Sizin reklam burada

“Azərreyl” işini çətinə saldı

Baxış Sayı:540

“Azərreyl” işini çətinə saldı
“Çağırış” kuboku
Stiinta (Rumıniya) – AZƏRREYL 3:1 (25:23, 25:20, 22:25, 25:18)
Stiinta: Denisa Adriana Roqoyinaru – 20, Ana Kristina Kazaku – 19, Ana-Mariya Lupa – 13, Melinda Sipos – 9, Georgiana Fales – 6, Anamariya Berdila – 3, Alexandra Alis Kapelovis – 2, Mihaela Albu (l), Loredana Filipas, Yuliyana Mataçe, Alexandra Kiuku, Roksana Mihaela Lupu, Lorena Raisa Kiokian, İrina-Kristina Radu.
Baş məşqçi: Florin Qrapa.
Azərreyl: Anna Dovqopolyuk – 18, Yekaterina Jidkova – 17, Svetlana Dorsman – 13, Viktoriya Ağakişiyeva – 9, Maqdalena Qrika – 3, Ayşən Abduləzimova – 3, Aynur Kərimova – 3, Nelli Salbişvili – 1, Şəfaqət Həbibova – 1, Valeriya Məmmədova (l), Ceyran Əliyeva, Nərmin Fərəcova.
Baş məşqçi: Famil Ağayev.
Hakimlər: Cevril Əbru Ayata (Türkiyə), Georgios Georguleas (Yunanıstan).
12 dekabr. Bakau. “Sala” İdman Sarayı. 500 tamaşaçı.
Oyunun vaxtı: 119 dəqiqə (30+29+31+29).
Çərşənbə axşamı “Azerreyl” yeni mövsümü açdı. Bəli, nə qədər qəribə səslənsə də, son ölkə çempionu 2017/18 mövsümünün ilk oyununu dekabrın 12-də keçirdi. Çempionat hələ də başlamadığından start avrokubok görüşünə təsadüf etdi. Təbii ki, bu da öz fəsadlarını göstərdi. Əslində belə olacağı gözlənilirdi. Onsuz da heyətini çətinliklə formalaşdıran “dəmiryolçular” həm də oyun praktikasının çatışmazlığından əziyyət çəkirdi. Halbuki daxili birincilik ən pis halda noyabrda başlasaydı və komanda çempionatda 3-4 oyun keçirsəydi, həm voleybolçular təcrübə qazanar, formaya düşər, həm də yenilər müəyyən qədər komandaya və baş məşqçinin sisteminə uyğunlaşardı.
Hərçənd bu cür əlverişsiz şəraitdə belə qonaqların Bakauda aciz göründüyünü söyləmək çətindi. Oyunu mavi ekranlardan izləyə bilmədiyimizdən yalnız hesablara əsasən şərh verə bilərik. Əslində ilk seti “Azərreyl” hesabına yazmalıydı. Çünki təmsilçimiz 21:15 hesablı üstünlük əldə etmişdi. Ancaq arxayınlıqdan, ya nədənsə 6 xallıq üstünlük itirildi və ilk seti meydan sahibləri hesabına yazdı. İkinci setin əvvəlindən rumınlar təşəbbüs sahibi idi. Hərçənd setin sonlarınadək arada böyük fərq yaranmamışdı. Yenə sonluğu uğurlu gətirə bilməyən Famil Ağayevin komandası bu seti də əldən verdi. Ancaq 3-cü setdə ssenari lehimizə dəyişdi. İlk texniki fasiləyə 4 xallıq üstünlüklə yollanan “Azərreyl” bu dəfə sonadək təşəbbüsü əldən vermədi. “Stiinta” qarşılaşmanın tay-brekədək davam etməsinə yol vermək niyyətində deyildi. Toparlanan Rumıniya təmsilçisi 4-cü setdə “Azərreyl”ə heç bir şans tanımadı.
Oyundan sonra rəqibin baş məşqçisi Florin Qrapa bunları deyib: “Bu vacib qələbədi. Mərhələ keçə bilsək, bizim üçün daha böyük uğur olacaq. Cari mövsümdə ən yaxşı oyunlarımızdan birini keçirdik. Amma ən yaxşı olduğunu deyə bilmərəm. Çünki daha böyük potensialımız var. Voleybolçularımızdan “Azərreyl”ə qarşı çox diqqətli olmalarını xahiş etmişdim. Onlar da tapşırıqları yerinə yetirdilər. Düşünürəm ki, indiki məqamda 1/8 finala yüksəlmək şanslarımız hələ də bərabərdi”.
“Stiinta”nın çalışdırıcısı ehtiyatlı danışsa da, 1:3 hesablı məğlubiyyət rəqibin 1/8 finala daha yaxın olmasından xəbər verir. Hətta cavab görüşündə 3:0 hesablı qələbə də Famil Ağayevin komandasını növbəti mərhələyə daşımayacaq. Yekun qələbəyə sevinmək üçün “qızıl” setdə də üstün olmaq lazımdı. “Stiinta”ya isə cəmi 2 seti öndə bitirmək yetərlidi.
Xatırladaq ki, cavab görüşü gələn il yanvarın 9-da Dərnəgül Voleybol Mərkəzində baş tutacaq. Oyunun start fiti 18.00-da çalınacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR