
Klublar Komitəsindən dəstək bəyanatı
Dünən Klublar Komitəsinin iclası keçirildi. Toplantının ardından AFFA-nın saytında komitənin bəyanatı yer aldı: “Təəssüf hissi ilə qeyd edirik ki, dünyanın müxtəlif ölkələrində idman oyunlarının nəticələrinin manipulyasiyası cəhdləri ölkəmizdə də müşahidə edilməkdədi. Son vaxtlar ölkə futbolunda baş verən neqativ halların aşkarlanması, bu işdə birbaşa və ya dolayısıyla iştirak edən şəxslərin cəzalandırılması və ədalətli oyun prinsiplərinə əməl olunması təqdirəlayiq haldı. Mövcud problemlə bağlı Klublar Komitəsinin bu gün (dünən) keçirilən iclasında geniş müzakirə aparılıb və UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılovun təqdim etdiyi məlumatlar dinlənilib. KK olaraq idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak edən şəxslərin əməllərini pisləyir və layiqli şəkildə cəzalandırılmalarını, ölkə futbolunun inkişafı istiqamətində atılan addımı yüksək qiymətləndiririk. Həmçinin bəyan edirik ki, bu istiqamətdə istər AFFA, istərsə də hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq etməyə, hər cür kömək göstərməyə hazırıq”.