Sizin reklam burada

“Kəpəz” üç legioneri yola saldı

Title
 “Kəpəz” üç legioneri yola saldı
Əvəzedicilərlə U-19-da isə məşqçi dəyişiklikləri oldu
Yunis Hüseynov “Kəpəz”ə baş məşqçi təyin olunandan sonra klubda və komandada müəyyən islahatların aparılacağı gözlənilirdi. Hələ bir ay əvvəl əvəzedici komandanın baş məşqçisi, həm də aşağı yaş qruplarından ibarət komandaların əlaqələndiricisi Azər Məmmədovun göndəriləcəyi ilə bağlı xəbərlər dolaşsa da, mütəxəssis sonuncu tura qədər iş başındaydı. Sirr deyildi ki, həm Hüseynov, həm də klub rəhbərliyi fasilə yaranmasını gözləyir.
Azər Məmmədovla əməkdaşlığa son qoyulub. Həmçinin köməkçisi Vasif Vəliyevlə yollar ayrılıb. Məmmədovun rəhbərlik etdiyi komandanın nəticələri əsas komandanın baş məşqçisini razı salmadığından, Yunis bəy rəhbərliyə təqdim etdiyi raportda dəyişikliyin zəruri olduğunu qeyd edib. Artıq yenilərin adları da məlumdu. “Kəpəz”in əvəzedici komandasına bundan sonra Ceyhun Tanrıverdiyev rəhbərlik edəcək. Mətləb Məmmədov isə ona kömək edəcək.
U-19-un baş məşqçisi Ceyhun Əhmədovla köməkçisi Fuad İsmayılov da yola salınıb. Səbəb eynidi – uğursuz nəticələr. Əhmədovu baş məşqçi postunda Anar Kələntərov, İsmayılovu isə İlqar Hüseynov əvəzləyəcək.
Mövsümün gedişində məğlubiyyətləri sıralayaraq, nəticədə qış fasiləsinə sonuncu pillədə yollanan “Kəpəz”də dəyişikliklərin olacağı sirr deyil. Yunis Hüseynov bir çox futbolçulardan, xüsusilə də legionerlərdən razı deyil. Odu ki, onlarla yolların ayrılmasına qərar verilib. Üç qaradərili – Samba Diallo, Viktor Oseqeyl və Mansur Alaci ilə qarşılıqlı razılıq əsasında yollar ayrılacaq və bu haqda ictimaiyyətə məlumat veriləcək. Baş məşqçi yalnız Dedimar Ferreyranın qalmasını məqsədəuyğun sayıb. Gedən üç nəfərin əvəzinə isə 4-5 yeni əcnəbi dəvət olunacaq.
Yerlilərdən də bir neçəsi yola salınacaq. Hüseynov bu məsələdə tələsmək istəmir. Öncə namizədləri müəyyənləşdirib razılıq almaq əsas şərtdi. Bu baş verəndən sonra iki-üç yerliyə qapının göstəriləcəyi gözlənilir. Dekabrın 2-də Gəncədə baş tutan tədbirdə şəhərin icra başçısı Elmar Vəliyev “Kəpəz”ə xüsusi diqqət ayrılacağını demiş, büdcənin artırılacağını gizlətməmişdi. Lakin bu, indiki dövrə aid deyil. Yunis Hüseynovun qışdan sonrakı fəaliyyəti və komandanın nəticələri şəhərin merini razı salsa, yayda komandada ciddi büdcə irəliləyişi baş verəcək. Bu günə ayrılan vəsait isə əvvəlki kimi qalır. Yəni baş məşqçi komandanı tərk edən futbolçuların maaşı dəyərində yeniləri cəlb etmək imkanına sahibdi.
Başqa klublarda çıxış edən yerli futbolçuların bir neçəsi “Kəpəz”də oynamağa razıdı. Di gəl ki, hər birinin məxsus olduğu klubla müqaviləsi var. Hüseynov “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “Keşlə”nin bir neçə üzvünə göz qoysa da, ya klubları onları buraxmaqda maraqlı deyil, ya da icarəhaqqı yüksəkdi. Biri Orxan Sadıqlı. Vaxtilə Yunis Hüseynovun rəhbərliyi altında “Xəzər Lənkəran”da çıxış edən qapıçının “Keşlə”lə yaya qədər müqaviləsi var. “Kəpəz”ə keçməsi üçün klubun Müşahidə Şurasının rəhbəri Zaur Axundov razılıq verməlidi ki, rəhbər buna qarşıdı. Eləcə də başqaları.
Şahin Diniyevin köməkçiləri olmuş Vidadi Rzayevlə Nadir Şükürov fəaliyyətini davam etdirəcək. Yəni bundan sonra da əsas komandada köməkçi-məşqçi funksiyasını yerinə yetirəcəklər. Xaliq Mərdanovun Diniyevlə birgə ayrılmasından sonra yaranan boşluğu nəzərə alan Hüseynov onun əvəzinə yerli köməkçi götürəcək. Lakin onun adı hələ ki gizli saxlanılır. Həmçinin fiziki hazırlıq üzrə əcnəbi mütəxəssisin gətirilməsi də gündəmdədi.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.