Sizin reklam burada

Cabir İbrahimov 2018-i nişan verdi

Baxış Sayı:814

Cabir İbrahimov 2018-i nişan verdi
“Kobud səhvlərə yol verdiyim aşkarlansaydı, məni də başqaları kimi klubdan birdəfəlik uzaqlaşdırardılar”
Ötən ay “Kəpəz”də yaşanan qalmaqalda ən çox adı çəkilənlərdən biri də klubun icraçı direktoru Cabir İbrahimov idi. Məhz onun Mikayıl Nərimanoğlu ilə bağlı dosyeni AFFA-nın baş katibi Elxan Məmmədova təqdim etməsindən sonra klubda audit yoxlaması aparılmış, maliyyə yeyintisinə yol verildiyi məlum olmuşdu. Həmin vaxt Mikayıl bəylə yanaşı, İbrahimovun da klubdan qovulacağı gözləniləsə də, o hələ də “Kəpəz”də işini davam etdirir. Ötən həftə Gəncə səfəri zamanı Cabir bəylə görüşüb, bu və bizi maraqlandıran başqa məsələrlə bağlı söhbətləşdik.
- Kəpəz”də maliyyə yeyintisi ilə bağlı faktlar aşkarlanandan sonra rəhbərlikdə təmsil olunanların bir çoxunun işini itirəcəyi söylənilsə də, görünən odu ki, yalnız Mikayıl Nərimanoğlu klubdan uzaqlaşdırlıb. Kadr islahatı başa çatdı, yoxsa yenə gedənlər olacaq?
- Nə dəyişikliklər olubsa, hamısı göz qabağındadı. Mətbuatın diqqətindən kənarda qalan heç nə yoxdu. İdmanda, xüsusilə də futbolda elədi ki, atılan hər addım o dəqiqə ictimailəşir, hamının hər şeydən xəbəri olur.
- Yayılan söz-söhbətə inansaq, audit yoxlamasının nəticələri tam açıqlanandan sonra siz və klubun mühasibi Mənsurə Məmmədova da düşərgədən uzaqlaşdırılacaqsız.
- Öncə özüm barədə danışmaq istəyirəm. Mən artıq klubun icraçı direktoru postundan ayrılmışam və noyabrın 20-dən stadionun direktoruyam. Başverənlərdə mənim də kobud səhvlərə yol verdiyim aşkarlansaydı, yəqin ki, məni də başqaları kimi klubdan birdəfəlik uzaqlaşdırardılar. Struktur dəyişikliyi oldu və mənə stadiona rəhbərlik etməyi tapşırıldı. Bu da o deməkdi ki, klubda qalıb işimi davam etdirəcəm. Mənsurə xanıma gəlincə, o da hələ ki işini davam etdirir. Qarşıda nə olacaq, onu deyə bilmərəm. Hər şey rəhbərliyin qərarından asılıdı.
- Audit yoxlaması tam başa çatıb?
- Bəli.
- Təftiş tam yekunlaşıbsa, nəyə görə “Kəpəz”in möhürü və başqa sənədlər klubda yox, hələ də Bakıdadı?
- Yanlış məlumatdı. Möhür və kluba aid bütün lazımi sənədlər bizdədi. Onların hamısı klubun rəhbərliyinə qaytarılıb. Düzdü, yoxlama aparılan zaman möhür və bəzi mühasibatlıq sənədləri müəyyən müddətə götürülmüşdü. Lakin təftiş başa çatandan sonra hamısı geri verildi.
- Qış fasiləsində “Kəpəz”də əsaslı dəyişikliklərin olacağı gözlənilir. Bəs stadionda necə?
- “Kəpəz”in durumu hamımıza məlumdu. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komandada islahatların aparılması normaldı. Ötən həftə klub rəhbərliyinin və Gəncənin icra başçısı Elmar Vəliyevin də iştirak etdiyi tədbirdə siz də var idiz. Orda olan söhbətləri eşitdiz. Növbəti ildə “Kəpəz” güclənməli, iddialılar arasında olmalıdı. Bunun üçün yüksək səviyyədə əməli işlər görüləcək. Sualınızın ikinci hissəsinə gəlincə, komandanın qarşısına iddialılar arasında olmaq məqsədi qoyulubsa, heç şübhəsiz, stadionda və bazada da müəyyən işlər görüləcək. Uğur qazanmaq üçün bütün işlərə kompleks şəkildə yanaşmaq lazımdı.
- Neçə müddətdi “Dalğa Arena”dan çıxarılan süni örtük Gəncəyə gətirilsə də, onun döşənməsi ilə bağlı yenilik yoxdu. Stadionun ərazisində yeni meydançanın salınması üçün ərazinin də olduğunu nəzərə alsaq, problemin nədən qaynaqlandığı bilmək istərdik.
- Son vaxtlar şəhərdə müəyyən abadlıq-quruculuq işləri aparıldığından, yeni örtüyün salınması bir qədər yubandı. Bu yöndə işlərə start verilib. Süni örtüyün salınacağı ərazidə qazıntı işləri aparılır. Torpağı çıxarıb meydanın yerini düzəltmək lazımdı. Artıq bu işə texnika cəlb olunub və qazıntı işlərinin təxminən 80 faizi həyata keçirilib. İşlər sürətlə davam edəcəyi təqdirdə yaxın vaxtlarda süni örtüklə bağlı problem aradan qalxacaq. İşi görən şirkətin əməkdaşlarının sözlərinə görə, qısa vaxtda meydança klubun ixtiyarına veriləcək.
- Gəncə stadionunun tribunaları da istənilən səviyyədə deyil. Müəyyən sektorlara hələ də oturacaqlar quraşdırılmayıb.
- Bu məsələ də gündəmdədi. Əsas vəzifəmiz ot örtüyünün dəyişdirilməsi idi ki, şükür Allaha, bu iş başa çatdı. Hazırda çox gözəl təbii meydanımız var. Onu da qeyd edim ki, süni örtükdən başqa stadionun ərazisində daha bir məşq meydanı salmaq fikrindəyik. Təbii otdan olacaq həmin meydan da standartlara cavab verəcək. Oturacaqlar və bazanın təmiri ilə bağlı 2018-də işlər aparmağı planlaşdırmışıq.
- Stadionun tribunalarından biri qəzalı vəziyyətdə idi. Bir ara, ümumiyyətlə, həmin tribunadan istifadə olunmasına yasaq qoyulmuşdu. İndi vəziyyət necədi?
- Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin əməkdaşları həmin tribunaya baxış keçirdilər, qazıntı işləri apardılar və rəy verildi ki, tribuna istifadəyə yararlıdı. Orda heç bir təhlükədən söhbət gedə bilməz.
- “Kəpəz”in müxtəlif yaş qruplarının da vəziyyəti acınacaqlıdı. Klubun stadionu olsa da, aşağı yaş qrupları çempionat oyunlarını Yevlaxda, durumu o qədər də yaxşı olmayan stadionlarda keçirmək məcburiyyətindədi. Onların “qaçqın həyatı”na nə vaxt son qoymaq fikriniz var?
- Süni meydan hazır olandan sonra istər əvəzedici heyət, istərsə də müxtəlif yaş qrupları həm çempionat oyunlarını, həm də məşqlərini öz stadionumuzda keçirəcək.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR