Sizin reklam burada

Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi

Baxış Sayı:640

Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi
Asif Məmmədov: “Məsələnin birdəfəlik həlli üçün əlimizdən gələni edəcəyik”
Dekabrın 8-də “AAAF Park” Yaşayış Kompleksinin konfrans salonunda Ağır Atletika Federasiyasının (AAAF) rəhbər və məşqçilər heyətinin iclası keçirilib. İclasda AAAF-ın vitse-prezidentləri Tofiq Heydərov və Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov, həmçinin yığmaların məşqçiləri və son ölkə kubokunda fərqlənən idmançılar iştirak edib. Əsas məqsəd son bir ildə görülən işlərə qiymət verilməsi, yeni məşqçi heyətinin təyini və növbəti təlim-məşq toplanışları üçün idmançıların müəyyən edilməsi olub. İclasda Tofiq Heydərov çıxış edib. O, bu günə qədər tutduğu ağır atletika üzrə yığmaların baş məşqçisi postundan istefa verdiyini açıqlayıb. Qurum rəsmisi bunu şəxsi işlərinin çoxluğu səbəbindən etdiyini, eyni zamanda, gənc mütəxəssislərə şans vermək istəyi ilə bu addımı atdığını, vitse-prezident vəzifəsində qalacağını bildirib. AAAF-ın prezidenti Cahangir Əsgərovun qəbul etdiyi qərar da açıqlanıb. O, Heydərovun istefa ərizəsini qəbul edib və onun yerinə Asif Məmmədovun təyin olunması haqda sərəncam verib. Yeni məşqçiyə işində uğurlar arzulanıb, federasiyanın güvən və inamı qeyd olunub. Məmmədova yeniyetmələr, gənclər, kişilər və qadınlardan ibarət yığmalarda kömək edəcək böyük məşqçilərin adları haqda tezliklə ictimaiyyətə məlumat veriləcək.
Yeni baş məşqçi təyinatı ilə bağlı fikirlərini federasiyanın rəsmi saytına bölüşüb: “Düzü, bu təyinat mənim üçün çox gözlənilməz oldu. Bu həm sevindirici, həm qürurvericidi, həm də böyük məsuliyyət deməkdi. Federasiya rəhbərliyi bu qərarla mənə böyük etimad göstərdi. Buna görə dərin minnətdarlığımı, böyük təşəkkürümü bildirirəm. O ki qaldı planlarımıza, biz hər şeyə demək olar ki, yenidən başlayırıq. Görəcəyimiz çox iş var, buna hazır olmalıyıq. Bilirsiz ki, ağır atletikada dopinq problemi var. Əminik ki, bu çətinliyin öhdəsindən gəlmək üçün çox çalışmalı, dayanmadan işləməliyik. Federasiya olaraq dopinqə qarşı ciddi mübarizə aparırıq. Biz də məşqçilər heyəti olaraq bu prosesə dəstək verəcək, məsələnin birdəfəlik həlli üçün əlimizdən gələni edəcəyik. İşimiz çoxdu və elə bu gündən təlim-məşq toplanışına start verərək hazırlığımızı ən yüksək səviyyəyə çatdırmağa başlayacağıq”.
Mütəxəssis dekabrın 9-29-u tarixləri arasında “AAAF Park” Yaşayış Kompleksindəki mərkəzi bazada yığmaların növbəti təlim-məşq toplanışının keçiriləcəyini, bu prosesin gələn il fasiləsiz davam edəcəyini bildirib.
Qeyd edək ki, Asif Cahan oğlu Məmmədov 1980-ci il avqustun 9-da İsmayıllıda anadan olub. Ağır atletika üzrə məşqlərə İsmayıllı rayonu Uşaq-Gənclər İdman Məktəbində başlayıb. Qısa zamanda yeniyetmələr arasında ölkə çempionu olub. 1998-2002-ci illərdə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ağır atletika ixtisası üzrə təhsil alıb. 2008-də idmançı karyerasını başa vuraraq İsmayıllı UGİM-də məşqçilik fəaliyyətinə başlayıb. İki il sonra yeniyetmələrdən ibarət yığmada köməkçi-məşqçi postuna gətirilib. O vaxtdan bu günə kimi millilərimizdə fasiləsiz çalışıb. Yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi olub. Ötən ildən isə həmin komandada böyük məşqçisi kimi çalışırdı. Məhz onun rəhbərliyi altında müvafiq komandamız bu il Taylandda keçirilən dünya birinciliyində 9-cu yeri tutub və gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına bir lisenziya qazanıb. Bununla yanaşı, sentyabrda Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatında onun rəhbərlik etdiyi komanda 15 yaşlı yeniyetmə atletlərin mübarizəsində xal hesabında ikinci, medal sayına görə isə 1-ci yeri tutub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR