2017/18 mövsümü sabah yarılanacaq. Belə ki, ilə kubok oyunları ilə yekun vurulacaq. 1/4 final mərhələsinin cavab görüşlərindən ikisi bu gün, ikisi isə sabah baş tutacaq. Bu o deməkdi ki, yarımfinalçılardan ikisinin adına bu gün aydınlıq gələcək. “Kəpəz” “Keşlə”ylə, “Neftçi” “Zirə”ylə münasibətlərinə yenidən aydınlıq gətirməyə, səfərdəki məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Ümumiyyətlə, ilk görüşlərin hamısında meydan sahibləri qələbə qazanmışdı. Bu mənada “Kəpəz”in işi daha ağırdı. Belə ki, Ramiz Məmmədovun komandası evdə rəqibini 2 cavabsız qolla üstələyib. İlk yarıda istəyinə çatan keşləlilər matçın ikinci hissəsini cavab görüşünün ssenarisinə uyğun keçirmişdi. Belə ki, fasilədən sonra müdafiəyə qapanan paytaxt təmsilçisi 45 dəqiqə ərzində qapısını toxunulmaz saxlaya bilmişdi. Üstəlik, fərqi artırmaq üçün real qol vəziyyətləri yaratmış, ancaq istəyinə çatmamışdı. Gəncədə də əks-hücumlar üçün imkanlar olacaq. “Kəpəz”in meydana təzyiq altında çıxacağı gün kimi aydındı. Hələ ilk matçdan sonra tərəfdarların sərt təpkisi ilə üzləşən komanda doğma publika önündə buraxacağı mümkün qoldan sonra başına gələcəkləri təsəvvür etməlidi. Xoşbəxt ssenari isə erkən qol vurub rəqibi həyəcanlandırmaq və növbəti səhvə məhkum etmək olar.
“Neftçi” isə “Zirə” ilə ölüm-qalım savaşına çıxacaq. İndiyə qədər bu rəqibə cəmi bir dəfə qalib gələn “ağ-qaralar” sindromdan yaxa qurtarmaq istəyirsə, qələbə qazanıb mərhələni adlamalıdı. Düzdü, Tərlan Əhmədov və komandası kubokdan çox çempionatı düşünməlidi. Çünki “ikinci cəbhə”də yarımfinaldakı rəqiblər, çox güman, “Qəbələ”, finalda isə “Qarabağ” olacaq. Hər halda, möcüzə baş verməsə, sabah favoritlər məhz onlardı. Çempionatda isə avrokuboklara vəsiqə uğrunda əsas rəqib “Sumqayıt” sayılır. Bununla belə, “Neftçi” çalışır ki, yarımfinala adlayıb həm özünəinamı qaytarsın, həm də rəhbərləri qış transferlərinə daha da həvəsləndirsin.
Qeyd edək ki, bugünkü, ümumiyyətlə, cavab görüşlərinin hamısı “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayınlanacaq.
Ölkə kuboku
1/4 final, cavab oyunları
14 dekabr
Kəpəz – Keşlə
Hakimlər: ORXAN MƏMMƏDOV, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
AFFA nümayəndəsi: Namiq Məstanov
Cəzalı: yoxdu.
Gəncə. Şəhər stadionu. Saat 13.00
İlk oyun – 0:2.
Neftçi – Zirə
Hakimlər: FARİZ YUSİFOV, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov.
Hakim-inspektor: Məlik Həsənov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Cəzalılar: Aleksandr Şemonayev, Sadiq Quliyev (hər ikisi "Zirə") .
Bakı. Bakcell Arena. Saat 19.00
İlk oyun – 0:1.
MİRAĞA