Sizin reklam burada

Qriqorçukun Ramin Quliyevin yerinə namizədi yoxdu

Müəllif: football Tarix: 17-12-2017, 15:18 567 Baxış
Qriqorçukun Ramin Quliyevin yerinə namizədi yoxdu
Samir Əliyev üç legioneri göndərir, yerlilərdən də ayrılan olacaq
Oyundan sonra təşkil edilən mətbuat konfransı adəti üzrə qonaq komandanın baş məşqçisinin - Roman Qriqorçukun mikrafonlar qarşısına keçməsi ilə başladı. Ukraynalı mütəxəssisin məmnunluğu halından bəlli idi.
- Qələbə bizi növbəti mərhələyə çıxardı. İlk yarını pozitiv, xoş əhval-ruhiyyədə bitirdik. Tətilə xoş hisslərlə gedirik. Futbolçularımı təbrik etdim.
- Endi Hallidey son vaxtlar az şans qazanır. Qış fasiləsində onun göndərilmək ehtimalı var?
- Hazırda bu haqda nəsə deyə bilmərəm. Kim gələcək, kim gedəcək - bu haqda nəsə demək mümkün deyil. Hələ ki bütün oyunçular bizimlədi.
- Birinci oyunda çox qol vəziyyəti yaratsaz da, cəmi bir qol vura bildiz. Bu gün isə ilk qolu siz buraxdız. Bu, rəqibi dəyərləndirməməklə bağlı deyil ki?
- Deməzdim ki, rəqibə ciddi yanaşmamışdıq. Sadəcə, autdan bir top atdılar və səhvə yol verdik.
- Millidə çalışacaq Ramin Quliyevi məşqçilər korpusunda kim əvəz edəcək?
- Hələ ki bəlli deyil. Namizədimiz yoxdu.
Daha sonra Samir Əliyev jurnalistlərin qarşısına çıxdı. Baş məşqçi əvvəlcə oyunla bağlı danışdı, sonra sualları cavabladı.
- Ağır məğlubiyyətdi, 4 top buraxdıq. Danışmaq çətindi. Amma oyundan sonra uşaqlara təşəkkür etdim. 5 ayda keçdiyimiz yola görə. Çalışdıq ki, hamısına şans verək. Oturub 5 ayda gördüyümüz işləri təhlil edəcəyik. “Qəbələ” çox güclü rəqib idi. Bu gün “Qəbələ” kimi komandalarla eyni səviyyədə mübarizə aparmağa hazır deyilik. Eyni sayda qol vəziyyəti yaratsaq da, ustalıq sonda öz sözünü dedi.
- Demək olar ki, bəzi oyunçuların etimad limiti bitdi?
- Belə deməzdim. İstərdim ki, oyunçulara daha çox şans verək. Kimsə az, kimsə çox oynadı. Oturub nəticə çıxaracağıq. Gələnlər və gedənlər olacaq. Çalışacağıq daha yaxşı hazırlaşaq, qol vəziyyətlərindən düzgün yararlanaq.
- Rəqib 3, siz isə 5 müdafiəçi ilə oynayırdız. Onlar sizə, yoxsa siz onlara görə taktikanı dəyişmişdiz?
- Yaxşı sualdı. İstərdim ki, gələcəkdə belə mövzulara çox toxunulsun. Əslində “Qəbələ” 3 yox, 4 müdafiəçi ilə oynayırdı. İkinci hissədə 4-3-3-ə keçdik. Çalışdıq etibarlı oynayaq və qol vuraq. Bəzən işlər planlaşdırdığınız kimi getmir.
- Standart vəziyyətlər zamanı ucaboy oyunçular arxada qalırdılar. Bu nə ilə bağlıdı?
- Təkcə Madonu arxada saxlayırdıq. Çünki o, başla yaxşı oynaya bilmir. Nurlan Novruzov balacadı deyə, müdafiəyə çəkə bilmərəm. Ən azı irəlidə mübarizə aparırdı.
- İlk yarıda ən problemli mövqeyiniz kimi hansını qeyd edərdiz?
- Bütün mövqeləri gücləndirmək istərdik. Mərkəz və cinah hücumçularının daha keyfiyyətli olmasını istəyirik. Bəlli, büdcəmiz var, buna uyğun oyunçular gətirməyə çalışacağıq. Kimlərlə yolları ayıracağıqsa, demək olar, bəllidi. Çox güman, Renan, Jarskis və Popoviçi olmayacaq. Razılaşmışıq, onlarla yollarımızı ayıracağıq. Gedənlər arasında yerlilər də olacaq. Həmçinin təlim-məşq toplanışımızın proqramı da müəyyənləşib. Bunların hamısı bəllidi, bir-iki günə açıqlanacaq.
MİRAĞA
SON XƏBƏRLƏR