Sizin reklam burada

Divizionda şübhəli oyunların dosyesi

Baxış Sayı:538

Divizionda şübhəli oyunların dosyesi
Əsgər Abdullayevin komandasının adı daha çox hallanır
Uzun illər ölkə futbolunda nəticəsi əvvəlcədən razılaşdırlan matçların baş tutduğu haqda söz-söhbət dolaşsa da, nədənsə AFFA və PFL rəhbərliyi bu məsələyə reaksiya vermir, heç nə olmayıbmış kimi yaşananlara göz yumurdular. Bundan istifadə edən “futbol qumarbazları” isə öz işlərində idilər, istədikləri oyunları “fırladır”, bukmeker kontorlarından külli miqdarda qazanc əldə edirdilər. Nəhayət, bu ilin yanvarında Azərbaycan futbolunda “zəlzələ” yaşandı. Nəticəsi əvvəlcədən razılaşdırlmış qarşılaşmaların geniş vüsət alması, bununla bağlı UEFA-dan gələn siqnallar futbol təsərrüfatına rəhbərlik edənləri qəti addımlar atmağa vadar etdi. Bunun da qarşılığı olaraq, iki klub - “Rəvan” və “Şərurspor” çempionatdan kənarlaşdırıldı, 20-dən çox futbolçu, klub əməkdaşı və bir hakim müxtəlif sanksiyalara məruz qaldı.
Düşünmək olardı ki, həyata keçirilən “təmizlik” işlərindən sonra daha heç kim risk edib karyerasını, imicini təhlükə altına qoymaz, “qara işlər”ə baş qoşmaz. Ancaq görünür, nəfsinə hakim çıxa bilməyən, asan yolla pul qazanmaq istəyən oyunçuların, klub funksionerlərinin sayı düşündüyümüzdən daha çox imiş.
Bugünlərdə Nizami Hacıyevlə Mirhüseyn Seyidovun, məşqçi Ağakişi Mehdizadənin ömürlük futboldan uzaqlaşdırılması, bu yöndə araşdırmaların davam etdirlməsi bir daha göstərir ki, Azərbaycan futbolu virusdan hələ tam təmizlənməyib.
Son günlər birinci divizon haqda yenə xoşagəlməz informasiyalar dolaşır. Kuluarlarda bəzi klubların “qara əməlləri” haqda az qala əfsanələr danışılır. Bu mövzuda nə qədər qəribə olsa da, Əsgər Abdullayevin çalışdırdığı “Turan Tovuz” “liderdi”. Qış fasiləsinə kimi qərb təmsilçisinin iştirakı ilə baş tutan bəzi qarşılaşmalar “şübhəli oyunlar” siyahısındadı.
Həyatında ən azı bir dəfə futbol oyunlarına pul yatıran şəxslər yaxşı bilir ki, ən böyük əmsal hissə və ümumi oyuna görə verilir. Bizə çatan məlumata görə, 13-cü turun “Ağsu” – “Turan Tovuz” matçı da məhz bu ssenari üzrə keçirlib. İlk 45 dəqiqədə qonalar qalib gəlsə də, 90 dəqiqə meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Yəni mərc oyunlarının həvəskarlarının dili ilə desək, qarşılaşmanı “fırladıblar”. Və yaxud 5-ci tura təsdüf edən MOİK-lə matçı göstərmək olar. Hesab 2:1 “hərbçilər”in xeyrinə olarkən qonaqlar penalti vurmaq hüquq qazanıb. “Nöqtə”yə yaxınlaşan Əziz Hüseynov bu şansdan yararlanmayıb. İlk baxışdan bunda qeyri-adi heç nə yoxdu. Hətta dünya səviyyəli ulduzlar belə bəzən şanssızlıqla üzləşirlər. Ancaq matçı izləyənlərin sözlərinə görə, Əziz bilərəkdən topu kənara vurub. Və bunun da nəticəsi kimi ertəsi klub rəhbərliyi futbolçunu komandadan qovub. Tovuzluların iştirakı ilə daha bir “fırladılan” oyun 8-ci turda keçirilib. “Doğma divarlar” arasında “Qaradağ” Lökbatan”la qarşılaşan komanda ilk hissədə meydanı başıaşağ tərk edir, fasilədən sonra isə hesab bərabərləşir və oyun elə bu hesabla yekunlaşır. Əsgər bəyin yetirmələrinin “Xəzər”lə qarşılaşması da müəyyən şübhələrə yol açıb. Divizionun debütantı ilə görüşdə qərblilər qapısında 4 qol görüb ki, bu da gözlənilməz olub.
Aşağı dəstənin”qəhrəmanlarından” biri də “Mil-Muğan”dı. İmişli təmsilçisi barədə də əfsanələr dolaşır. Onların xüsusilə 7-ci turda “Binə”yə 2:7 hesabı ilə uduzması müəyyən dairələrdə şübhə doğurub.
Aşağı dəstənin debütantı “Sabah”la bağlı da UEFA-dan siqnal gəldiyi bildirilir. “Tələbələr”in də bir neçə qarşılaşması “şübhəli oyunlar” siyahısındadı. Əsasən də 6-cı turda Tovuzda baş tutan oyun və 13-cü tura təsadüf edən “Şüvəlan”la matç. Tovuzdakı görüşdə qapısında 4 qol görən paytaxt təmsilçisi meydanı başıaşağı tərk etsə də, ikinci qarşılaşmada 3 xal qazanan tərəf olub. Ancaq hər iki matçda Arif Əsədovun “çərçivə”ni etibar etdiyi Tərlan Qasımzadə kobud, peşəkar qapıçıya yaraşmayan səhvlərlə yadda qalıb. Lənkəranlı qolkiper Tovuzda heç nədən meydanın mərkəzində topu rəqib futbolçuya “bağışlamış” və bunun da davamı kimi tovuzlular qol vurmuşdu. “Şüvəlan”la oyunun son dəqiqələrində isə Tərlan buraxdığı səhvlə hamını təəccübləndirmişdi. Qapıçı ehtiyac olmadığı halda meydanı tərk edən topu əli ilə götürüb “Şüvəlan”ın oyunçusunun qarşısına tullamaqla yadda qaldı ki, bu axmaq səhv qolla nəticələndi.
Ümumiyyətlə, bütün görülən tədbirlərə baxmayaraq, cari mövsümdə də aşağı dəstədə “çirkli oyunlar”ın getdiyi söylənilir. Ən qəribəsi də budu ki, demək olar, bütün komandaların adı bu neqativ əməllərdə hallanır. Ümid edirik ki, son vaxtlar bu işin üstünə ciddi düşən, futbolun adına ləkə gətirənləri cəzalandıran aidiyyatı qurumlar araşdırmaları davam etdirəcək, insanları “idmanın şahı”ndan diksindirənləri tapıb ictimaiyyətə tanıtdıracaqlar.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR