
Mikayıl Cabbarov İlqar Məmmədovla görüşüb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) Konqresi keçirilib. Azərbaycan Qılıncoynatma Federasiyası (AQF) Konqresdə qurumun prezidenti Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Tədbirdə 126 federasiyanın nümayəndə heyəti iştirak edib. Konqresdə ötən ilin yekunları və gələcək inkişaf planı müzakirə olunub.
Forumun yekununda bir sıra qərarlar qəbul olunub. Belə ki, 2020-ci ildə gənc və yeniyetmə idmançılar arasında keçiriləcək dünya çempionatı ABŞ-ın Solt Leyk Siti şəhərinə həvalə olunub. Misirin paytaxtı Qahirə və Xorvatiyanın paytaxtı Zaqreb isə müvafiq olaraq, 2019 və 2020-də veteran qılıncoynadanların mundialına evsahibliyi edəcək.
Tədbir çərçivəsində AQF nümayəndə heyəti FİE prezidenti Əlişir Usmanov, Avropa Qılıncoynatma Konfederasiyasının rəhbəri Stanislav Pozdnyak, o cümlədən Ukrayna, Gürcüstan Qılıncoynatma Federasiyalarının rəhbər şəxsləri və Rusiya millisinin baş məşqçisi İlqar Məmmədovla ikitərəfli görüşlər keçirib. Ölkəmizdə bu idman növünün inkişafı, məşqçilər və idmançıların təcrübə yığması üçün əməkdaşlıq perspektivləri, yığma üzvlərinin beynəlxalq turnirlərdə iştirakı müzakirə olunub. Cabbarov fürsətdən istifadə edərək Məmmədovu Rusiyanın "Şərəf" ordeninə layiq görülməsi münasibətilə təbrik edib və məşqçilik fəaliyyətində uğurlar arzulayıb.