
Dekabrın 13-də Region Liqasının püşkü atılacaq
21 komanda təsdiqlənib, 6-sı gözləyir
Deyəsən, AFFA-nın baş katibi Elxan Məmmədovun yeni layihəsi olan Region Liqasının bəxti açılmaq üzrədi. İlkin variantda noyabrda başlamalı olan yeni liqada iştirakçı komandaların sayında yetərsəy olmadığından, futbol ictimaiyyəti arasında daha çox ikinci dəstə kimi qəbul olunan çempionat bu həftənin sonunda start götürməlidi. Əldə etdiymiz məlumata görə, birisigün, daha dəqiq desək, dekabrın 13-də Region Liqasının püşkatma mərasimi keçiriləcək.
Daha ətraflı və dolğun bilgi əldə etmək üçün yeni liqa ilə bağlı yaradılan işçi qrupun üzvü Vaqif Sadıqovla əlaqə saxladıq. Vaqif bəylə söhbətdə məlum oldu ki, Region Liqasının püşkatması premyer-liqa və birinci dəstədən fərqli, AFFA-da yox, bölgələrdə təşkil olunacaq: “Ötən həftənin son iş gününə kimi 21 komanda Region Liqasında iştirak edəcəyini təsdiqləmişdi. Onlar tələb olunan bütün şərtləri yerinə yetirərək, sənədləri təqdim ediblər. 6 komanda isə sənədlərini təqdim etsə də, onların taleyinə hələ aydınlıq gəlməyib. Fikrimcə, əvvəlcədən proqnozlaşdırılan kimi minimum 3 zona üzrə 24 komanda yeni liqada çıxış edəcək. Ancaq onların sayının daha çox olacağı da istisna deyil. Bu gün və ya sabah iştirakçı komandaların sayını daha dəqiq söyləyə bilərik. Dekabrın 13-də yeni liqanın püşkatması olacaq. Mərasim zonalara uyğun olaraq 3 şəhərdə keçiriləcək. Bakı və Şimal zonasını təmsil edənlər Sumqayıtda, Cənub və Mərkəzi Aran komandaları Sabirabadda, Qərb və Şimal-Qərb klubları isə Oğuzda bir araya gəlib təqvimi müəyyənləşdirəcəklər. Onu da bildirim ki, Məşqçilər Komitəsinin üzvləri Ağasəlim Mircavadovla Böyükağa Hacıyev Sumqayıtdakı, mən və Şakir Qəribov Sabirabaddakı, İsgəndər Cavadovla Yusf Vəliyev isə Oğuzdakı püşkatmada iştirak edəcək”.
RƏŞAD