Sizin reklam burada

Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi

Müəllif: football Tarix: 13-12-2017, 22:41 604 Baxış
Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi
Daha bir yığma yaranır, U-16 ilə bağlı yekun qərar verilməyib
Yığmanın yeni baş məşqçisi Qurban Qurbanov “Roma” ilə oyundan əvvəl keçirilən mətbuat konfransında “iş gedir, yerimizdə dayanmamışıq, yığmaya da müəyyən qədər vaxt ayırıram” deyəndə, heç şübhəsiz, məşqçilər korpusunun formalaşması yönündə cəhdlərinin mesajını vermişdi. Bəli, artıq əminliklə demək olar ki, təkcə əsas yox, aşağı yaş qrupları üzrə yığmalar da yenilənəcək, daha doğrusu, Qurban bəy güvəndiyi və sisteminə uyğun gələn məşqçilərlə əməkdaşlıq edəcək. Noyabrın 3-dən bəri məlum mövzu ətrafında müəyyən müzakirələr aparılır, müxtəlif versiyalar irəli sürülürdü. Qurbanov isə məsələ ilə bağlı hər açıqlamasında ilin sonuna qədər səbr etməyi məsləhət görürdü. Yəni premyer-liqanın ilk yarısı, ölkə kubokunun 1/4 final mərhələsi başa çatandan sonra milli mövzusuna qayıdılacaqdı. Ancaq ya bu gün, ya da sabah AFFA bütün yığmaların məşqçilərinin adını açıqlayacaq ki, biz də hadisələri qabaqlayaraq, indiyə qədər əldə etdiyimiz bilgiləri bölüşürük.
U-21-in Mahmud Qurbanova tapşırılacağı deyilirdi. Hətta bunu əminliklə söyləyənlərə də rast gəlmək olardı. Amma yox. Ölkənin ikinci yığmasının yükünü bundan sonra Rəşad Sadıqov çiyinlərində daşıyacaq. Əslində bu təyinat daha erkən, hətta Yaşar Vahabzadə istefa verəndən az sonra gerçəkləşə bilərmiş. Lakin həmin vaxt Rəşad AFFA-nın təklifi önündə tərəddüd edib, bəlkə də düşünmək üçün vaxt istəyib. Bir neçə gün əvvəl Elxan Məmmədovla Qurban Qurbanov birgə yeməyə Sadıqovu da çağıraraq, yenidən bu haqda söhbət ediblər. Rəşad yenə vaxt istəyib. Nəhayət, srağagün “hə” deyib. Sadıqovun U-21-ə baş məşqçi təyin olunması “Qarabağ”ın U-19 komandasından gedəcəyi deməkdi. Yığmayla bağlı xəbər ictimaiyyətə çatdırılandan sonra “köhlən atlar”ın U-19-u ilə bağlı açıqlama veriləcək. Onu da qeyd edək ki, U-21-in potensial baş məşqçisi srağagün “Keşlə” – “Kəpəz” və “Zirə” – “Neftçi” qarşılaşmalarını izləyib. Hətta yanındakılara Fəhmin Muradbəylinin bacarığından da söz açıb.
U-19 isə Vüqar Məmmədə tapşırılacaq. Son vaxtlara qədər U-16-nın baş məşqçisi olan mütəxəssis bundan sonra U-19-a uğur qazandırmağa çalışacaq. Bu da səbəbsiz deyil. Vaxtilə aşağı yaş qruplarında oynamış futbolçuların U-19 dövrü çatdığından, gənc çalışdırıcı onları yaxşı tanıyır. Xatırladaq ki, U-19 növbəti Avropa çempionatının seçmə mərhələsində Gürcüstan, İsrail və Lixtenşteynlə bir qrupda mübarizə aparacaq və oyunlar qonşu ölkədə keçiriləcək.
Ümumiyyətlə, AFFA yığmalarla işin xarakterini bir qədər dəyişmək qərarına gəlib. Belə ki, nəsil ardıcıllığını təmin etmək üçün U-18 də yaradılır və bu komanda “Zirə”də Ayxan Abbasovun köməkçisi olan Zaur Həşimova tapşırılacaq. U-17-nin “sükanı arxasına” “Qəbələ”də Qriqorçuka yardım edən Ramin Quliyev keçəcək. Bu komandanın növbəti Avropa çempionatının seçmə mərhələsində Çexiya, Norveç və Albaniya ilə mübarizə aparacağını da nəzərinizə çatdıraq. 8-ci qrupun oyunları Aqollinin vətənində keçiriləcək.
AFFA U-21, U-19, U-18 və U-17-nin ardından U-16-ya da laqeyd qalmaq fikrində deyil. Bizdə olan bilgiyə görə, bu komandanı da Qurban bəyin güvəndiyi kadrlardan biri çalışdıracaq. Dünən axşama qədər onun adı dəqiqləşməmişdi.
O ki qaldı Qurban Qurbanovun köməkçilərinə, ikisinin adı məlumdu. Əsas köməkçi funksiyasını “Qarabağ”da olduğu kimi, yığmada da Elçin Rəhmanov daşıyacaq. Rəhmanovdan söz düşmüşkən, bir müddət əvvəl premyer-liqa təmsilçilərindən birinin rəhbərliyi ona əsas komandanın baş məşqçi postunu tapşırmaq istəyib. Lakin Rəhmanov təklifi geri çevirərək, “Qurban Qurbanov harda, mən də orda” cavabını verib. Yığmanın qapıçılarını isə hər kəsin yaxşı tanıdığı Dmitri Kramarenko çalışdıracaq.
HƏBİB
SON XƏBƏRLƏR