Sizin reklam burada

Ölkə çempionu ilk dövrənin lideridi

Baxış Sayı:515

Ölkə çempionu ilk dövrənin lideridi
Şənbə günü basketbol üzrə ölkə çempionatında ilk dövrəyə yekun vuruldu. Beşinci turun ilk oyununda ADNSU çətinlik çəkmədən “Alov”a qalib gəldi – 78:50. Texniki Universitetin idman zalındakı növbəti iki görüşdə isə gərgin mübarizə getdi. Ötən tur ölkə çempionunu məğlub edərək sürprizə imza atan “Səksənlər” bu dəfə U-16-nı üstələməyi bacardı – 76:73. Sözsüz, əsas diqqətlər turun mərkəzi qarşılaşmasına yönəlmişdi. NTD iki il əvvəl finalda uduzduğu AzTOP-dan qisasını almaq əzmindəydi. Hərçənd görüşün əvvəllərində təcrübəli basketbolçulardan qurulmuş komanda təşəbbüs sahibi idi. İlk yarının sonunda Tahir Baxşıyevin yetirmələri fərqi minimuma endirməyi bacardı – 41:42. İkinci hissədə isə daha sürətli NTD qələbə arzusuna çatdı. Ölkə çempionunun bəstəboy basketbolçuları yetərincə texnikalı idi. Bu mənada Polad Həsənov daha çox fərqlənirdi. Sözsüz, Zaur Paşayev də təcrübəsi ilə NTD-yə çox şey qatıb. AzTOP-un əleyhinə işləyən məqamlardan biri cərimə limitini dolduran Anar Sarıyevin kənarda qalması oldu. Belədə yük Fuad Niftəliyevin üzərinə düşürdü. Düzdü, Rüstəm Əliyev də fəallığı və məhsuldarlığıyla seçilirdi. Ancaq Niftəliyev komanda yoldaşının çıxışından narazı idi. Hətta son dəqiqələrdə ona “oynamaq istəmirsənsə, çıx” söylədi. Yekunda NTD 73:66 hesablı qələbə fonunda ilk dövrəni lider tamamladı.
1. NTD 5 4 1 9
2. AzTOP 5 4 1 9
3. ADNSU 5 3 2 8
4. Səksənlər 5 3 2 8
5. U-16 5 1 4 6
6. Alov 5 0 5 5
Reaksiyalar
Tahir Baxşıyev: “Oyun maraqlı keçdi. Əvvəl AzTOP-un üstünlüyü var idi. Sonra sürət hesabına qələbə qazandıq. Ucaboy oyunçularımız zədəli olduğundan bu görüşdə bizə kömək edə bilmədi. Qışda elə burda hazırlaşacağıq. İkinci dövrənin fevralda başlayacağı gözlənilir”.
Fuad Niftəliyev: “Bizdə veteran basketbolçular cəmləşib. Onların da hamısının başqa işi var. Həftədə cəmi bir dəfə məşq edirik. Bu da bəs eləmir. Müdafiədə çox zəif çıxış etdik. Hücumda da özünəinam çatışmırdı. Yorğunluq da sözünü dedi. Bizdə heç kim klubdan maaş almır. Mən Xətai rayonunda məşqçi işləyirəm. Eyni zamanda krossfitlə məşğulam. Bu, müxtəlif idman növlərinin birləşməsidi. Rüstəmlə hələ “Qala”da birgə oynamışıq. Ondan gözləntim çoxdu. Ona görə Əliyevi tənqid edirdim”.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR