqi yoxdu həmin klub hansı olacaq.
- Qeyd etdiz ki, futbolumuzu haramdan təmizləmək lazımdı. Bəs “Topaz”ın premyer-liqanın sponsoru olması haram deyil?
- Xeyr, belə deyil. Haram odu ki, çörək yediyin qaba tüpürürsən. “Topaz” rəsmi qurumdu və hamı oynaya bilər. Təbii ki, futbolun içində olanlardan başqa. “Topaz” fəaliyyətə başlayandan həm idmana, həm də futbola xeyli yatırım edib. Kim oynayır, özü bilər. Mən heç vaxt oynamamışam və heç kimə də məsləhət görmürəm.
- Müxtəlif yaş qrupları üzrə keçirilən çempionatda şərait istənilən səviyyədə deyil. Bəzən uşaqlar soyuq havada top qovmalı olurlar. Bəlkə 12 yaşa qədər uşaqlar qapalı yerdə oynasınlar?
- Qapalı zalımız var ki? Elə deyirsiz ki, sanki belə meydanımız var, ancaq bundan istifadə etmirik (bu yerdə Elxan Məmmədov söhbətə müdaxilə edir).
- E.M.: Biz bu məsələ ilə bağlı müəyyən araşdırma aparmışıq. Havanın temperaturu mənfi dərəcəyə enəndə uşaqlar qapalı zallarda oynamalıdı. Bizdə ötən mövsüm havalar kəskin soyuyanda müəyyən turları təxirə salaraq, uşaqların soyuq havada meydana çıxmasının qarşısını almışıq. 5,10 dərəcə istidə futbol oynamaq heç kimə ziyan vurmur. Əksinə, sağlamlıqdı və bütün dünya bu təcrübədən yararlanır.
- “Sabah” Təhsil Nazirliyi tərəfindən maliyyələşir. Bu komandanın premyer-liqaya gəlməsi barədə söhbət olub? Bundan başqa, “Xəzər”in də adı hallanır.
- Bizim heç kimlə söhbətimiz olmayıb. Kimin gedəcəyini bilmirik. Bayaq qeyd etdiyim kimi, kimin gəlməsi bizim üçün önəm daşımır. Əsas odu, idman prinsiplərinə əməl olunsun.”Xəzər”, “Sabah” və ya başqa birisi - əsas sabit maliyyə dayağı olan komandalar olsun.
- Daim azarkeş sayının azlığından narazılıq edirik. Heç kimə sirr deyil ki, bölgələrdə futbola maraq daha böyükdü. Bu gün çempionatda Bakı klubları üstünlük təşkil edir. Bu nə dərəcədə qanunauyğundu? Olmaz ki, “Zirə”nin, “Səbail”in yerinə Tovuz, Qazax və ya başqa rayonların klubları premyer- liqaya çıxsın?
- Sovet düşüncəsindən çıxmaq lazımdı. Göstərişlə futbol olar? Bayılda futbol olmamalıdı? Bu ərazidə 300 minə yaxın əhali yaşayır. Bu klubların hər birinin öz sponsoru var. Tovuz klubu birincici divizionda oynayır. Biz onlara birinci divizion səviyyəsində sponsorluq edirik. Çempion olsalar da, elitada oynamaq üçün bank təminatı təqdim edə bilmədilər. Tovuzda da heç kim futbola yaxın durmur.
- Adətən, kimsə cinayətdə ittiham olunursa, onun günahı ictimaiyyətə açıqlanır. Ancaq futboldan uzaqlaşdırılanlar barədə konkret səbəb göstərilmədi... Mirhüseyn Seyidov bir oyunda bilərəkdən zəif oynadığını açıqladı. Ağakişi Mehdiyev iki əvvəl yaşananlara görə cəzalandığını bildirdi. Nizami Hacıyev isə, ümumiyyətlə, heç nə danışmayıb.
- Özləri etiraf etdilər. Bu, böyük sistemdi, iş davam edir. Futbolla məşğul olan insanların bu işi görmək ixtiyarları yoxdu. Böyük iş apardıq. UEFA-dan keçən il də, o biri il də məlumatlar gəlirdi. “Rəvan”, “Bakı” var idi. UEFA tələb qoydu ki, çempionatdan çıxarılmalıdı. Çətinliklə bunun qarşısını aldıq, bildirdik ki, burda komandanın yox, bəzi şəxslərin günahı var. Amma indiki fərdi şəxslərlə bağlıdı. FİFA prezidenti şübhəli bilindiyi üçün futboldan 6-7 illik uzaqlaşdırıldı. Hələ şübhəli ola-ola. Biz bilmək istəyirik ki, bu işin başında kimlər durur.
- E.M.: Məsələ ondadı ki, hazırda hüquq-mühafizə orqanları bu yöndə araşdırmaları davam etdirir. Heç şübhəsiz, bizimlə əməkdaşlıq çərçivəsində. Siz deyirsiz ki, araşdırma zamanı ortaya nə çıxıbsa, ictimaiyyətə açıqlansın. Lakin işi araşdıran orqanın əməkdaşları açıqlama verməyimizi məsləhət bilmir. Biz sizə kimlərin izahatlarında nə yazdığını, nə söylədiyini göstərsək, istintaqın gedişinə müdaxilə etmiş olarıq. Prokurorluğa müraciət etmişik, özümüzün də müstəqil komissiyamız bu işləri davam etdirir. Bir futbolçu özü etiraf edirsə ki, bilərəkdən zəif oynamışam, bu artıq idman prinsiplərinə ziddi, manipulyasiyadı.
- Bugünlərdə ölkə başçısı Sumqayıta səfər etmişdi. Məndə olan məlumata görə, səfər zamanı şəhərdəki Mehdi Hüseynzadə adına stadionun əsaslı təmiri SOCAR-a tapşırılıb.
- Belə şey yoxdu, sən bunu bizim boynumuza qoyma (gülür). Ümumiyyətlə, stadionların ad məsələlərinə bir qədər fərqli yanaşmaq lazımdı. “Bakcell Arena”ya görə bu gün “Bakcell” şirkəti vəsait ödəyir. Arenanın saxlanmasının 95 faizi məhz bu gəlirin hesabınadı. “Azərsun Arena” “Azərsun”undu. Bütün arenaların adlarının kommersiya xarakterli olmasını istəyirik. Bayıldakı stadiona da sponsor axtarırıq. Kim istəyirsə, lap atasının adını qoysun, ancaq buna görə vəsait ayırsın (gülür). Əlbəttə, bu zarafatdı. Mehdi Hüseynzadə ilə bağlı nəsə etməyi düşünürük. Bu gün də bunun müzakirəsi oldu. Sumqayıtda 10 min yerlik stadionun tikilməsini düşünürük. “Sumqayıt” rəhbərliyi də deyir ki, çox adam oyun vaxtı ayaqüstə qalır. Buna maliyyə axtarırıq. Elxan müəllim söz verdi ki, UEFA ilə bu barədə danışacaq. Bir az biz, bir az da şəhər rəhbərliyi maliyyə tapar. Stadionun adına isə gələcəkdə qərar veriləcək.
- Bu gün Tofiq Bəhramovun adına stadion olsa da, Anatoli Banişevskinin adını daşıyan hansısa arena yoxdu…
- Dedim axı, stadion adlarına fərqli yanaşmaq fikrimiz var. Banişevski də var, Kazbek Tuayev də var. Onda gərək bütün arenalara futbolçuların adlarını verək. Stadion adları ancaq kommersiya məqsədli olacaq. Banişevski ilə bağlı həmişə böyük tədbirlər keçirmişik, film çəkmişik, ailəsinə kömək edirik. Stadion adlarını satacağıq ki, sponsor arenaya maliyyə ayırsın.
Sonda qeyd etmək istərdim ki, 2017 futbolumuzda uğurlu illərdən biri kimi yadda qaldı. AFFA-nın yaranmasından 25 il keçib. AFFA yaranandan burda olan Kazbek Tuayevi diplomla təbrik etdik.
2017-ci il bizim üçün uğurlu oldu. Millimiz ilin əvvəllərində uğurlu çıxış etdi. İslamiadada birinci yeri tutduq. Ən əsası odu ki, “Qarabağ” Çempionlar Liqasındakı uğurlu oyunu ilə bizi sevindirdi. Cənab prezidentimiz İlham Əliyev sağ olsun ki, bunu qeyd etdi. Onun təltif etdiyi üç şəxsdən ikisi futbol adamı oldu. İnanıram ki, 2018l daha uğurlu olacaq. Bizi ağır yarışlar gözləyir. Millətlər Liqası keçiriləcək. Avropa çempionatına vəsiqə üçün bu bir şansdı. İnanıram ki, hamımız əl-ələ verib bu nəticəni qazanacaq və bu ilin nəticəsini kölgədə qoyacağıq.
RƏŞAD
SON XƏBƏRLƏR